Kəndimizdə elə ailə yoxdur ki, onun bir neçə üzvü Rusiyada yaşamasın.
Kəndimizdə kompüter və printerə malik şəxslər mövcud deyildi. Məhz "Skype" proqramı ilə yaxınları ilə görüntülü və pulsuz danışmaq üçün notbuklara ehtiyac yarandı. Vəziyyət ona gətirdi ki, kəndimizdə notbuk və internetə malik olmayan cəmi bir neçə ailə qaldı və qısa müddətə əhalinin 90 faizi kompüterə malik oldu.
Artıq xeyli vaxtdır ki, smartfonlar və vatsap tətbiqi görüntülü zənglərə icazə verdiyi üçün həmin notbuklar tədricən istifadədən yığışdırılıb və sıradan çıxıb.
Şagirdlərlə apardığım sorğu nəticəsində məlum olmuşdur ki, hazırda onların 90 faizində hər hansı formada kompüter yoxdur. Printer isə demək olar ki, heç kəsdə yoxdur. Halbuki kompüterdən istifadə edilən dövrlərdə əvvəlki şagirdlər tətbiqi proqramlardan istifadə etməyi bacarırdılar.
Hazırda isə kompüter şagirdlər üçün sanki bir yenilikdir. Müəllimlər də Çin hökumətinin məktəbimizə hədiyyə etdiyi notbuklardan istifadə edirlər və onlarda da şəxsi kompüter və printer mövcud deyil. Lakin hamıda müasir və bahalı telefonlar mövcuddur.
Bütün bunlar onu göstərir ki, bizim insanlar üçün kompüter və internet bir texnologiya və platforma yox, məhz sosial şəbəkələrə: vatsap, yutub və instaqrama çıxmaq üçün bir əyləncə vasitəsidir. Bu amil olmazsa, nəinki adi adamlar, heç müəllimlər belə bu texnologiyalardan istifadə etməz, smartfonlar isə ancaq telefon və fotoaparatı əvəz edəcəkdi.
Bizim təhsilin də inkişafı məhz bu cür görüntü xarakteri daşıyır. Məktəblərə verilən kompüterlər, elektron lövhələr, printerlər məhz görüntü və hansısa kağızı sənəd naminə çap etdirmək üçün bir vasitədir.
Təsadüfi deyil ki, müəllimlərin sosial media üzərində nəinki bir neçə abzaslıq pedaqoji mövzudakı yazılarına, heç öz problemlərini ictimailəşdirməyə kifayət edən yazılı nitqləri belə müşahidə edilmir...
Rabil Abdinov