Logo

“Bu sahədə maraq istedaddan öndə gəlir” - PEŞƏKAR

20.11.2022 22:39 465 baxış
IMG

Texnoloji peşələr günümüzün ən perspektivli sahələri hesab olunur. Çünki bu sahədə həddindən artıq imkanlar var. Bu səbəbdən valideynlər artıq uşaqlarında lap kiçik yaşlarından texnoloji sahəyə maraq yaratmağa, onları bu sahəyə yönəltməyə çalışırlar. Bunun üçün müraciət etdikləri istiqamətlərdən biri də robotexnika kurslarıdır. Son illər bu istiqamətdə kursların sayının artması da marağın hansı səviyyədə olmasını göstərir.

Mövzu ilə bağlı robot texnologiyaları üzrə mütəxəssis İlyas Kərimov “Kaspi” qəzetinə müsahibə verib.

- İlyas müəllim, robotexnika kursuna getmiş və getməmiş uşaqların texnoloji sahədə gələcəyini müqayisə edərək başlayaq. Bu sahədə ali təhsilə başladıqları dövrdə aralarında hansı fərq olur?

- Ali məktəbdə proqramlaşdırma üzrə təhsilə başlayanda ilk olaraq mətn proqramlaşdırma öyrədilir. Mətn proqramlaşdırmaya giriş isə blok proqramlaşdırma ilə başlanır. Şagirdlər robotexnika dərslərində blok proqramlaşdırmanı öyrənirlər. Dərsdə yaratdıqları robotları kodlaşdırırlar. Əl motorikası inkişaf edir. Yəni ali məktəbə daxil olduqda proqramlaşdırmaya, robot texnologiyalarına giriş bazası olur. Bundan əlavə, komanda ilə iş, ünsiyyət və s. kimi bacarıqlara sahib olurlar, dostlar qazanırlar. Robotexnika kursuna gedənlər universitetə 1:0 öndə başlayırlar.

Elə sahələr var ki, uşaqları yönəltmək üçün onlarda o istiqamətdə istedadı görməlisən. Robotexnika da bu tipli sahələrdəndir?

- İstedad məsələsini inkar etmirik. İstedad olanda kimsə digərindən daha tez qavraya, anlaya bilər. Amma bu sahədə maraq istedaddan öndə gəlir. Həvəs, maraq varsa, şagird bunu öyrənmək istəyəcək. Daha çox maraq göstərən daha öndə gedir. Bir də kreativlik bu işin başında durur. Uşaqda “Bildiklərimlə yeni nələr yarada bilərəm?” kimi düşüncə formalaşmalıdır. Bəzən şagird tamamilə yeni robot düzəldir. Öz düşüncəsinə görə iş ortaya qoyur. 6 yaşında uşaqda elə kreativ ideyalar olur ki!

- Bəzən valideyn düşünür ki, uşağının bu sahəyə marağı var, kursa yazdırır, amma bir müddət sonra məlum olur ki, elə deyilmiş.

- Bəzən valideyn deyir ki, uşaq evdə konstruktiv nələrsə etməyə çalışır. Nələrisə birləşdirib yeni nə isə əldə edir. Bundan ilhamlanaraq robotexnika kursuna gətirirlər. Amma valideynin müşahidələri doğru olmaya da bilir. Düşünür ki, övladının istedadı, marağı var, amma dərsdə görürük ki, elə deyil. Bəzən valideyn oğlunu gətirir. Deyir ki, qızın marağı yoxdur. Biz qızı da yoxlamağı təklif edirik. Məlum olur ki, qızın marağı oğlandan da çoxdur. Sadəcə olaraq valideyn onu görməyib.

- Bəs bu marağın olub-olmadığını necə müəyyənləşdirməli?

- Bəzən bunu çox sadə şəkildə görə bilərik, bəzən isə müxtəlif ipuclarına ehtiyac olur. Baxmaq lazımdır ki, mühəndisliyə marağı varmı? Bəlkə, sınıq stul var, onu düzəltməyə çalışır. Yaxud fərqli ideya ilə düzəldir. Ya da fərqli iki əşyanı birləşdirib nə isə əldə etməyə çalışır. Bir çox valideyn deyir ki, uşaq texnologiya ilə çox vaxt keçirir. Texnologiya ilə vaxtını necə keçirdiyinə baxsınlar. Baxdığı cizgi filmi uşaqların konstruktiv nələrsə düzəltməsi ilə bağlı ola bilər. Elə uşaq var ki, 8 yaşından maşın öyrənmə ilə bağlı videolara baxır.

- Dediniz stolun ayağı qırılanda uşaq onu düzəldirsə, mühəndislik bacarığı ola bilər. Amma çox vaxt düşünülür ki, mebel ustası olacaq. Valideyn necə bilsin ki, uşaq mebel işinə maraqlıdır, yoxsa mühəndislik tərəfə?

- Onu da yoxlamaqla bilmək lazımdır. Kursa gəlir, burda artıq bir ay ərzində bilinir ki, bu sahədə bacarığı var, yoxsa yox. Ümumiyyətlə, robotexnika dərslərində məqsəd uşaqların bu istiqamətdə bacarığının yoxlanmasıdır. Məktəbin əvvəlindən başa düşür ki, bu sahə ona uyğundur, yoxsa yox.

- Uşaqlardan çox valideynlər övladlarını robotexnikaya qoymaqda maraqlıdırlar.

- Robotexnika kurslarına qəbul 6 yaşdan başlayır. Elə yaş dövrüdür ki, uşaq valideyndən asılıdır. Haradasa 40 faiz şagird bu yaşlardan başlayır. Bu yaşlarda valideynin uşağının istedadını, marağını görüb gətirməsi halları da olur, amma daha çox, sadəcə, valideynlərin istiqamətlənməsi ilə gəlirlər. 35-40 faiz uşaq 11-14 yaşlardan başlayırlar. Bu yaşlarda gələnlərdə valideynlər hansısa marağı görüb gətirirlər. Qalanları da daha yuxarı yaşlardır. Yuxarı yaşlarda gələnləri valideynlər yönəltmir, öz maraqları olur, istəyirlər, gəlirlər. Hətta valideyn övladına görə Gəncədən Bakıya köçdü. Kursa gəldilər, övladlarının marağı olduğunu gördülər. Valideyn gördü ki, oğlunun və qızının marağı var, dedi ki, burda gələcəkləri var, Bakıya köçdülər. Ümumiyyətlə isə istedad, maraq tam olaraq dərsdə kəşf olunur.

- Erkən yaşlarda daha çox valideynlərin istiqamətlənməsi ilə gətirildiyini dediniz. Uşaqda maraq olmasa da, valideynin məcbur gətirməsi halları olurmu?

- Valideynlər uşaqlarının fərqli məşğuliyyətlərinin olmasını istəyirlər. Amma bu sahədə məcburiyyətlə davam etmək, nə isə öyrənmək olmaz. Ümumiyyətlə, gətirilən uşaqların maraq dairələrini, psixologiyalarını və s. yoxlayırıq. Bu yoxlamadan haradasa 60 faiz uşaq seçib kursa başlayırıq. Uşaq məcburiyyətlə gətirilirsə, özündə maraq yoxdursa, valideynə izah edirik ki, bu halda nəticə olmayacaq. Bir qisim valideyn var, övladını gətirir, amma deyir ki, mən səni bura gətirdim, gör sənə maraqlıdır? Yəni sonrasını uşağın marağına buraxır. Uşaq maraq göstərirsə, qalır, göstərmirsə, davam etmirlər.

- Bu sahəyə maraqlı uşaqların marağı dərsdə daha çox nədə hiss olunur?

- Dərsdən çıxmaq istəmirlər. 1,5-2 saat dərs olur. Amma 2 saatdan sonra da dərsdən çıxmaq istəmirlər. Maraqlı gəlir. Yaradıcılıqları, nələrsə etmək istəkləri və s. 

- Bəs riyazi bilik vacibdir?

- “Riyazi biliyiniz sıfırdırsa, gəlməyin” deyə bir şey yoxdur. Riyazi bilik vacibdir. Amma ilk vaxtlar olması o qədər də vacib deyil. Biz uşağı konsultasiya edəndə texniki psixologiyasını da yoxlayırıq. Misal həll etməyə həvəsi varmı? Yoxlayırıq, riyazi bilik zəifdirsə, bunu bildiririk. Deyirik ki, dərslərimizdə riyazi hissələr də olur. Ümumilikdə, bu sahədə irəliləmək üçün riyazi bilik lazımdır.

- Bir neçə il öncə kurslarda bir neçə dəfə dərsləri izləmək imkanım olub. Siniflərdə, demək olar ki, oğlanlar idi. İndi necədir vəziyyət?

- Valideynlərlə ünsiyyətdə aşılamağa çalışırıq ki, qızlarını gətirməkdən çəkinməsinlər. Hazırda qız övladlarını gətirənlər də çoxalıb. Məsələn, bir kamp keçirilir, bizim kursdan qatılan 7 iştirakçıdan 4-ü qızdır. Keçən dəfə qız sayı bir az aşağı idi. Nisbət dəyişə bilir, amma elə qrup yoxdur ki, orda ancaq oğlanlar olsun.

- Texnoloji sahəyə ancaq oğlanları yönəldənlər düşünürlər ki, bu sahədə onlar daha bacarıqlıdırlar.

- İdeya oğlana, yaxud qıza görə fərqlənmir. Amma müşahidələrimi deyim. Qızlarımız bəzən ailədə o qədər təzyiq altında olurlar ki, öz ideyalarını deməkdən çəkinirlər. İdeya var, amma onu deməkdən çəkinir. 6-7 yaşlı uşaqdır, bu problem, təbii ki, ailədən gəlmədir. Bunu aradan qaldırmağa çalışırıq.

- Dediniz ki, hətta 6 yaşlı uşaqların yaxşı ideyaları olur. Bəs onların reallaşması üçün imkanlar varmı?

- Bizdə elə bir institut yoxdur ki, şagirdlərə ideyalarını reallaşdırmaq cəhətdən köməklik edək. Şagirdin əlillər üçün ayaqqabı ilə bağlı yaradıcı ideyası var, onun reallaşması üçün motor lazımdır. İdeyasının reallaşdırıldığını görə bilmir. İdeyalarını reallaşdırmaq üçün maliyyə imkanı təminat edən qurum yoxdur. Buna ehtiyac var. 

- Robotexnika Azərbaycanda yeni məşhurlaşanda bu sahəyə sadəcə övladları üçün məşğuliyyət kimi baxan valideynlər də çox idi. İndi bəs?

- 2018-ci ildən bu sahənin içindəyəm. Bu sahə bizdə yeni-yeni aktuallaşırdı. İlk vaxtlar hobbiləri olsun deyə gətirirdilər, indi artıq gələcək üçün. Biz statistika çıxarmışdıq. Robotexnika kursumuza gələnlərin 70 faizi karyeralarını texnoloji sahədə davam etdirirlər. Ən çox kompüter elmlərinə və kompüter mühəndisliyinə maraq göstərirlər. 8-9-cu sinifdə baxıram ki şagirdlər layihələrlə, özünəməxsus fikirlərlə gəlirlər. Baxırsan ki, gələcəyi var. Məsələn, 8-ci sinif şagirdim var, öz startapını qurub, özünü təsisçi elan edib. Bu yaxınlarda veb saytlarını təqdim edəcəklər. Uşaqlar potensiallarını bu dərslərdə kəşf edə bilirlər. Əslində, bu dərslərdə məqsəd elə şagirdin texnoloji potensialının özlərinə göstərilməsidir. Onlara bildirilir ki, sənin filan bacarıqların var, bunları nəzərə alıb davam etməlisən. Bu kurslarda həm də şagirdlər necə inkişaf edə biləcəklərini müəyyənləşdirməlidirlər.

- Robotexnika sahəsində yarışlara qatılan şagirdlərlə söhbət edəndə deyirlər ki, özəl orta təhsil müəssisəsində oxuyurlar, orda çalışan müəllimləri yönəldib.

- Bu sahə bizdə yeni olduğu dönəmlərdə daha çox özəl məktəb müəllimləri şagirdləri yönəldirdilər. Amma son vaxtlar dövlət məktəblərində də belə hallar artıb. Ola bilər ki, valideyn uşaqdakı potensialı görmür, amma müəllim görürsə, yönəltmə edə bilər.

- Bəs robotexnika üzrə müəllim işləmək necədir?

- Hər kəsin bacaracağı iş deyil. Bu sahədə müəllim seçilərkən hər uşağa fərdi yanaşma qabiliyyətinin olması, onları dinləməsi, fikirlərini məhdudlaşdırmaması və s. kimi tərəflərinə fikir verilir. Dünən bir müəllimimiz deyir ki, 3 saatdır dərs keçirəm, çox yorğunam, amma xoşbəxtəm. Yorucudur, amma xoşdur.

Xəbər lenti