Logo

"Fransa və ABŞ-ın diktəsi ilə sülh prosesindən yayınmaq Ermənistan üçün yaxşı heç nə vəd etmir"

25.11.2023 17:06 345 baxış
IMG

Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda sülh və əməkdaşlığı təşviq etdiyi halda, Ermənistan regionu müxtəlif güclərin geosiyasi qarşıdurma meydanına çevirmək yolu tutur. Ermənistanın destruktiv mövqedən çıxış etməsi, həlledici qərarlar qəbul etmək məqamında lazımi siyasi iradə göstərə bilməməsi, əslində, bizim üçün heç də yenilik deyil.

Rəsmi İrəvanın danışıqlar prosesini son üç ildə imitasiya xatirinə davam etdirməsi Azərbaycan Ordusunun bu il sentyabrın 19-20-də lokal antiterror tədbirlərinə başlamasına, Qarabağdakı xunta rejiminin özünü buraxmağa məcbur edilməsinə və Ermənistanın tam hərbi-siyasi məğlubiyyətinə gətirib çıxarıb. Lokal antiterror tədbirlərindən sonra regionda formalaşan yeni geosiyasi reallıq hazırda beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur. Qarabağdakı xunta rejiminin süqutu fonunda işğalçılıq planları tam iflasa uğrayan rəsmi İrəvanın erməniəsilli şəxslərin Qarabağdan könüllü köçü ətrafında qaldırdığı saxta kampaniya da faktiki olaraq nəticəsiz olub.

Hazırda proseslərin Azərbaycanın xeyrinə işlədiyini yaxşı başa düşən Ermənistan sülh danışıqlarını “tormozlamaq”, pozmaq yolunu seçib. Bunun əsas səbəblərindən biri də Ermənistanın Rusiya və Qərb arasında tədricən geosiyasi rəqabət meydanına çevrilməsidir. Xüsusilə Fransa və ABŞ Cənubi Qafqazda sülhün tez bir zamanda bərqərar olmasını Rusiyanın maraqlarına cavab verən proses kimi dəyərləndirir, buna mane olmaq üçün İrəvana təsirlərini gücləndirməyə çalışırlar.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri professor İsaxan Vəliyev söyləyib. Professor bildirib ki, ABŞ və Fransa 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr kimi Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, beynəlxalq hüquq normalarının, haqqın, ədalətin bərpası istiqamətində real addım atmayıblar, əksinə, “status-kvo”nun olmasına cəhd ediblər. Bu ölkələrin münaqişəyə münasibətdə tərəf tutmalarının aşkar nümunələrindən biri də Azərbaycan ərazisində separatçı rejimə maliyyə və digər yardımları göstərmələri, separatçılığı açıq şəkildə dəstəkləmələri olub.

Professor İsaxan Vəliyev deyib: “ABŞ, Fransa və digər bir sıra dövlətlər İkinci Qarabağ müharibəsindən, eləcə də lokal antiterror tədbirlərindən sonra regionda formalaşan yeni geosiyasi reallıqları həzm edə bilmirlər. Azərbaycanın 30 ildən çox davam edən münaqişəyə və işğal faktına birdəfəlik son qoyması, regionda sülh gündəliyini diktə etməsi Ermənistanı himayə edən bu dövlətləri nədənsə ciddi narahat edir. Azərbaycan və Ermənistan arasında “vasitəçi” roluna iddialı olan ABŞ və Fransanın beynəlxalq hüququn normalarından və indiyədək əldə olunmuş razılaşmalardan çıxış etməmələri, tərəf tutmaları tamamilə yolverilməzdir.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynın noyabrın 15-də Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə altkomitəsində keçirilən dinləmələr zamanı ölkəmiz əleyhinə səsləndirdiyi qərəzli fikirlər, eləcə də Fransanın iftira kampaniyasını son aylarda daha da genişləndirməsi, Ermənistana silah satması Vaşinqton və Parisin Cənubi Qafqazdakı proseslərə obyektiv mövqedən yanaşmadıqlarını göstərir. ABŞ rəsmisi Ceyms O'Braynın qondarma “Dağlıq Qarabağ” ifadəsindən istifadə etməsi isə təkcə erməni separatizminə dəstək deyil, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə aşkar hörmətsizlikdir.

ABŞ Konqresinin yuxarı palatasının noyabrın 16-da Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan qanun layihəsini təsdiqləməsi də təəssüf doğurur. Bu layihə ilə ABŞ Prezidentinin Azərbaycana münasibətdə 907-ci düzəlişi dayandırmaq səlahiyyətinə son qoyulub. Qeyd edilənlər göstərir ki, ABŞ-ın Cənubi Qafqazda sülhdə maraqlı olması ilə bağlı bəyanatları qeyri-səmimidir.

Belə görünür ki, həm ABŞ, həm də Fransa regionda siyasi-hərbi gərginliyi yenidən alovlandırmaq istəyi ilə Ermənistana təsir imkanlarını genişləndirməyə, onu Rusiyaya qarşı yeni demarşlara təhrik etməyə çalışır. Ermənistanın yekun sülh sazişi imzalaması, regional əməkdaşlıq təşəbbüslərinə qoşulması, Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırılması həmin ölkələrin regiondakı məkrli maraqlarına cavab vermir. Çünki Vaşinqton və Paris Ermənistanın hazırkı miskin durumundan sui-istifadə etməklə, bu ölkə vasitəsilə Cənubi Qafqazda nüfuz imkanlar əldə etməyə çalışırlar. Rəsmi İrəvanın son bir ildə Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlardan imtina etməsinin əsasında da məhz bu amil – ABŞ və Fransanın təsirləri dayanır.

Ümumiyyətlə, bu gün ABŞ Administrasiyasının Cənubi Qafqazdakı proseslərə münasibəti Fransadan o qədər də fərqlənmir. ABŞ və Fransa rəsmilərinin qərəz püskürən ritorikası fonunda bu ölkələrin vasitəçiliyinin obyektiv və səmərəli olacağı da ciddi şübhələr doğurur. Rəsmi Bakının Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin noyabrın 20-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşdən imtina etməsi bu baxımdan kifayət qədər əsaslı addım olub. Azərbaycan bu qətiyyətli diplomatik gedişi ilə ABŞ-a, Fransaya ölkəmizlə təhdid dilində danışmaq cəhdlərinin qəbuledilməz olduğunu göstərib, Cənubi Qafqaz regionunu geosiyasi rəqabət və qarşıdurma meydanına çevirmək planlarına qarşı etirazını ifadə edib.

Azərbaycanla yekun sülh müqaviləsini imzalamaqdan müxtəlif bəhanələrlə yayınması, ölkəmizə qarşı absurd iddialarından əl çəkməməsi bu gün Ermənistanın öz əleyhinə işləyir, onu ABŞ və Fransanın əlində alətə çevirir.

Qarabağdakı xunta rejiminin ləğvi, eləcə də İran ərazisindən keçməklə, Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək yeni dəmir və nəqliyyat yollarının çəkilməsi barədə rəsmi Tehranla əldə olunmuş razılaşmalar fonunda Ermənistanın kənar təsir altına düşərək, yekun sülh sazişindən yayınması tamamilə absurd addımdır. Əksinə, indiki halda Azərbaycanla sülhün əldə edilməsi, regionda sabitliyin təmini, Türkiyə ilə əlaqələrin bərpası, kommunikasiya əlaqələrinin yaradılması Ermənistanı üzləşdiyi təcrid və dalan ölkə vəziyyətindən xilas edə bilər. Odur ki, İrəvan gec olmadan ABŞ və Fransanın diktəsi ilə davranmağın onun üçün hansı acı və fəlakətli nəticələrə səbəb olacağını düzgün qiymətləndirməlidir”.

Xəbər lenti