Logo

Dalğa Xatınoğlu: “Azərbaycan poeziyası keçid ədəbiyyatıdır, nailiyyətdən danışmaq tezdir”- MÜSAHİBƏ

27.03.2023 21:56 456 baxış
IMG

Kulis.az yazıçı Dalğa Xatınloğu ilə müsahibəni təqdim edir.

– Dalğa bəy, necəsiniz?

– Çox yaxşı! Həmişəki kimi.

– Sosial şəbəkələrdə o qədər Şekspirdən sitat gətirmisən ki, Dalğa deyəndə Şekspirin məşhur sözləri yada düşür. Yaxşı, bu yerdə Şekspir nə deyirdi?

– Şekspir “On ikinci Gecə” dramında deyir, harada, haçansa bir doğru aşiq gördün, bil ki, mən dəqiq elə idim. Məncə, onun ən önəmli sözü budur. Diotimanın Sokrata dediyi kimi, “Bütün sevgilərin mahiyyəti eynidir”. Zərrə qədər bir alimin elmə, sənətkarın sənətə, bir insanın təbiətə, yaxud iki insanın arasında olan sevgilərin mahiyyətində fərq yoxdur. İşin önəmli tərəfi də budur ki, Diotima demişkən “Aşiq vurulduğu gözəlliyi yenidən yaratmağa çalışan birisidir”.

Elmdə, sənətdə və hər şeydə yenilik gətirənlərin hamısı aşiq insanlardırlar. Ümumiyyətlə, böyük işləri yalnız aşiqlər görə bilir.
Siz Şekspirin özünə baxın, əsərlərində 1200 xarakter yaradıb, hərəsi özünə özəl bir dildə danışır, ancaq ən dərin həqiqətləri ortalığa qoyur. Bir qəbirqazanın dilindən çıxan sözlər, Hamletin fikirləri qədər önəmlidir. Əsərlərində 20 min söz işlədib, onun min yeddi yüzünü özü yaradıb, yəni yeni termin və ifadə yaradılışı baxımından, dünyada birinci yerdə dayanır.
Oxucular onun yaradıcılığında 37 dram və böyük bir sonnetlər xəzinəsinin olduğunu bilirlər, ancaq onun özü haqda yarım səhifəlik məlumat da yoxdur, yəni bu qədər məncillikdən uzaq, sırf yaradıcılığa can atan birisi olub. Onun yazı səpki və məktəbi də yenidir. Onun əsərlərinin ən zəifi belə bir şahəsərdir.
Həmçinin Qərbin ən böyük şair, yazarlarının çoxu onun şinelinin, çəpkəninin altından çıxıb. Qısası, onun bu qədər dünyada ad qazanması təsadüfi deyil və onu originaldan oxuduqdan sonra, yaxud ustacasına çevrilmiş əsərini oxuduqdan sonra, heyrət etməmək olmur. Məncə, onun bütün zamanların bütün insanlarına deyəcək sözü var.

– “Məsnəvi mənəvi” əsərində Mövlana qəm-kədəri günah hesab edir, bu irfan aləmində elədir, yoxsa real həyatda da işə gəlir?

– O, yazdığı 60 min beyt şerində, yalnız bir yerdə gileylənir, o da ayrılıqdan. Şənliklə yaradıcılıq arasında böyük bir ilgi var. Mövlana bizim təsəvvür etdiyimiz kimi, metafizikaya qərq olan bir arif deyil. Onun yoldaşına, gəlininə və başqalarına məktublarını oxumaq kifayət edər ki, nə qədər həyata bağlı birisi olduğunu başa düşək. Yalnız ümidsiz, yaxud sevgidən pay almamış birisi kədərə qapıla bilər.
Belə bir insanlardan yaradıcılıq ummaq da mümkun deyil. Ümumiyyətlə, istənilən bir problemin, hətta faciənin üstəsindən gəlməyin ən birinci və önəmli addımı, ona gülməkdir. Gərgin beyinlər ürətici və yaradıcı olmurlar. Əlbəttə, birisi deyə bilər ki, Kafka, Edqar Alan Po, Kamyu və bu tip “üzücü və pessimist” yazarlar necə olur ki, yarada bilirlər. Birinci, onlar əsər yaratmaqla bağlı pessimist deyillər. Yəni hamısı böyük həvəs, inad, sevgi, ümid, zövq və yorulmazlıqla əsərlərini yaradıblar və hamısı ən azı, sənətlərinə böyük ümidlə yanaşırdılar. İkincisi, onların yazı tərzi elədir. Məsələn, Kafka ilə Ponun özləri deyiblər ki, yazdığı əsərlər yalnız bir zarafat, yumordur. İti bir beyin və sağlam bir zövqlə onları oxuyan birisi bunu dərhal tutur. Kamyuya pessimist deyirlər, ancaq onun qədər toplumu dəyişməyə can atan ikinci bir yazarı tapmaq çətindir.

Bütün gözəlliklər və dünyanın naz-nemətləri şən beyinlərin qismətidir. Mən şadam ki Şekspirlə Mövlananı original dildə oxumuşam və bir insanın necə bir ustalıqla həyata, insana, düşüncə və duyğulara yanaşdığının şahidi olmuşam. Əlbəttə, bunların yanında Nizami Gəncəvini də özəlliklə qeyd etməliyəm. Düzdür, original əsərləri Fars dilindədir, ancaq məncə, sənətdə məharətin, bacarığın nə qədər sonsuz olduğunu əla dərəcədə göstərib. Mən yalnız düşüncə və duyğularımda deyil, məişətlə bağlı özəl həyatımda da onların baxış açısından və fenomenlərə, olaylar və həyata yanaşma tərzlərindən çox yaralanmışam.

– Nədən Milan Kunderanı seçirsən rəflərdən? "Mövcudluğun dözülməz yüngüllüyü"ndə, həqiqətən, dözülməz sətirlər var. Bu əsəri haqqında düşüncələrin maraqlıdır.

– Kunderanın ümumiyyətlə yaratdığı xarakterlər özündən öncəki yazarların hamısından fərqlidir. Biz klassik və naturalist yazarlarda tiplər və qəhramanları, romantisizmin bütün qolları, o cümlədən realism, surrerealism, modernism, ekzistensializm və başqa məktəblərdə xarakterləri görürük. Ancaq birinci dəfə olaraq, onun əsərlərindəki insanlar nə qəhrəmana, nə xarakterə bənzəyir. Variantlardırlar. İkinci məsələ, onun şeirsəl və musiqiyə bənzər dilidir. Ümumiyyətlə, təxminən bütün əsərləri də yeddi not kimi, yeddi hissədən ibarətdir, hətta qeyri-bədii əsərləri. Uşaqlıqda ən böyük sevgisi musiqi imiş və yeniyetmə yaşlarında, şeir. Hər nə isə, özünə xas bir yazardır və həm də çox savadlı birisi. Onun tənqidi baxışını, çox az yazar-şairdə tapmaq olar. Nadir hallarda, məsələn Eliot kimi bir şairdə, yaxud Oskar Uayld kimi bir yazarda bu qədər sənət tənqidçisi olma qabiliyyətini görmək olar.

– Gəncliyinin bir hissəsini İranda keçirmisən, bir şair olaraq belə bir qapalı ölkədə sevgini necə yaşaya bildin? İlk sevgindən danış bizə.

– Sevgi bir tərbiyədir. Doğulandan başlayır. Əlbəttə, İran kimi bir ölkədə düzgün sevgi tərbiyəsi almaq da çox çətindir. Aşiq bütün gözəlliklər və biliklərə vurulur. Əlbəttə, başqa bir insana vurulmaq da bunun bir təzahürüdür. Dediyim kimi, sevgi bir tərbiyə növüdür və bir göz qırpımında adam aşiq olmur. Olursa da, çox güman ki, o eşq deyil, ehtiyacdır. Ona görə, ilk sevgilimın kim olduğunu heç özüm də bilmirəm. Bəzi qız-qadınlara vurulduğum olub, yeniyetmə yaşlarımda da belə, ancaq şeirlərimdə daha çox Çiçək adlı bir qız görə bilərsiz. Tələbəlik illərimin sevgilisi, ancaq şeirlərimdə olan o sevgi də daha çox bədii bir sevgidir.

– Sevgini necə etiraf etmək lazımdır? Bəzən mental düşüncələr buna mane olur, ilk görüşdə sevdiyin adama nə deyirsən?

– Şekspir deyir, sevgisini göstərə bilməyənlər, aşiq deyillər. Bu çox önəmli bir məqamdır və sağlam eşq tərbiyəsi almış birisi, sevgisini göstərməkdən boyun qaçırmır. Ancaq mən ilk görüşlə sevginin yaranmasına da inanmıram. Bu bir ehtiyac ola bilər uzağı. Biologik bir ehtiyac, içgüdüsəl, instinktlə bağlı bir ehtiyac. Başqa canlılarda da var, hətta eş üstündə ölümə gedirlər. Ola bilsin çox da dərin olsun, çün zatən instinktlə bağlıdır. Ancaq yenə təkrar-təkrar deyirəm, sevgi tərbiyə məsələsidir və uşaq doğulandan bəri onu öyrənir.

– Azərbaycan ədəbiyyatı poeziyada nələri əldə edə bilib, nələrə nail ola bilməyib?

– Məncə, hələlik keçid ədəbiyyatıdır, yəni bir nailiyyətdən danışmaq üçün tezdir.


– Daima dilinin ucunda olan, hafizəndən silinməyən şeirdən bizə danış.

– Şekspirin ilk sonetinin başlanışı: “Bütün gözəlliklərin artmasını umuruq. Budur, qızılgülün heç zaman ölməmək nədəni”...

From fairest creatures we desire increase,
That thereby beauty’s rose might never die

Şekspir bu şeirdə aşiqin necəliyindən danışır. Diotimanın Sokrata dediyi sözdən. Yəni vurulduğu gözəlliyi yenidən yaratmaq istəyən birisinə aşiq deyilir. Burada da Şekspir deyir, insan bir gözələ vurulduqda, onun kimi bir gözəl yaratmaq istəyir. Yəni övlad yaratmaq istəyir. Ancaq burada bütün gözəl güllər arasında, qızılgülü örnək gətirir və deyir, qısa ömrünə baxmayaraq, milyon illərlə gözəlliyinin qorunması, onun yeni nəsil yetirməyinə görə, artmasına görədir. Həm də çox incə bir örnək gətirib. Biz çiçək və bitgi vurğunlardan soruşsaz, qızılgül yeganə güldür ki, yabanı təbiətdə özbaşına bitmir. Yəni hansısa bir dağa, meşəyə getsəz, orada qızılgül görə bilməzsiniz. Ona insanın qulluğu gərək. Vaxtında gənələr və göbələyə qarşı dərmanlamaq, onu ildə neçə dəfə budamaq, dibini nəm saxlamaq, qışda kötüyü və kökünü peyinlə qorumaq, həm də qidalandırmaq, yazda qələmələrini torfa, quma əkmək və daha nə qədər qulluq etməklə onu artırmaq və gözəlliyini ölməz etmək mümkundur. Ən önəmlisi budur ki, biz yalnız onu artırmaqla, nəslini qoruya bilərik.

Xəbər lenti