Logo

"Bir gün mən də müəllim ola bilərəm" dedim, xəyallarım məni müəllim etdi" - MÜSAHİBƏ+FOTO

27.04.2023 11:23 2010 baxış
IMG

Xalıqova Nərmin Təvəkkül qızı Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərində Ankara məktəb-liseyində alıb. Ali təhsilini isə Bakı Slavyan Universitetinin Xarici dil müəllimliyi fakültəsində alıb. Hal-hazırda ADA Universitetində Təhsilin idarə edilməsi üzrə magistr təhsili alır.

Tehsil.biz Lerik rayon Tikəband kənd Namiq Hacıyev adına tam orta məktəbdə ingilis dili müəllimi kimi fəaliyyət göstərən Xalıqova Nərminlə müsahibəni təqdim edir:

- Necə oldu ki, müəllim peşəsinə yiyələnmək istədiniz?

- Hələ orta məktəbdə oxuyarkən Azərbaycan dili və ədəbiyyat müəllimim olan Nailə Mehdiyevanı çox sevirdim. Çox gözəl insan və müəllim idi. Həmişə bütün sinif olaraq səbirsizliklə gözləyirdik ki, onun dərsi olsun və hər dəfə müəllimi görəndə düşünürdüm ki, bir gün mən də belə müəllim ola bilərəm. Məhz həmin xəyallar bu gün məni müəllim etdi.

- Sizcə, kənddə müəllim işləməyin üstün və zəif tərəfləri hansılardır?

- Siniflərdə şagird sayı azdır. Bu da şagirdlərlə daha yaxşı məşğul olmağa şərait yaradır. Mənfi tərəflər isə budur ki, tez-tez elektrik problemi olur, məktəbdə istilik sistemi zəifdir. Ancaq bunlara rəğmən məktəb heyəti və şagirdlər həvəslə təhsil ocağına gəlir, dərslərindən geri qalmırlar.

- Kənddə müəllim işləməyə necə qərar verdiniz? Bunu özünüz istədiniz, yoxsa ?..

- Müəllimlərin işə qəbulu imtahanında iştirak etmişdim. Vakansiya seçimi edərkən düşündüm ki, niyə də bir kənd məktəbində işləməyim. Qonşu kəndlərin birində müəllim kimi çalışan tələbə yoldaşım bu kəndi seçə biləcəyimi dedi. Amma burda çalışmağa başladığım ilk gündən eşidən hər kəs "siz əslən Lerikdənsinizmi?”, “burada qohumlarınız varmı?”, - deyə suallar verirlər. Mən cavab verəndə ki, xeyr, heç bir əlaqəm və heç bir qohumum yoxdur, təəccüblənirlər.

- Kəndə ilk gəlişinizi necə xatırlayırsınız? Uşaqların sizə münasibəti necə olmuşdu?

- Hələ rayon təhsil şöbəsinə qeydiyyata gələrkən məni gətirən taksi sürücüsü demişdi ki, o kənd çox ucqar yerdir, qışı çox sərt olur, kənddə yol və qaz yoxdur, siz gedib oranı görsəniz, imtina edəcəksiniz. Açığı biraz qorxmuşdum,amma təhsil şöbəsində sənədlərimi qəbul edən şəxs məni çox cəsarətləndirdi, hər şeyin daha yaxşı olacağını dedi. Daha sonra kəndə gələndə uşaqların və kollektivin xoş rəftarı məni düz qərar verdiyimə inandırdı. İlk günlər dərsə şagirdlərimlə gedib-gəlirdim. Sağ olsunlar, yolu göstərirdilər. Kənd uşaqlarının sevgisi, saflığı çox başqadır. Ümumiyyətlə kənddə müəllimə hörmət çox yüksək səviyyədədir.Yol gedəndə tanımadığım kənd sakinləri hal-əhval tutur, nəyəsə ehtiyacım olub-olmadığını soruşurlar.

- Kənddə və ya məktəbdə sizə təəccüblü gələn maraqlı hadisə, adət-ənənə nələrdir?

- Tikəband kəndi dağlıq bir ərazidir və yol infrastrukturu yoxdur. Şagirdlər dərsə gələrkən rezin çəkmə və qaloşlar geyinirlər. Əllərində də bir təmiz ayaqqabı məktəbə gətirirlər. Bilirsiniz, şəhərdə məktəbə özəl sürücülərlə gedən şəhərdəki şagirdləri gördükdən sonra burada əlində bir çanta, çiynində bir çanta dərsə gələn şagirdləri görəndə insan təəccüblənir. Eyni zamanda bu məktəbdə repetitorluq yoxdur. Şagirdlər sırf məktəb dərsləri hesabına universitetlərə qəbul olurlar.

- Qeyd edirsiniz ki, indi magistr təhsili alırsınız. Bu qərarı necə verdiniz?

- Buraya gələndə gənc, təcrübəsiz, amma həmişə inkişafa açıq olduğumu bilirdim. Burada çalışdığım müddətdə fərqinə vardım ki, daha da özümü inkişaf etdirməliyəm, qərar verdim ki, magistr təhsili alım və ADA universitetinə qəbul oldum. Həmçinin öz ixtisasımda da inkişaf etmək qərarını qəbul etdim. İELTS və TKT beynelxalq sertifikatları əldə etdim bu iki il ərzində. Bununla yanaşı, ADA universitetində əlaçı olduğum üçün seürtifikatla təltif edilmişəm.. Düşünürəm ki, daha da təhsilli və bilgili olaraq bu şagirdlərin təhsil və məişət həyatını daha da yaxşılaşdırmaq olar.

- Gənc müəllimlərə tövsiyəniz nədir?

- Gənc müəllimlərə tövsiyəm odur ki, kənd məktəblərinə getməkdən, orada çalışmaqdan qorxmasınlar. Açığı buradakı mühiti, məncə, heç bir yerdə təcrübə etmək olmaz. Axı bizim təhsilimiz təkcə iri şəhərlərdən ibarət deyil, buradakı şagirdlərin də yaxşı müəllimlərə ehtiyacı var. Düşünürəm ki, belə kənd məktəblərində çalışaraq şagirdlərə yaxşı nümunə, örnək ola bilərik.Bu gün çalışdığım məktəbdə VII sinifdə təhsil alan mənimlə eyni adı daşıyan bir qız şagirdim gələcəkdə ingilis dili müəllimi olacağını deyir. Bunu eşidəndə və ondakı oxuma istəyini görəndə düşünürəm ki, mən bir müəllim kimi artıq nələrisə bacarmışam.

Kənan Nağıbəyli

Xəbər lenti