Logo

Akademik İradə Hüseynova Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclasında iştirak edib - FOTO

05.06.2023 10:22 130 baxış
IMG

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclası Zəngilan rayonunun Ağalı kəndində keçirilib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

İclasda İşçi Qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Şuşa şəhəri Dövlət Qoruq İdarəsinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər.

Toplantıya Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, eləcə də AMEA-nın müxbir üzvü Pənah Muradov və professor Elman İskəndər qatılıblar.

İşçi Qrupunun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirlik tərəfindən Zəngilan və Qubadlı rayonları ərazisində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən meşəbərpa və yeni yaşıllıq sahələrinin salınması tədbirləri, xüsusi mühafizə olunan təbiət əraziləri, eləcə də Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı həyata keçirilmiş tədbirlər, Qoruq ərazisində aparılmış çöl-tədqiqat işləri, flora və fauna növlərinin öyrənilməsi barədə qısa məlumat verib.

İclasda Zəngilan rayonunun biomüxtəlifliyi, işğaldan azad edilmiş ərazilərində bərk məişət tullantılarının idarə olunması, bu ərazilərində yaranan tikinti-söküntü tullantılarının səmərəli idarə olunması və onlardan xammal kimi təkrar istifadə edilməsi, o cümlədən Oxçuçay üzərində (Sayıflı, Sarıqışlaq, Zəngilan və Cahangirbəyli) KSES-lərin tikintisi ilə bağlı, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı faydalı qazıntı yataqlarının istifadəsi haqqında müzakirələr aparılıb, qərarlar qəbul olunub.

Toplantıda təqdimatla çıxış edən akademik İradə Hüseynova Ali Baş Komandanın rəhbərliyi ilə və Azərbaycan ordusunun rəşadəti sayəsində işğaldan azad ediləndən sonra Qarabağa elmin “Böyük Qayıdış”ının məhz Zəngilandan başladığına diqqət çəkib. Regionda aparılan ilk monitorinqlərdə AMEA-nın mərhum müxbir üzvü Tofiq Məmmədov, daha sonralar Botanika, Zoologiya, Mikrobiologiya, Dendrologiya, Torpaqşünaslıq və Aqrokimya, Radiasiya Problemləri, Geologiya və Geofizika və s. institutların əməkdaşları iştirak ediblər.

Zəngilan rayonunun landşaft örtüyü, torpaq və su resursları, iqlimi haqda qısa danışan akademik İradə Hüseynova regionun flora və fauna biomüxtəlifliyi ilə zəngin olduğunu xüsusi vurğulayıb, bu müxtəliflik, eyni zamanda rayon ərazilərindən Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşmüş bitki və heyvan növləri haqqında məlumat verib.

AMEA-nın vitse-prezidenti alimlərimiz tərəfindən rayon ərazilərində, xüsusən Oxçuçay, Həkəri, Bəsitçay çaylarının yatağı və hövzələrində aparılmış floristik və faunistik, mikrobioloji, radioekoloji tədqiqatlar və bu tədqiqatların mühüm nəticələri barədə toplantı iştirakçılarını məlumatlandırıb.

Xəbər lenti