Təbəddülatlarla müşayiət olunan yaşadığımız çağdaş zaman kəsiyində, bəşəriyəti yaşadan humanizmin məhvə doğru yuvarlandığının, insanpərvərlik hissinin, amalının necə kasadlaşdığının təəssüflər olsun ki, şahidlərinə çevrilməkdəyik.
Bədxahların gətirdiyi acı yaşantılar içərisində baş açmaq, xalq şairi Rəsul Rza demiş: “Yaman çətindir yaşamaq kişi ömrünü”, qardaş!
İndiki vaxtda mənliyini, kimliyini mərifət sahibi olmaqla, şərəfini qoruyub saxlamaqla yaşamağı hər kişi bacarmır. Nə gözəl ki, cəmiyyət sadaladığım bu mənəvi dəyərləri özünün həyat tərzinə, yaşamına çevirən ünvanlardan da xali deyil.
Qloballaşan dünyanın fonunda xalqın sahib olduğu dəyərləri deqradasiyaya uğratmağa yönələn kosmopolit düşüncənin həyatımıza sirayət etdiyi bir dövrdə öz mənəviyyatı, şəxsiyyəti, qələmi ilə örnək olan, zamanın fövqündə durmağı bacaran Tapdıq Əlibəyli kimi ziyalılarımız vardır. Tapdıq Əlibəylinin təbirincə desək:
Qapıları açar-qıfıl görməyən
Bir el etməz əmənatə xəyanət.
Qonağına iti belə hürməyən
Kişilərin xislətində sədaqət.
Sadəliyi səmimiyyət batmanı,
Kədəri də, sevinci də bölüşər.
Halallıqdan yoğrulubdu imanı,
Bir-birinin köməyinə yetişər.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Konstitusiya” ictimai-siyasi, hüquq qəzetinin, “Heyrət” ədəbi-bədii, elmi-publisistik dərginin təsisçisi və baş redaktoru; “Haqqa dayaq doğulmuşuq”, “Torpağın səsi”, “Ovqatımın aynası”, “Yol gedənindir”, “İman qaynağı”, “Fəzilət yolu”, “Söz dərgahına merac”, “Nisgil odu”, “Zirvə işığında, dağlar qoynunda”, “Soyqırım Nahaq qan yerdə qalmaz”, “Zaman keçər, söz qalar”, “Zirvələr səhər nurunda”, “Könül ziyarəti”, “Poetik buta”, “Məslək”, “Ziyalı ömrü”, “Sözün dan yeri” və digər kitabların müəllifi, şair-publisist Tapdıq Əlibəylinin yaradıcılığının arxasında istedadın, zəhmət və iradənin, əmək və səyin durduğunu hər an görməkdəyəm.
Cahana sığmayan Tanrı bəndəsi
İlahi şövq ilə sözə sığındı.
Söz mülkünün əngin bəndi-bərəsi
Bir ovuc ürəyə necə yığıldı?
Özündən-özünə yol gedə bilən
Minillik yolları qayıda bilir.
Yer-göy arasında özünü bölən
Özünü qəflətdən oyada bilir.
Mən tərəddüdsüz deyərdim ki, Tapdıq müəllim, anadan yaxşılıq və xeyirxahlıq üçün doğulub. Əlbəttə, bəndənizi heç kim və heç nə məcbur etmir ki, onun haqqında əvəzolunmaz, dəyərli kəlamları gəlişi gözəl söz xatirinə işlədəm.
Qeyd edim ki, nankor, şərəfsiz, qədirbilməzlərin çox olduğu bir zamanda Tapdıq Əlibəyli kimi həyat qayəsi insanlıqdan yoğrulmuş, ləyaqətli, ədalətli, dəyanətli, sədaqətli, səxavətli şəxsləri sevmək, dəyərləndirmək və daim qorumaq gərəkdir.
Tapdıq Əlibəyli ilə ilk tanışlığımızdan sonra onun şair qəlbinin ülvi arzularla, bəşəri məzmunlu ideyalarla zəngin olduğunu bir daha yəqin etdim.
Baş əydim hörmətlə sözün şahına,
Sevgim nifrətimi qəlbimdən qovdu.
Sevgiylə yol aldım haqq dərgahına,
Varlığın səbəbi sevgidən doğdu.
Könül versə Yaradana yaranan,
Zülmət qəlbə işıq düşər, nur saçar.
Dil-əməldə olsa əgər din-iman,
İnsan haqqa sevgisiylə yol açar
Tapdıq müəllim, dostunu qayğı ilə əhatə edən, munis münasibət göstərən, bilik və təcrübəsini pay verməyi əsirgəməyən birisidir desəm, qətiyyən yanılmaram. Onun bu xislətini özündə əxz edən neçə- neçə məqamdan istərdim ki, birini misal çəkim. Yaxın günlərin birində xəstələndiyimi bilən kimi, mənə baş çəkdi və həkimə getmək ehtiyacımı görəndə, ata övladını itaətkarcasına izləyən kimi axıradək qayğıma qalaraq sıxıntı çəkməyimə imkan vermədi. Həkim müayinəsindən keçməyimə, müalicəmin davamlı və intensiv aparılması üçün yardımçı oldu.
Hikmət sahibləri yalnız o zaman yaşamağı arzu edirlər ki, ömür xoş və mənalı olsun. Elə bu fikrin məntiqi olaraq qeyd edim ki, Tapdıq müəllimlə adi gəzinti zamanı belə onun necə diqqətcil və qayğıkeşliyini hiss edirəm. Qələm dostumuzla keçirdiyim hər anın, ötən vaxtın nə qədər mənalı, xoş olduğunu düşünürəm. Çünki söhbətlərimizin baş mövzusu həmişə yaradıcılıq kontekstində insanlıq, insanlığa sevgi və bu ülviliklərin gözəllik məqamıdır.
Tapdıq Əlibəylinin poeziyasının cövhəri də elə bu gözəlliklərdən yoğrulub. Ruh rəhmətdən doymadığı kimi Tapdıq Əlibəyli də insanlığın dərkinə aparan gözəlliklərlə, ülviliklərlə ilhamını cilalayır, vəcdə gəlir, şövqlə qələmə sarılır… Bir şeirində yazdığı kimi:
Gözümə, könlümə köçən gözəllik,
Tanrıdan boy alan bir əzəlilik.
Gəlimdən gedimə yol-əbədilik…
Baharla payızın gözəlliyi tək.
Onun təbiətə olan sevgisinin, baxışının, yaşamının sanki bir sirri-sehri var. Yuxusunda gördüyü tənha palıdın belə xiffətini çəkir, Tapdıq Əlibəyli.
Əziz qardaşım, sənin sevgin bəşəri sevgidir. Nəhəng palıd ağacı qollu-budaqlı görkəmi, əzəməti ilə, gül-çiçək öz ətri, rayihəsi ilə, dağ öz zirvəsi ilə cəlbedicidirsə, insan isə xeyirxah əməllərilə qiymətlidir, dəyərlidir.
Tapdıq müəllim, cəfakeş ata, nurlu simalı qayğıkeş babadır. Baba olaraq nəvə nübarının dünyaya gəlməsini duyğusal ovqatda belə qarşılayır:
Dünyamıza xoş gəlmisən,
Ay nəfəsi gül qoxulu.
Yoxsa özün bir gülmüsən,
Qənirsizsən, tayın yoxmu?
Mübarəkdir qədəmlərin,
Ocağımın hərarəti.
Olmasın heç qüssə-qəmin,
Ay evimin nəvə ətri.
Tapdıq Əlibəyli, Ulu Yaradana sidqi-ürəkdən beyəti olan Tanrı bəndəsi, sevincini paylaşan, kədərə şərik olan səmimi və humanist bir insan, məsləki vətən sevgisindən yoğrulan bir ziyalı, duyğulandığı kimi duyğulandırmağı da bacaran könül adamı, hiss və idrakın çalarları ilə sözə sığal çəkməyi bacaran bir söz sərrafı, ünlü bir şair olaraq öz missiyasını həyata keçirməkdən ötrü qələmə sarılan böyük yolun yolçusudur. Poetik bəyanlarının birində deyir:
Qəvvasam sahilsiz söz dəryasında,
Qiyməti özündə inci əzirəm.
İnsan sevgisiylə söz dünyasında,
Tapdığım incidən çələng düzürəm.
Yolun uğurlu olsun, aydınımız və fikir daşıyıcımız, Tapdıq Əlibəyli!
Hikmət Əliyev
Azərbaycan Jurnalistlər Birliyinin üzvü