Moskva Dövlət Universitetinin Bakı filialının bioloji, humanitar və ictimai elmlər şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Dürdanə Rəhimzadənin "Tehsil.biz"ə müsahibəsini təqdim edirik:
- Azərbaycanın həm dövlət, həm özəl ali təhsil müəssisələrində filologiya fakültəsi var. Hər il kifayət qədər tələbə bu ixtisasdan məzun olur. Nədənsə onların əksəriyyəti ya repetitor, müəllim və ya jurnalist olaraq çalışır. Gənclər niyə dilçiliklə məşğul olmaq istəmirlər?
- Çox yaxşı sualdır, köklü məsələyə dayanan sahələri əhatə edir. Bizim dövrümüzün reallığı bugünkü dönəmdən fərqlənirdi. Biz maddi gəlir, dolanışıq dərdi çəkmədən elmimizə, dilimizə və vətənə xidmət etməyə çalışırdıq. Dövlətin xidmətimizə uyğun maaş verəcəyinə də əmin idik. Müəllimin, alimin yüksək statusu vardı. Bu gün həmin status yoxdur, zəhmətə qiymət verilmir. Dilçiyə maddi təminat ayrılaraq müəyyən sahəsinin araşdırılması, ya lüğət tərtib edilməsi tapşırılsa, bu zaman alim bütün vaxtını bu işə sərf edər və ailənin dolanışığını düşünməz. Amma biz bunu görmürük.
İstedadlı dilçilərimiz az deyil, amma onların yaradıcı potensialı maddi təminat üçün sərf etməkdən başqa çarələri yoxdur. Halbuki bu potensial millətin dil baxımından savadlanmasına xidmət edə bilərdi. Fizika, riyaziyyat, kimya kimi beynəlxalq sahələrdən olan alimlər öz potensialını xaricdə gedib göstərə bilir. Amma dilçi yalnız öz ölkəsində işləyə bilər. Dövlət bunu nəzərə alaraq dilçilərin maddi təminatına diqqət yetirməlidir. Bu reallığı görən gənclər dilçiliklə məşğul olmaq istəmirlər. Biz də onları qınaya bilmərik. Bəzən başqa sahəyə qəbul ola bilməyən birisi filologiyaya gəlir, öz istəyi ilə oxumur. Bu da artıq başqa mövzudur.
- Müəllimlərin işə qəbulu imtahanında filoloqlara Hüseyn Cavidin “Ana” əsərində Qanpoladın geyindiyi köynəyin materialı ilə bağlı sual verilmişdi. Bir filoloqun bu qədər xırdalığı bilməsi vacibdir?
- Bunu məntiqin tamamilə pozulması hesab edirəm. Yanaşmanın əsərin mahiyyətinə heç bir dəxli yoxdur. Ya sual tapa bilməyiblər, ya da işin başındakı mütəxəssis deyil.
- Son vaxtlar Azərbaycan dilinin həm orfoqrafiya, həm orfoepiya qaydalarında xeyli dəyişiklik olub. Məsələn, “mə:llim” kimi tələffüz edirdik, artıq müəllim kimi tələffüz etməliyik. Bu yeniliyə münasibətiniz necədir?
- Tamamilə haqlısınız. Əsaslı şəkildə ziddir. Dilimiz digər türk dilləri kimi iltisaqi dildir, yəni eynicinsli səslər yanaşı işlənmir. Saitdən sonra samit, samitdən sonra sait gəlməlidir. Bir neçə saitin və ya samitin yanaşı gəlməsi türk dilləri üçün xarakterik deyil.
- Azərbaycan dilinə “süranə”, “geyçim” kimi yeni sözlər daxil oldu. Bu tip sözlərə münasibətiniz necədir?
- Münasibətim yaxşı deyil. Biz yeni sözlər tapmağa gecikirik. Dil alınma sözü qəbul edəndən sonra biz ona qarşılıq axtarmağa başlayırıq. “Broşka”, “haylayter” kimi sözlərin qarşılığı dilimizdə yoxdur. Kalka üsulu ilə dilə yeni söz salınmasının əleyhinəyəm. Svetaforu böyük bir uğur kimi bizə işıqfor kimi təqdim etdilər. Heç kim işıqfor demir və deməyəcək. Çünki rus dilindən olduğu kimi kalka üsulu ilə tərcümə ediblər. Yeni söz dilə yatımlı olmalıdır. Məsələn türklər “yol işığı” deyirlər. Dilimizə daxil olan sözlərin illik hesabatı çıxmalı, lüğət 5 ildən bir yenilənməlidir. Qazaxıstanda çox yaxşı lüğətlər hazırlanır. Elə bilirdik, qazaxın dili artıq ruslaşıb. Qısa müddətdə dilə böyük status verdilər.
- Dilimizdə elə sözlər var ki, onların qarşılığı olsa da, insanlar alınma sözə üstünlük verirlər. Məsələn əksəriyyət soyuducu yox, “xaladenik” deyir. Nədən alınma söz qarşılığını üstələyir?
- Soyuducu sözü ona görə istifadə olunmur ki, bu rus dilindən olduğu kimi kalka üsulu ilə tərcümə olunub. Kalka üsulu ilə dilə yeni söz salınmasının əleyhinəyəm. Yeni söz dilə yatımlı olmalıdır.
- Azərbaycan dilində özləşmə prosesinin dilimizin öz imkanları hesabına getməsinin tərəfdarısınız ya eyni dil ailəsindən olan türk dilindən yeni sözlər götürməyin?
- Dilimizin öz imkanı az deyil. Söz yaradıcılığı sözə şəkilçi artırmaqla ola bilər. Bizə qədər özləşmə prosesi olub. Atatürk Türk Dil Qurumunu yaradarkən ilk tapşırığı bu olub ki, dil fars və ərəb sözlərindən təmizlənsin. Bu prosesin doğru olub-olmaması mübahisəlidir. Kənar müdaxilə ilə alınma sözlərin aradan qaldırılması hər zaman müsbət nəticə verməyə bilər. Bəzi dilçilər hesab edirlər ki, dil canlı varlıqdır və alınmaları saxlayıb-saxlamamağı dil özü qərar verə bilir. Türk dilində özləşmə prosesi gedəndə onlar digər türk dillərində olan sözlərin siyahısını hazırlayıblar və fars-ərəb sözlərini onlarla əvəz ediblər. Bu dilə məcburi müdaxilə olub. Mən bunu çox da uğurlu hesab etmirəm. Klassik ədəbiyyat oxuyan yaşlı nəsil və yeni nəsil arasında uçurum yaradıb. Amma yeni sözlər zamanla yaranırsa, ilk növbədə öz dilimizin resursları, daha sonra dialektlər araşdırılmalıdır. Bir çox dialektimizdə qarşılıq tapmaq mümkündür.
Üçüncü isə digər türk dillərinə müraciət oluna bilər. Problem budur ki, türk dilindən sözlər bizə tənzimlənmədən keçir. Bunun da səbəbi internet resurlarımızın çox kasad olmasıdır. Azərbaycan dilində mənbə tapa bilməyənlər rus və türk dilinə müraciət edirlər. Buna görə heç kimi qınamıram. Yeni gələn filmə gənclər baxmaq istəyirlər. Ya rus dilində olur, ya da türk dilində və rusca altyazılı. Gənclər yad dilə məruz qalmağa məcbur edilir. Əvvəl deyirdik, biz SSRİ-nin tərkibindəyik. Bəs indi problem nədir? Dilimizin imkanları kifayət qədər genişdir, amma bundan yararlana bilmirik.
-Azərbaycan dilində söz ehtiyatımızı artırmaq və müasir Azərbaycan dilini mənimsəmək üçün hansı yazıçıları və əsərləri məsləhət görürsünüz?
- Bu son dövrün ən çox qanı sızlayan aktual məsələsidir və çıxış yolu yoxdur. İzahlı lüğətlər adətən bədii ədəbiyyatdan nümunə gətirilərək həmin sözlərin dildə mövcudluğunu təsdiqləyən lüğətdir. Amma biz dilimizdə olan sözləri yazıçıların əsərlərində görmürük. Mən bu suala cavab verməkdə çətinlik çəkirəm. Bu lüğət tərtibatçılarının da çətinlik çəkdiyi mövzudur.
- Ümumilikdə hansı yazıçıların əsərləri Azərbaycan dilinin gözəlliyini özündə əks etdirir?
- Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Məmməd Araz, Sabir Əhmədov, Salam Qədirzadə, İsmayıl Şıxlı, Anar, Elçinin əsərlərini məsləhət görərdim. Salam Qədirzadənin üslubunu çox bəyənirəm.
Müsahibəni hazırladı: Şəbnəm Lətifi