"Dövlət məktəbəqədər təhsil müəssisələri yerli icra hakimiyyətlərinin tabeçiliyindən alınıb Elm və Təhsil Nazirliyinin tabeçiliyinə keçən qısa müddət ərzində orada kütləvi monitorinqlər aparıldı. Nəticədə bağça müdirlərindən 100 nəfəri işdən çıxarıldı və ondan dəfələrlə çox müdir digər intizam tənbehlərinə məruz qaldı".
Tehsil.biz xəbər verir ki, bunları təhsil eksperti Kamran Əsədov bildirib.
O qeyd edib ki, lakin Elm və Təhsil Nazirliyi apardığı islahatlarda heç kimi işdən çıxartmaq məqsədlərinin olmamasını elan edir: "İllərdir, yerli icra hakimiyyətləri tərəfindən qanunsuz fəaliyyətlərə cəlb edilən və ən yaxşı halda 300 manat civarında maaş alan bağça müdirlərinə bu cür geniş və sərt cəza verilməsinin məqsədi nə olar? Sayları uşaq bağçalarından 3 dəfə çox olan orta məktəblərdə niyə bu cür kütləvi monitorinqlər aparılmır? Niyə bağça müdirlərindən azı 3 dəfə çox maaş alan məktəb direktorlarından, eyni zamanda bu qədər insan intizam tənbehlərinə məruz qalmır? Məktəblərdə umac ovub bitirdiniz ki, artıq bağçalarda əriştə kəsməyə başladınız? İşdən çıxartdığınız məktəb direktorlarının yerinə illərdir, kadr tapa bilmirsinizsə, bəs niyə uşaq bağçalarını kütləvi sürətdə rəhbərlərsiz qoyursuz?"
Kamran Əsədov hesab edir ki, Elm və Təhsil Nazirliyi yenicə tabeçiliyə keçmiş, maaşları cüzi olan və onun artırılması perspektivdə olmayan uşaq bağçalarının rəhbərliklərinə yeni qaydalarla işləməyə şans verməlidir: "Məktəbdəki xadimə qədər maaş alan uşaq bağçası müdirlərinə qarşı bu radikal addımlar doğru deyil. Xüsusilə Regional Təhsil İdarələrinin ümumtəhsil sahəsində naşı rəhbərliklərinin, məktəbəqədər təhsil kimi həssas sahədəki bilgisizlikləri ölkənin genefonduna ağır zərbə vura bilər. Regionlardan gələn şikayətlərdən məlum olur ki, yeni yaradılan bu idarələrdə məktəbəqədər təhsil müəssisələrinə cavabdeh şəxslər bu sahəyə yad insanlardır və hətta bəzi hallarda bu idarələrdə uşaq bağçalarının idarə edilməsinə heç bir xüsusi kadr təyin edilməyib. Bütün bunlar azmış kimi onlar hələ də yerli icra hakimiyyətləri və regional təhsil idarəetmə orqanları arasında sahibsiz qalmaqda davam edirlər".