Təbiətin oyanışını, gecə ilə gündüzün bərabərləşməsini, əkinçilik həyatının başlanğıcını özündə rəmzləşdirən Novruz bayramı Azərbaycan xalqının mənəvi dəyərlər sistemində özünəməxsus yer tutur.
Novruz bayramı türkün təbiətə bağlılığından irəli gələn və ona duyulan sevgidən təşəkkül tapan bir təqvim bayramıdır. Baharın gəlişi ilə qışın soyuğundan, əziyyətindən, çiləsindən canını qurtardığını düşünən insanlar günəşi böyük sevinclə qarşılayar, qışı, azar-bezarı, çətinlikləri qovmaq üçün müxtəlif ayin və mərasimlər icra edərdilər. Novruz insanların daxilən arınması, mənən və ruhən yenilənməsi ilə yanaşı, təbiətlə cəmiyyətin qovuşub bütövlük təşkil etdiyi bir bayramdır. Təbiətdəki dəyişiklik etnosun həyatında bir dönüş, yenilənmə dövrü olaraq düşünülüb. Bu bayramda dünyanın əski nizamı dağılır, dünyanın yeni yaradılışı canlandırılır.
Şimal yarımkürəsində yaz-qış əvəzlənməsi aydın nəzərə çarpdığından bu yarımkürədə yaşayan bütün xalqlar qışın gedişini və yazın gəlişini bir-birinə bənzər mərasimlərlə qeyd edirlər. On iki heyvanlı türk təqviminə görə, ilin başlanğıcı baharın ilk günü- Novruzdur. Novruz təkcə Azərbaycan xalqı tərəfindən deyil, həm də geniş coğrafi-etnik məkanda qeyd olunan bayramdır. Bu əski bayram ayrı-ayrı türk xalqlarında “Novruz”, “Yengi gün”, “Ergenekon”, “Ulu kün”, ”Bozqurt çağan”, “Sultan Mevriz”,”Ulusun ulu günü” və s. adlarla tanınır. Mifopoetik düşüncədə Baharın gəlişi, Yeni ilin qarşılanması mərasimi xaosdan kosmosa keçidi rəmzləşdirir. İlkin xaos özü sulardan ibarət bir aləm olaraq düşünüldüyündən kosmos, kainat da o ilkin sudan yaranıb. İlin təhvil olduğu gecə - Novruz axşamı suların bir anlığa dayanması xaosdan kosmosa keçişin bir anının rəmzidir, yəni, köhnə ildən qalan nə varsa, simvolik olaraq yaddaşlardan silinir. Köhnə ilin axırıncı çərşənbə gecəsində, gecə ilə gündüzün bərabərləşdiyi zamanda təbiətdə nə varsa, hamısı təzələnir.
XI əsr səlcuqlu hökmdarı Məlik şahın dövründə onun göstərişi ilə şair və astronom Ömər Xəyyam məşhur astronomik təqvimini hazırlayır. “Təqvimi-cəlaliyyə” adı ilə tanınan həmin təqvimdə ilin başlanğıc günü yaz bərabərliyi günü, yəni Novruz bayramı ilə üst-üstə düşür. Orta əsrlərdə Azərbaycanda olmuş Avropa səyyahlarının, o cümlədən Adam Oleari, Jan Batist Şardenin səyahətnamələrində Novruz milli dövlətçilik ənənələrində mühüm yer tutan bir bayram kimi qeyd olunur.
Xalqın həyatı, məişəti və mənəviyyatı ilə bağlı olan Novruz bayramı ilk növbədə təqvim hadisəsi, qışın yola salınması, yazın qarşılamnası mərasimidir. Azərbaycan Xalq Cumhuriyyəti dövründə Novruz bayramı yüksək səviyyədə keçirilsə də, Sovet hökuməti Novruz bayramını dövlətin qeyd etdiyi rəsmi bayram statusundan çıxarıb, məişət səviyyəsində qeyd olunan bayrama çevirdi. XX əsrin əvvəllərində milli bayram kimi Novruz xilaskarlıq missiyası yerinə yetirir, hətta həbsdə olanlar onun sayəsində azadlığa buraxılırdılar. Lakin xilaskarlıq, əfvetmə funksiyası daşıyan Novruz sovet-bolşevik repressiya maşını tərəfindən 1920-ci illərin sonlarından sıxışdırılmağa və yasaqlanmağa başladı. Novruz bayramı xalqın qan-gen yaddaşı, etnopsixoloji düşüncəsi ilə bağlı olduğundan unudulmadı. Novruz bayramının məna və mahiyyətində xeyirlə şərin, isti ilə soyuğun mübarizəsi durduğundan Novruz minillər boyunca xalqın yaddaşında günümüzə qədər yaşamaqda davam etmişdir. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə verdiyi tarixi sərəncamla Novruz bayramı Azərbaycan Respublikasının milli bayramları arasında önəmli yer alıb. Ümummilli Lider Novruz bayramının etnokulturoloji mahiyyəti haqqında deyirdi: “İnsanları baharın gəlməsi, təbiətin oyanması, həyatın canlanması ilə müjdələyən Novruz bayramı ən qədim dövrlərdən bəri xalqımızın sevinc və şadlıq bayramı olmuş, tariximizin müxtəlif dövrlərində bəzi təzyiqlərə, süni maneələrə məruz qalmasına baxmayaraq, bu günə qədər gəlib çatmışdır”.
Novruz bayramı əsrlər boyunca xalqımızın milli birliyini, bütövlüyünü, dövlətçilik düşüncəsini qoruyub yaşadıb. 2009-cu il sentyabrın 30-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük səyi nəticəsində Novruz bayramının UNESCO-nun dünya xalqlarının qorunan qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi Azərbaycan dövlətinin böyük uğuru sayılmalıdır. 2010-cu il fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyasında martın 21-nin bütün dünyada “Beynəlxalq Novruz Günü” kimi elan edilməsi məhz Azərbaycan dövlətinin təşəbbüsü ilə həyata keçib.
Novruz bayramının bütün simvolikası yenidən doğuluşu təcəssüm etdirir. Novruz həm də bərabərlik, birlik, humanizm bayramıdır. Novruz bayramında gecə ilə gündüzün bərabərliyi sosial bərabərlik, sosial nizam kimi təbiətdən cəmiyyətə daşınıb, sosial tarazlıq bərpa edilib. İl ərzində cəmiyyətdə yaranmış bütün disharmoniya Novruz bayramında aradan qaldırılaraq harmoniya ilə əvəzlənir. Novruzda sosial birlik və paylaşma ideyası “yasdançıxarma”, “mürvət toyu”, “barışıq”,”bayramlaşma” və s. adətlərdə təcəssüm edir. Novruz bayramının sosial–psixoloji əsasında harmoniya durduğundan hər cür ziddiyyət aradan qaldırılır, küsülülər barışır, konfliktlər həll edilir, cəmiyyətdə sosial tarazlıq yaradılır.
Nizamülmülkün “Siyasətnamə” əsərində şahların bayram günü şahlıqdan əl çəkib, xalqın arasına qarışdığı, məhkumların sərbəst buraxıldığı, şikayətə gələnlərin dərdlərinə əlac edildiyi, heç bir cəza tətbiq olunmadığı qeyd edilir.
Novruz bayramı axşamında köhnə ilin tamam olması və yeni ilin başlanmasına bir neçə saat qalmış açılan bayram süfrəsinə “İlin təhvil süfrəsi” deyilir. Xalq arasında bu, “Yeni il süfrəsi” və ya “Novruz süfrəsi” də adlanır. Bayram süfrəsində evdəkilərin sayı qədər şam yandırılır. Bayram süfrəsini toyuq plov və ya kişmişli ləvəngi plov bəzəyir. Bəzi bölgələrimizdə Novruz bayramında süfrəyə bütöv şəkildə balıq bişirib qoymaq el adəti kimi qalmaqdadır. Balığın ağzına qızıl üzüyün qoyulması evə xeyir-bərəkət gətirən bir rəmz kimi yozulur. Ümumiyyətlə, Novruz süfrəsindəki balıq yeni həyat, dirilik rəmzi kimi düşünülür. Suya balıq salınması yolu ilə ilin təhvil olunmasının dəqiqləşdirilməsi sınağı Xızır və İlyas qardaşlarının dirilik suyunu içməklə əbədi həyat qazanmasını əks etdirən mifoloji rəvayətlə əlaqədardır. Novruz süfrəsindəki şirniyyatlar – şəkərbura, paxlava, qoğal və s. əcdadlarımızın astral təsəvvürləri ilə bağlıdır. Şəkərbura, badambura ayı simvolizə edirsə, paxlava ulduzu, qoğal isə günəşi rəmzləndirir. İl təhvil olunduğu saatda bayram süfrəsinə səməninin qoyulması təbiətin canlanmasına, oyanmasına işarədir. Səməni xalq düşüncəsində yaşayışın fasiləsizliyi, məhsuldarlıq, artım və bərəkət ideyası ilə bağlıdır. Bayramda yumurtaların yaşıl, qırmızı, göy rəngə boyanması onun həyatın əmələ gəlməsi və canlıların yaranmasının simvolu kimi qəbul edilməsi ilə izah edilir.
Novruz bayramı gecəsi həm də sevgi, istək gecəsi sayılır. Cavan oğlanlar sevdikləri qızlar olan evin bacasından salladıqları qurşaqların ucuna bir dəsmal bağlayırlar. Qız və qızın valideynləri o saat mətləbi başa düşürlər. Əgər bu işə razılıq varsa, dəsmalı qurşaqdan açıb qızın qoluna bağlayırlar. Yox, əgər razı deyillərsə, dəsmala bayram nemətləri qoyub geri qaytarırdılar.
Novruz bayramı şərəfinə açılmış süfrənin künc tərəfində kimsə oturmaz. İnama görə, ruhlar bu axşam künc tərəfdən yaxınlaşaraq süfrədəki nemətlərdən dadırlar. Süfrənin künc tərəfində oturmaqla ruhların qarşısı alınmış olur. Bundan inciyərək küsüb gedən ruhlar evə ziyanlıq gətirə bilərlər.
Novruz bayramı axşamı yandırılan tonqaldan xeyir-bərəkət istənilər. Bu bayram axşamı qonşular təziyəli, yaslı adamların həyətində tonqal yandırıb onları “qara bayram”dan çıxararlar. Novruz bayramı üçün göyərdilən səməni tez cücərib düz qalxarsa, deyərlər ki, həmin il məhsul bol olar. Novruz bayramında bir-birlərini təbrikə gedənlər getdikləri evdəki ailə üzvlərinin sayı qədər bişmiş və qırmızı rəngdə yumurta aparırlar. Bu həmin ailəyə can sağlığı, xoşbəxtlik arzulamaq nişanəsidir. Novruz bayramı üçün göyərdilmiş səməni saralıb-solanda axar suya axıdılır, arxasınca da şirni atırlar. Belə etdikdə deyərlər ki, evdə xeyir-bərəkət artar.
Novruz bayramında oynanılan tamaşa, oyunlardakı gülüş və yarışın vəzifəsi qışın yola salınmasından və yazın qarşılanmasından ibarətdir. Bu tamaşa və oyunlarda yeni illə köhnə ilin, yazla qışın mübarizəsi, doğuluş və ölüb-dirilmə əks olunur. Tamaşa və oyunlarda magik gülüş yeni ilin, yazın rəmzi kimi açlıq, qıtlıq və soyuğun təcəssümü olan qışa qarşı qoyulur.
Novruz inancları su, od, torpaq, bitki kimi əski təbiət kultlarını özündə yaşadır. Axır çərşənbə tonqalı ilə Novruz bayramı tonqalı arasında arasında fərq var. Əgər İlaxır çərşənbə tonqalı getməkdə olan köhnə ili yola salmaq üçün yandırılırdısa, Novruz tonqalı daxil olmuş yeni ilin şərəfinə yandırılır. Novruz tonqalı yeni ilin ilk tonqalı olduğundan, insanlar onun ətrafına hər cür dərd-bəladan, çillədən təmizlənmiş şəkildə yığışırlar.
Yaz fəslinin 2023-cü ildə Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə 01:24:24-ə təsadüf edəcək. Həmin andan yurdumuzda yaz fəsli başlayır. Qoy Azərbaycana, doğma Qarabağımıza qədəm basan Novruz xalqımıza, türk dünyasına əmin-amanlıq, səadət, ruzi-bərəkət, xoşbəxtlik gətirsin! Bayramınız mübarək olsun!
Məhəmməd Məmmədov
Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti