Logo

İbtidai siniflərdən rus dilini yığışdırmaq QƏRARI – Təhsil Nazirliyindən RƏSMİ

17.08.2022 22:53 732 baxış
IMG

Qazaxıstan orta məktəblərin ilk pilləsində rus dilində təhsili ləğv etdi. Azərbaycanda bu məsələnin müzakirəsi çoxdan gündəmdədir.

Fikirlər isə birmənalı deyil. Kimisi ibtidai təhsilin yalnız ana dilində olmasınn tərəfdarıdır, kimisi isə rus dilində təhsilə üstünlük verir.

Təhsil eksperti Elşən Qafarov deyir ki, Qazaxıstanda rus dili dövlət dili kimi istifadə olunurdu və son illər onlar rus dilindın imtina etməyə başlayıb:

“Bizdə 4432 məktəbin 345-də rus bölməsi var. Düşünürəm ki, bizdə övladlarını rus bölməsinə qoyan valideyinlər onların xarici dildə sərbəst ünsiyyəti üçün bu addımı atır. Tədrisin vəziyyəti hər iki bölmədə eynidir. İlk növbədə xarici dilin tədrisinə önəm verilməlidir. Rus bölməsi ilə yanaşı ingilis dili bölməsinin də açılması rus bölməsinə axının qarşısını alardı. Ümumilikdə isə, tədrisin yaxşılaşdırılması üçün müəyyən addımlar atılarsa, digər dillərdə tədrisə meylin qarşısı alınar”.

Ekspert onu da bildirdi ki, təhsil qanununun 19-cu maddəsində açıq şəkildə göstərir ki, tam orta təhsil səviyyəsini bitirən məzunlar bir və ya bir neçə xarici dildə ünsiyyəti bacarmalıdırlar:

“Ölkədə təqribən 30 min xarici dil tədris edən müəllim var, onların çox cüzi bir hissəsi tədris etdiyi dildə ünsiyyət etməyi bacarır. Bu çox ciddi amildir və xarici dillərin tədrisinə diqqət verilməlidir. Hazırki vəziyyətdə rus bölmələrinin bağlanmasını məqbul saymıram”.

Elçin Şıxlının fikrincə xarici dil öyrənmək üçün o dildə təhsil almağa ehtiyac yoxdur:

“Rus dili bölmələrini bağlamaq olmaz, çünki rusdilli əhalimiz var. Etniklər bu dildə təhsil alır, onda gərək onların hüququnu təmin etmək üçün konstitusiyanı dəyişək. Bütün bunlarla bərabər, onu da deyim ki, valideyinlər öz övladlarını bilmədən savadsızlığa sürükləyirlər. 7- ci sinifdən sonra rus dilini bilən ixtisas müəllimi yoxdur, rus dilində təhsil alan uşaq ola bilər dili biləcək, amma savadsız olacaq”.

Elçin Şıxlı onu da vurğuladı ki, o məktəbdə “Dədə Qorqud” dastanını keçəndə eyni sinifdə rus bölməsində oxuyan uşaqlar “İqor polku haqqında dastan”ı öyrənirdilər:

“İstəmirən bizim uşaqlar Dədə Qorqudu, Koroğlunu deyil, hansısa İqoru öyrənsinlər. Həm də uydurulmuş bir qəhrəmanı”.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin də münasibətini aldıq. Nazirliyin rəsmisi bildirdi ki, bu məsələ dövlət səviyyəsində gündəmdə deyil:

“Azərbaycanda dövlət ümumtəhsil məktəblərində üç dildə təhsil var - Azərbaycan, rus və gürcü dillərində. Söhbət dövlət məktəblərindən gedir, özəl məktəblərdə başqa dillərdə də təhsil var. İndiki halda belə də davam edir”.

Xəbər lenti