Logo

"İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Nobel Sülh Mükafatına ən layiqli namizədlər idi"

04.06.2022 15:43 546 baxış
IMG

Tehsil.biz "publika.az"a istinadən Milli Məclisin deputatı Etibar Əliyevin müsahibəsini təqdim edir:

- Etibar bəy, 2022-ci il üzrə Azərbaycandan 3 nəfər tanınmış azərbaycanlı Nobel Mükafatına namizəd göstərilib. Hər üç şəxsin namizədliyini necə qiymətləndirirsiniz? 

- Bilirsiniz, Nobel Mükafatına namizədliyin irəli sürülməsi proseduru çox mürəkkəbdir. Bunlar çox ciddi məsələlərdir. Kimsə yerindən durub deyirsə ki, filankəsin “Nobel”ə namizədliyini irəli sürürəm, deməli, həmin adam Nobel Mükafatına namizədliyin irəli sürülməsi ilə bağlı prosedurları bilmir. Nobel Mükafatına namizədliyi irəli sürmək üçün fizika, kimya, tibb sahələrində konkret kəşflər olmalıdır. Yəni həmin kəşfin tətbiqi həyata keçirilməlidir. 

- Necə olur ki, Türkiyədən Əziz Sancar bu mükafatı ala bilir, amma bizimkilər yox. Fərq nədədir? 

- Nobel Mükafatı laureatı Əziz Sancar artıq bir neçə dəfədir ki, Bakıya gəlir. Biz onun bioqrafiyasını öyrənirik. Bu şəxs 45 ildən artıq bir müddətdə laboratoriyada təcrübələr aparıb. Əziz Sancar DNT-ni 45 il öyrənib, bundan sonra “Nobel”ə layiq görülüb. Nobel Mükafatı almaq elə də sadə məsələ deyil. Ötən əsrin 90-cı illərindən mən bu mükafatı öyrənirəm. Tövsiyyə edirəm ki, bu məsələlərə ciddi şəkildə yanaşsınlar. Elm sahələrində seçim o qədər dəqiq və ciddidir ki, bir çox hallarda elm sahələrində Nobel Mükafatını 2-3 nəfərə verirlər. Onlar ayrı-ayrı tədqiqatlar aparırlar. Məsələn, bizim Əziz Sancar amerikalı Paul Modriç və isveçli Tomas Lindalla birlikdə bu mükafata layiq görülmüşdülər. Şübhəsiz ki, onların ortaya qoyduğu təcrübələr, tədqiqat işləri nəticə verdiyinə görə hər üç şəxsə Nobel Mükafatı verdilər. Bilirsiniz, burada kimsə bir məqaləsini önə çəkir, biz də qurumu qınayırıq ki, buna niyə “Nobel” verilmir. 

- Bəs indiyə qədər azərbaycanlılardan kimsə “Nobel”ə kimsə layiq görülübmü?

- Azərbaycandan Bəxtiyar Siracovun adı Məhəmməd əl-Baradeyinin rəhbərlik etdiyi Beynəlxalq Atom Enerji Agentliyinin üzvü kimi Nobel Mükafatçıları siyahısında var. 2005-ci ildə Baradeyi Nobel Sülh Mükafatını alanda həmin siyahıda Bəxtiyar Siracovun da adı getmişdi. Bu faktı çox adam bilmir. Çünki biz bu məsələni qabartmırıq. O kişinin haqqı var, böyük alimdir. Uzun illər Vyanada nüvə tədqiqatları ilə məşğul olub. Sevindirici haldır ki, onun adı “Nobel” alanlar siyahısında gedir. Düşünürəm ki, yerdə qalan nüanslar qeyri-ciddi məsələlərdir. Əziz Sancarın timsalında deyə bilərik ki, “Nobel” ələ salınası mükafat deyil. 

- İndiyə qədər bizdən kiminsə “Nobel” almasına hansı faktorlar mane olub? Nə çatışmır?

- Bilirsiniz, ilk növbədə burada elmi məktəblər olmalıdır. Burada ciddi tədqiqat işləri aparılmalıdır. Çox maraqlı bir fakt demək istəyirəm, üç müsəlman alimi Əbdussalam, Əhməd Zeval və Əziz Sancar... Onların üçü də Amerikadakı tədqiqat mərkəzlərində çalışıb. Əbdussalam Kembricdə çalışarkən “Nobel” alıb. Yəni bunların heç biri öz ölkələrində çalışaraq Nobel Mükafatına layiq görülməyib. Biz Türkiyədə universitetlərin inkişafını görürük. Türkiyənin ali təhsil ocaqları arasında artıq tədqiqat universisteləri olanlar var. Amma orada çalışaraq “Nobel” almaq mümkün deyil. Bizdə də böyük məktəblər, böyük alimlərin irsi olmalıdır. Amerika alimləri bu mükafata elə-belə layiq görülmürlər. Onların böyük araşdırma mərkəzləri var. Böyük işlər görülür, nəticələr təhlil olunur. Ona görə də düşünürəm ki, bizdə elm sahələrində bu yoxdur. Elm sahələrində “Nobel” almağımız çox çətindir. Qərblə aramızda çox ciddi texnoloji uçurum da var. Məhz bu səbəbdən də Nobel Mükafatı ilə bağlı danışmaq mənə ciddi təsir bağışlamır. Sizə bir şeyi deyim ki, Cənab Prezident İlham Əliyevlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Nobel Sülh Mükafatına ən layiqli namizədlər idi. Lakin bu mükafat verilmədi. Çünki yeganə sahədir ki, orada narazılıqlar çox olur. Amma dəqiq və dürüst olsaydılar, bölgədə sülhün bərqərar olunmasına görə İlham Əliyevlə Ərdoğana Nobel Mükafatı düşürdü. Amma Şeyxin sülh sahəsində hansı iş gördüyünü deyə bilmərəm.

Xəbər lenti