Mayın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında Şuşa şəhərinin yaranmasının 270 illiyinə həsr olunmuş “Şuşa Azərbaycanın döyünən ürəyidir” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2022-ci təqvim ilini “Şuşa ili” elan etməsi ilə bağlı verdiyi sərəncamın icrası istiqamətində ADPU-nun Ağcabədi filialında tədbirlər planı işlənib hazırlanıb. "Şuşa Azərbaycanın döyünən ürəyidir” adlı tədbir də həmin tədbirlər planının bir hissəsini təşkil edir.
Tehsil.biz xəbər verir ki, tədbirdə filialın şəhid məzunu Ağaqardaş İlham oğlu Abbasovun anası Dilbər xanım Abbasova, əmisi Teymur Abbasov, şəhid övladı, filialın Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə II tədris ili tələbəsi Nərmin Əvdil qızı Quluzadə, şəhid Əlfi Məmmədovun atası, kənd ağsaqqalı, həkim Məhəmməd Məmmədov, şəhid Mirağa Əliyevin yaxınları, şəhid Mobil Həsənovun qardaşı, Vətən Müharibəsi iştirakçısı Vasif Həsənov, Vətən Müharibəsi qazilərindən Asif Nağıyev, Samir Məmmədov, Şahin Abışlı, Zülfi Baxışov, İsa Məmmədov və Y.Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzinin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” media mükafatı laureatı, “Ələk” ədəbi məclisinin aparıcısı şair-qəzəlxan Gündüz Sevidik fəxri qonaq qismində iştirak ediblər.
Tədbirdə həmçinin filialın pedaqoji kollektivi, tələbələr və media nümayəndələri də iştirak ediblər.
Tədbirə başlamazdan öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından, qanından keçmiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükütla yad edildi. Dövlət Himni səsləndirilib.
“Bayatı-Şiraz”ın sədaları altında başlanan tədbir Azərbaycanın dilbər guşəsi Qarabağın, onun zümrüd qaşı olan Şuşanın al-əlvan təbiətinin tərənnümü, görkəmli sənət xadimləri, şeir-sənət xiridarlarının yazdığı bir-birindən gözəl sənət əsərlərinin təqdimatı ilə davam edib.
Şuşanın tarixi mədəniyyət abidələri, milli musiqisi, memarlıq abidələri, görkəmli incəsənət adamlarının Azərbaycan mədəniyyəti və incəsənəti sahəsindəki xidmətlərindən danışılıb.
Tədbirin ruhuna uyğun olaraq səsləndirilən şeir və mahnılarda xalqımızın Zəfər təntənəsi, düşmən üzərində tarixi qələbə, bu qələbənin qazanılmasında xüsusi xidmətləri olan Ali Baş Komandanımız İlham Əliyev, onun yenilməz ordusu və xalqımızın xilaskarı, Ulu Öndərimiz Heydər Əliyevə ümumxalq məhəbbəti ifadə olunub.
Filialın Pedaqoji fakültəsinin tələbələrinin ifasında səslənən “Salam Şuşam”, “Bizi Vətən çağırır”, “Bu gecə yuxuma girmişdi Şuşa”, “Dədə Heydər”, “Bu zəfərin mübarəkdir, ey Vətən!” kimi şeirlər və qəhrəmanlıq motivli müsiqilər tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb.
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə I tədris ili tələbələrinin təqdim etdiyi “Şəhid nişanlısının çin olan yuxusu” adlı səhnəcik hər kəsi təsirləndirib.
İncəsənətimizin qızıl fonduna daxil olan, səs ustadı, görkəmli sənət xadimi Xan Şuşinskinin, Seyid Şuşinskinin ifalarından səsləndirilən parçalar Qarabağın bəxtəvər günlərini xatırlatmaqla, şuşalı sakinlərə duyğulu anlar yaşadıb.
Tədbir əsnasında müstəqilliyimizin rəmzi olan üçrəngli Azərbaycan bayrağına həsr olunmuş kompozisiya nümayiş etdirilib.
Tədbirin sonunda Ali baş Komandan Cənab İlham Əliyevin 8 noyabr 2020-ci il tarixində Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciəti zamanı söylədiyi "ƏZİZ ŞUŞA, SƏN AZADSAN, ƏZİZ ŞUŞA, BİZ QAYITMIŞIQ! ƏZİZ ŞUŞA, BİZ SƏNİ DİRÇƏLDƏCƏYİK!” – deyə səsləndirdiyi möhtəşəm müraciət videoçarxı nümayiş etdirilib.
Tədbirdən sonra qonaqlarla çay süfrəsində gğrüşən filialın direktoru, dosent Mobil Məcidov şəhid ailələri və qaziləri bir daha ürəkdən salamlayaraq dəvəti qəbul edib gəldikləri üçün minnətdarlığını bildirdi. Müqəddəs bir amal uğrunda şəhid olan qardaş-bacılarımıza Allahdan rəhmət diləyib.
Sonra filialın məzunu – şəhid Ağaqardaş Abbasovun anası Dilbər xanıma övladının əziz xatirəsi hörmətlə anılmış Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaradılmasının 100 illiyi münasibətilə çap olunan “Pedaqoji Universitetin qəhrəmanları” adlı nəfis tərtibatlı kitabı təqdim edib.