Logo

Azərbaycan mühacirlərinin yaradıcılığında azadlıq hissi

21.12.2022 19:29 327 baxış
IMG

1920-ci ilin 27 aprelindən 28-ə keçən gecə Sovet Rusiyasının XI Qızıl Ordusu ölkəmizi işğal elədi. Silah güçünə Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratdı.

Xalq ilk gündən bu işğala qarşı müxtəlif formalarda mübarizəyə qalxdı. Beləliklə, amansız rejimə qarşı çıxanlar sürgün, həbs və ya mühacir həyatı yaşamağa məhkum edildilər. Azərbaycandan kənara kütləvi mühacir axını başladı. Mühacirlər xarici ölkələrdə müxtəlif təşkilatlar, dərnəklər, mətbuat orqanları yaratmaqla amansız rejimə qarşı barışmaz mövqelərini bildirdilər. Nəticədə Azərbaycan mətbuatının, ədəbiyyatının mühacirətdə çox zəngin irsi yarandı. Xalq uzun illər, yenidən müstəqilliyimizin bərpasına kimi (1991) bu irsdən xəbərsiz qaldı.    

Azərbaycan bolşeviklər tərəfindən işğala məruz qaldığı ilk gündən xalqımız müxtəlif formalarda mövcud rejimin əlehinə mübarizəyə qalxdı. Qəddar sovet imperyasına qarşı aparılan bu mübarizə həm daxildə, həm də xaricdə xalqımıza çox böyük qanlar, qadalar bahasına başa gəldi. Ölkəmizin "XI ordu tərəfindən işğalından dərhal sonra bolşeviklər vətəndaş hüquq və azadlıqlarının saxlanacağı barədə bir az əvvəl verdikləri bütün vədləri unudaraq Cümhuriyyətin tanınmış xadimlərinə qarşı repressiyalara başladılar. Azərbaycanda kütləvi terror rejimi bərqərar edildi”. 

Bu amansız rejimə qarşı çıxanlar sürgün, həbs və ya mühacir həyatı yaşamağa məhkum edildilər. Ölkədəki bolşevik özbaşnalığına boyun əymək istəməyən yüzlərlə soydaşımız müxtəlif yollarla, açıq və ya gizli şəkildə vətəni tərk etməyə məcbur qaldılar. Beləliklə, 1920-ci ilin 27 aprel işğalından dərhal sonra Azərbaycandan kənara kütləvi mühacir axını başladı və bu mühacir axınının yeni mərhələsi idi. Çox böyük təəssüflər ki, “bu mərhələ səbəblərinə, istiqamətlərinin çoxşaxəliliyinə, coğrafiyasının genişliyinə, mütəşəkkiliyinə və bir sıra özəl xüsusiyyətlərinə görə əvvəlkilərdən kəskin surətdə fərqlənirdi”.

Xalqın yüzlərlə vətənpərvər övladları vətənindən didərgin düşərək, mücadiləsini mühacirətdə aparmalı oldular. Sovet rejiminə qarşı mübarizənin əsasını qoyan, böyük ideoloq M.Ə.Rəsulzadə başda olmaqla azərbaycanlı mühacirlər Azərbaycanın azadlığı uğrunda mübarizəni müxtəlif xarici ölkələrdə, əsasən qardaş Türkiyədə apardılar. Onlar həmin ölkələrdə müxtəlif təşkilatlar dərnəklər, mətbuat orqanları və s. yaratmaqla sovet rejiminə qarşı barışmaz mövqelərini bildirirdilər. “Buna görə də M.Ə.Rəsulzadə Azərbaycan mühacirətinin müxtəlif cərəyanlarını ümumi siyasi platforma əsasında vahid təşkilatda birləşdirmək üçün əlindən gələni etdirdi”. Çünki, M.Ə.Rəsulzadə “Azərbaycan davasının uğurlu sonluqla bitəcəyinə zərrə qədər də şübhə etmirdi. O, Azərbaycan mühacirlərinin gənc nəslini də məhz bu cür nikbin ruhda tərbiyə etməyə çalışırdı”  və uzun mübarizələrdən, mücadilələrdən sonra buna nail də oldu.       

Nəticədə Azərbaycan mətbuatının, ədəbiyyatının mühacirətdə çox zəngin irsi yarandı. Mühacirşünas alim Xaləddin İbrahimlinin fikrincə “öz məzmun və keyfiyyətinə, ümumi həcminə görə Azərbaycan mühacirətinin yaratdığı irs Rusiya və Ukrayna mühacirətinin irsi ilə müqayisə oluna bilər”. Lakin çox təəssüflər olsun ki, biz uzun illər XX əsr ədəbi-bədii fikrini zənginləşdirən bu irsdən bixəbər qaldıq. “Azərbaycan davası”na qalxmış aydınlarımızın ideyalarından təşvişə düşən sovet rejim və ideologiyası onları “pantürkist”, “panislamist”, “millətçi”, “mürtəce” damğaları ilə düşmən elan edərək, xalqımızın hafizəsindən, tarixin səhifələrindən silib atmağa calışmışdılar. Ona görə də sovet hakimiyyəti illərində siyasi ideologiyanın tələbilə mühacirlərin yaradıcılığına müraciət etmək, onların əsərlərinin nəşri və təbliği ilə məşğul olmaq qəti şəkildə mümkünsüz idi. Bu sovetlərin mühacirətə yanlış münasibətindən, bu münasibətdəki bədnam sinfilik prinsipinin uzun zaman hakim ideologiyanın tərkib hissəsi olmasından irəli gəlirdi və proses 1980-cı illərin sonlarına qədər davam edib. “1980-cı illərin sonları yaradıcı fikir nümayəndələrinin sovet rəsmi məfkurəsinin məngənəsindən və buxovundan xilas olması, ideoloji senzuranın Domokl qılıncının insanların başının üzərindən yoxa çıxması mənəvi azadlığın başlanması dövründən sonra mümkün oldu”. Çünki, SSRİ rəhbərliyi digər sahələrdə olduğu kimi mühacirətlə də bağlı Azərbaycana qarşı çox amansız mövqedə olmuşdur. “SSRİ-yə daxil olan əksər respublikalarda xarici ölkələrdəki həmvətənlərlə əlaqə cəmiyyətləri 50-ci illərdən fəaliyyət göstərdiyi halda, Azərbaycanda belə cəmiyyət 1988-ci ilin əvvəllərində yaradılmışdır”. Elə bu faktın özü ölkəmizdə mühacirət mövzusuna qarşı amansızlığı açıq-aydın əks etdirir.  

Beləliklə, “mühacirətə gedən şəxsiyyətlər, onların yaratdıqları təşkilatlar, mətbuat orqanları, yazılan minlərlə əsərlər, bütövlükdə aparılan mübarizənin mahiyyəti nə tarixi, nə də kulturoloji aspektdən ayrıca tədqiqat obyektinə çevrilməmiş, mühacirət problemi 1990-cı illərə qədər araşdırılmamışdı”. Nəhayət Sovet imperiyası, kommunist ideologiyası ifşa edildikdən sonra, rəsmən 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi ilə mühacirət ədəbiyyatımızın öyrənilməsi sahəsində əhəmiyyətli işlər görülməyə başlandı. İlk olaraq elmi, bədii, publisistik məqalələr, sonra isə monoqrafiyalar, dissertasiyalar, elmi əsərlər və s. yazıldı. Onu da qeyd etmək lazımdır ki, bu mövzunu və problemi hərtərəfli öyrənmək, tədqiqata cəlb etmək, obyektiv araşdırmaq üçün təkcə mühacirət ədəbiyyatı deyil bütövlükdə “Azərbaycan mühacirətinin zəngin mirası istər geniş, istərsə də konkret mənada ayrı-ayrı sahələr üzrə (ideoloji-siyasi, tarix, ədəbiyyat, incəsənət, mətbuat və s.) hərtərəfli tədqiqata” cəlb edilməlidir. Çünki, mühacirlərin zəngin ədəbi-tənqidi bədii-fəlsəfi, elmi irsi bir daha sübut edir ki, onların həyatı, yaradıcılığı, ideyaları böyük Türk dünyasına, onun bir parcası olan Azərbaycana çox bağlı olmuşdur. Bütün varlığı ilə Türk dünyasına, onun inkişafına, azadlığına bağlı olan bu fikir adamları mühacir həyatı yaşayarkən siyasi məsələlərlə məşğul olmaqla yanaşı həm də ədəbi prosesin yaradılmasında çox yaxından iştirak etmişlər. Yaratdıqları bədii nümunələrdə istiqlalçılıq, cümhuriyyətçilik ideyalarının təbliği əsas yer tutmaqla yanaşı həm də, bu gün ictimai-siyasi, ideoloji baxımdan çox əhəmiyyətli olduğunu sübut edir. Odur ki, Azərbaycan mühacirət ədəbiyyatının ana mövzusu olan milli istiqlal hərəkatının inkası Azərbaycan mühacirət ədəbiyyatında hər zaman aparıcı  mövzulardan biri yox elə birincisi olmuşdur. Milli istiqlal ruhlu olan bu ədəbi-bədii nümunələr bədii təfəkkürdəki mübarizə xəttini inkişaf etdirməkdə mühüm rol oynamışdır. Mühacirətdə yaranan bu ədəbi-bədii nümunələrin mövzu və problematikasında əsas yeri tutan milli məfkurə, milli ruh, vətən həsrəti kimi ali duyğular, onların qəlbində azadlıq uğrunda mübarizəni daha da alovlandırmışdı. Mühacirşünas alim Nikbur Cabbarlı yazır ki, “Azərbaycan mühacirət ədəbiyyatı dedikdə, siyasi mühacirlərimizin 1920-1991-cı illər arasında yaratdığı ədəbiyyat-bədii əsərlər, ədəbi tənqid, ədəbiyyatşünaslıq nümunələri nəzərdə tutulur. Fəqət heç də bütün əsərlər yox, Azərbaycan istiqlal ideyasına sədaqətlə qələmə alınmış əsərlər”.    

Azərbaycan mühacirət ədəbiyyatından söz düşəndə ilk olaraq poeziya diqqəti cəlb edir. Çünki milli istiqlalın tərənnümü əsasən poeziyada özünü əks etdirib. Lakin  “poeziyadan sonra ən zəngin qismi nəsrdir. Mühacirət nəsrimizdə milli istiqlal mücadiləsini biavasitə bədii tədqiqatın predmetinə çevirərək, onun müxtəlif dövrlərini, yaddaqalan məqamlarını epik lövhələrdə canlandıran əsərlər də az deyildir”. Azərbaycan mühacirət nəsri janr baxımından rəngarəng olduğu kimi, mövzu cəhətdən də çoxşaxəlidir. Milli istiqlal mücadiləsinin bədii əksi isə hər zaman mühacirət nəsrində aparıcı mövzulardan olmuşdur. Bu mövzuya  nəsr əsərlərində xüsusi yer verən, Azərbaycan mühacirət nəsrinin yaradıcılarından olan M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, M.B.Məhəmmədzadə, Ə.Yurdsevər və başqaları olmuşdur. Doğrudur onlar peşəkar nasir olmamışlar. Amma “Azərbaycan milli hərəkatının müxtəlif mərhələlərinin ən önəmli hadisələri ədəbiyyatımızda ilk dəfə olaraq məhz onların əsərlərində canlandırılmış, istiqlal mücahidlərimizin dolğun bədii obrazları da ilk dəfə bu əsərlərdə yaradılmışdı”. Məhz bu fakt özü bir daha sübut edir ki, Azərbaycan mühacirət ədəbiyyatının bir qolu olan mühacirət nəsrinin tədqiqi bu gün aktualdır.

“Azərbaycan mühacirəti öz təşkilatlarını və mətbuatını yaratmaqda milli mühacirət arasında öncüllərdən sayıla bilər. 1923-cü ildə “Yeni Qafqasya” ilə əsası qoyulan Azərbaycan mühacirət mətbuatı, SSRİ-dən olan bütün türk-müsəlman təmsilçilərinin ilk mətbuat orqanı idi”. Əksər tədqiqat əsərlərindən də belə aydın olur ki, mühacirlərimizin bu zəngin ədəbi-bədii yaradıcılığının əksəriyyəti kitab kimi çap olunmamışdan əvvəl mühacirlərin yaratdıqları müxtəlif mətbuat orqanlarında, qəzet və jurnallarda işıq üzü görüb. Xüsusən də irihəcimli əsərlərdən fərqli olaraq hekayələri, memuarları, bədii-publisistik məqalələri, xatirələri oxucularına ilk olaraq mətbuat vasitəsilə catdırılıb. Onların əksəriyyəti Türkiyyədə bütün türklərin mühacirətdə çıxardığı ilk jurnal “Yeni Qafqasiya”da və dövrün məşhur mətbuat orqanı olan “Cümhuriyyət” qəzetində çap olunub. 

Ümumiyyətlə, yalnız “Yeni Qafqaziya” deyil, bütövlükdə “Azəri türk”, “Odlu yurd”, “Bildiriş”, “Yurd bilgisi”, “Qurtuluş”, “Azərbaycan”, “İstiqlal”, “Türk yolu”, “Prometey”, “Turan” və s. mətbuat orqanları həm Azərbaycan mühacirət ədəbiyyatının yaranmasında, həm də Azərbaycan mühacirlərinin ideoloji bazasının təbliğində əsaslı şəkildə böyük rol oynamışlar. Əsasən də 1920-30-cu illərdə. Müxtəlif janrda olan bu əsərlərin böyük əksəriyyətində milli azadlıq ideyaları qabarıq şəkildə öz bədii əksini tapmaqla yanaşı, milli Azərbaycan hərəkatının müxtəlif dövrləri, yaddaqalan məqamları epik lövhələrlə canlandırılır. 

Yuxarıda qeyd etdim ki, 1920-ci ilin aprel işğalından sonra sovetlər ölkəmizdə dərhal kütləvi həbslərə başlamışdır. “Gündəlik axtarışlar, heç bir qanuna əsaslanmayan özbaşına müsadirələr, insanların məhkəməsiz və istintaqsız həbs və edamları Azərbaycan əhalisinin gündəlik həyat tərzinə çevrilmişdir”. Azərbaycanda hakimiyyəti silah gücünə zəbt etmiş bolşeviklər ölkəni XI ordunun gücünə idarə edirdilər. Aprel işğalından sonra ölkədə baş alıb gedən terrorlar, kütləvi həbslər insanların ayrı-ayrı bölgələrdə üsyana qalxmasına səbəb oldu. Belə böyük üsyanlardan biri 1920-ci il mayın 25-dən 26-na keçən gecə Gəncədə Azərbaycanın işğal edilməsinə, onun dövlət müstəqilliyinə son qoyulmasına qarşı baş verdi. Üsyanın təşkilatçıları Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri idi. Üsyan qırmızı rus ordusunun əsgər və zabitləri tərəfindən amansızcasına yatırıldıqdan sonra “üsyançılar və dinc əhali mühasirəyə alınaraq kütləvi şəkildə güllələndilər. Həmçinin Azərbaycanın 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitanı, ştabskapitan, poruçik və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər hərbi qulluqçusu bolşeviklər tərəfindən həbs edilərək güllələndi”. Çox təəssüflər ki, Gəncə üsyanının yatırılmasında qırmızı rus ordusunun əsgər və zabitləri ilə yanaşı, öz “soydaş”larımızın da, xüsusən də o zaman Azərbaycan İnqilab Komitəsinin Gəncə quberniyasında fövqəladə komissarı olmuş Həmid Sultanovun da böyük “xidmətləri” olmuşdur. Milli orduya qarşı aparılan bu amansızlıq düşünülmüş bir proses idi. Ona görə ki, “bolşeviklər ehtiyatlanırdılar ki, ölkədə baş alıb gedən özbaşnalıqlara qarşı kütləvi etrazların başlayacağı təqdirdə milli ordu hissələri xalqın tərəfində çıxış edə bilər”. Məhz bundan sonra Moskvanın göstərişilə milli ordumuzun komanda heyətinə rus və erməni zabitləri gətirildi. Bolşeviklərin əsas hədəfi “ilk növbədə, Azərbaycanın siyasi və intellektual elitasının nümayəndələri, eləcə də milli hərbi kadrlar idi”.     

1920-30-cu illər Azərbaycan mühacirət nəsrində milli istiqlalın, xoş gələcəyin uzaqda deyil, çox yaxında olduğuna ümidlə aşlanılan bu əsərlərin hər birində xalqının, vətəninin tezliklə yenidən milli istiqlala qovuşacağına böyük inam hissi var idi. Bu fakt bir daha sübut edir ki, sovet quldur təşkilatı olan NKVD-nin nə dəhşətli iztirabları, işgəncələri, nə də ölüm hökümləri Azərbaycan xalqının qətiyyət və inamını qıra bilmədi. Əksinə xalq uzun və çətin mücadilədən kecərək yenidən 1991-ci ildə müstəqilliyinə qovuşdu.  

Yuxarıda qeyd etdiyimiz kimi müxtəlif janrda yazılan bu əsərlərin hər birində işğalcı sovet rejiminə sonsuz qəzəb, nifrət hissi ilə yanaşı xalqın bir gün öz istiqlalına qövuşacağı inamı da sarsılmazdır. Sovet rejimini narahat edən də bu idi. Onlar çox yaxşı anlayırdılar ki, “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması hadisələrin təsadüfi inkişafının nəticəsi olmayıb, XIX əsrin sonu XX əsrin əvvəllərindən etibarən tədricən bütün Azərbaycan cəmiyyətini əhatə etmiş milli intibah və siyasi oyanış proseslərinin qanunauyğun yekunu idi”. Çünki XX əsrin əvvəllərində Azərbaycanda baş verən milli oyanış prosesi sovet rus hökumətinin sələfi olan çar rus hökumətini çox narahat etmişdi və bu oyanışı boğmaq üçün hələ o zaman represiyalara başlamışdı. Deməli 1920-30-cu illər də mühacirət də yazılan və çap olunan bu əsərlər  mövzu və ideya baxımından çox  dəyərlidir. “Azərbaycanın siyasi müstəqilliyini yenidən bərpa edəcəyinə, milli hökumətin qurulacağına inam hissi mühacirət ədəbiyyatının bütün nümunələrinin leytmotivini təşkil edir”. Odur ki, bu əsərlər yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyələnməsində güclü təsir göstərəcək, onların istər milli mənlik şüurunun formalaşmasında, istərsə də, bədii zövqlərini oxşamaq baxımından mühüm rol oynayacaqdır.1920-ci ilin aprel işğalından sonra “ideoloji-siyasi məngənəyə salınmış sənət və ictimai elmi-nəzəri fikir adamları yuxarıdan göndərilən sosial-siyasi sifarişdən kənara çıxa bilməmiş, sırf fərdi olan istedad və qabiliyyətlərini adekvat liberal sərbəstliklə təzahür etdirmək iqtidarında olmuş və birtərəfli zəmində yalnız rəsmi ideologiyanın təəssübkeşi rolunda çıxış etmişdir”. Mühacirət yaradıcılığında isə bunun tam əksinə olaraq “ədəbi-bədii yaradıcılığın ictimaiyyətdən gizlədilmiş tərəflərini olduğu şəkildə xalqa çatdırmaq” idi. Çünki “mühacirlər elmin, mədəniyyətin, sovetlərdə olduğu kimi, siyasətə tabe edilməsi əleyhinə çıxırdılar”. Nəticədə Azərbaycan ədəbiyyatı məfkurə baxımından bir-birinə zidd, təzadlı prinsiplər üzərində inkişaf etməyə başladı. Şura hökumətinin ideyalarını qəbul edən Azərbaycan şura yazarları “totalitar rejimin basqısı altında ideoloji bir ədəbiyyat yaratdıqları zaman mühacirət ədəbiyyatı milli istiqlal düşüncəsindən çıxış edərək azadlığın gələcəyi gününün bədii mənzərəsini əks etdirirdilər”. Mühacirətdə qələmə alınan hər bir əsərdə milli ruh, milli birlik xüsusi yer tutur və gənclik bu ruhda, bu əzimdə “Azərbaycan davası” uğrunda mübarizəyə istiqamətləndirilib.

Qərənfil Dünyaminqızı

Filologiya üzrə fəlsəfə doktoru

Xəbər lenti