2022-ci ilin 26 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə təşkilatçıllığı ilə mina təhlükəsizliyi barədə maarifləndirici tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə nazirliklərin məsul əməkdaşları, universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan MDU-nun rektoru Şahin Bayramov müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və yenilməz Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində əldə edilən tarixi Zəfərdən sonra “Böyük Qayıdış” məqsədilə işğaldan azad edilmiş doğma torpaqlarımızda görülən irimiqyaslı quruculuq və abadlıq işlərindən danışıb. Bununla əlaqədar olaraq, ərazilərdə minatəmizləmə əməliyyatlarının sürətlə həyata keçirildiyini qeyd edən rektor, xüsusilə Qarabağa çox sıx ziyarətlərin başlanıldığı hazırki şəraitdə insanlar arasında partlayıcı sursatlara qarşı maarifləndirmə işlərinin vacibliyindən söhbət açıb və tədbirin əhəmiyyətini vurğulayıb.
Müharibədən sonrakı dövrdə baş verən faciəvi hadisələrə diqqəti çəkən Təhsil Nazirliyinin məsul əməkdaşı Rövşən Ağayev təhsil müəssisələrində mina təhlükəsinə qarşı maarifləndirmə işlərinin aparılmasının aktuallığı, insanların bu istiqamətdə məlumatlı olmasının əhəmiyyəti və təhlükə vəziyyətində atılmalı olan addımlar barədə danışıb.
Sonra, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Ələkbər Ələkbərov “Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin minatəmizləmə fəaliyyəti” mövzusunda təqdimatla çıxış edib. Minalanmış ərazilərdə təhlükəsiz hərəkət etmək qaydalarından bəhs edən Ə.Ələkbərov minaların növləri və formaları, onların ola biləcəyi yerlər, minaların gücü və insan sağlamlığına təsiri barədə məlumat verib və iştirakçıların suallarını cavablandırıb.
Qeyd edək ki, tədbir Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr” haqqında təlimata əsasən təşkil edilib. Əsas məqsəd gəncləri mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə barədə məlumatlandırmaq, rəsmi və qeyri-rəsmi xəbərdaredici mina nişanları, təhlükəli ərazinin olduğunu bildirən əlamətlər, bələd olunmayan yerlərdə xüsusi davranış və minalardan qorunma qaydalarına əməl etmək, mina ilə bağlı bədbəxt hadisələrin qarşısının alınması üçün bilik və vərdişləri aşılamaqdan ibarətdir.