Şuşa-Xankəndi yolunda ekofəllar, QHT nümayəndələri, gənclər və aktivislər tərəfindən işğaldan azad olunmuş ərazilərdə ekoloji terrorun qarşısını almaq üçün dinc aksiya keçirilir.
Prosesdə mən şəxsən iştirak etmişəm. Aksiyanın məqsədləri xalqımız üçün ümumilli əhəmiyyət daşıyır. Bir neçə gündür davam edən aksiyalarda tənqidlə qarşılanan hadisələr baş verib. Son olaraq bəzi gənclərin televiziyalara verdikləri müsahibələr şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ümumilikdə ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, mühasiblər Xankəndidə yaşayan ermənilərə ekoloji terrora birlikdə yox deməyi təklif edərək onlara humanitar yardım göstərməyə hazır olduqlarını bəyan ediblər. Onların ermənilərə qarşı səmimi və sevgi ilə yanaşmaları xüsusi narazılıq doğurub.
Həmin çıxışları sosial şəbəkələr üzərindən mən də izlədim. Baş verənlərə bir tərəfdən yanaşmağın doğru olmadığını düşünürəm. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra ermənilərlə birgəyaşayış tam təmin oluanacaq. Dövlət səviyyəsində də Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduqları, onlar haqqında veriləcək qərarların Azərbaycanın daxili işi olduğu vurğulanıb.
Erməni lobbisinin təsiri altında olan bir çox ölkələr uzun illər boyu bizim haqq işimizə kölgə salmağa, qarşımızı kəsməyə çalışıblar. Ancaq biz özümüz tarixi ədaləti bərpa edərək erməni işğalına son qoymuşuq. Biz çoxmillətli dövlət kimi bütün dünyaya tolerantlıq və multikulturalizm nümunəsi göstərərək ermənilər ilə birgəyaşayışı qəbul etmişik. Gənclərimizin səsləndirdiyi fikirlər əslində reallıqları əks etdirir. Ancaq onlar həssas məqamlarda diqqətli olmadıqları üçün tənqidləri öz üzərilərinə çəkiblər və səsləndirdikləri fikirlər cəmiyyətdə qıcıq yaradıb.
Fikirlərin çatdırılması forması düzgün seçilməlidir. Həmkarlarımız bu məsələdə də yanlışa yol veriblər. Düşünürəm ki, onlar çıxışlarını aşağıdakı kimi qursaydılar problem yaranmazdı:
"Biz buraya işğaldan azad olunmuş torpaqlarımızda ekoloji terrorun qarşısını almaq üçün toplaşmışıq. Ekoloqlarımız Xankəndidə yerləşən faydalı qazıntı yataqlarını tətqiq etmək üçün oraya yollansalar da sülhməramlılar tərəfindən onların qarşısı kəsilib və Xankəndiyə buraxılmayıblar. 44 günlük vətən müharibəsində olduğu kimi indi də biz haqqımızı tələb edir, haqq mübarizəsi aparırıq. Xankəndidə yaşayan erməniləri də bu mübarizəyə qoşulmağa dəvət edirik. Onlar Azərbaycanın suveren ərazilərində yaşayırlar və müqəddəratları bizdən asılıdır. İki yoldan birini seçməlidirlər: Ya Azərbaycan vətəndaşlığını qəbul edib reallıqlarla razılaşmalıdırlar, ya da ölkəmizi tərk etməlidirlər. Azərbaycan dövləti humanitar sahədə də öz addımlarını atmağa hazırdır"
Şəhid ailələri, qazilər və müharibə iştirakçıları bizim hər birimiz üçün əzizdir, doğmadır. Bütün məsələlərdə onlara qarşı diqqətli olmalıyıq. Mən əminəm ki, həmin gənclər vətənə, xalqa bağlı, dövlətə sədaqətli gənclərdir. Müzakirə etdiyimiz mənfi situasiyanın bir daha yaşanmamasını arzulayır, hər birinizə təmkinli davranmağı tövsiyə edirəm.
Anar Salehoğlu
İctimai-siyasi fəal