Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Pedaqogika elmi və müasirlik” mövzusunda respublika elmi konfransı keçirilib.
BDU-dan "Tehsil.biz"ə bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin Sosial elmlər və psixologiya fakültəsinin dekanı dosent Rövşən Cavadov Ümummilli Lider Heydər Əliyevin elm və təhsilimizin, mədəniyyətimizin tərəqqisindəki xidmətlərindən danışıb, Ulu Öndərin zəngin siyasi irsinin gənclərə örnək olduğunu bildirib. Pedaqogika və psixologiya elmlərinin təhsildə mühüm rolunu qeyd edən Rövşən Cavadov bu elmlərin inkişafına daha böyük diqqət göstərilməsinin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir.
BDU-nun Pedaqogika kafedrasının professoru Nübar Muxtarova Ulu Öndər tərəfindən yaradılan azərbaycançılıq ideologiyasında təhsil siyasətinin inkişafın əsas cəhətlərindən biri kimi təqdim edildiyini vurğulayıb. O bildirib ki, həyatını müəllimliyə həsr edən insanları fədakar, qəhrəman, xalqına, millətinə sədaqətli insanlar hesab edən Ulu Öndər hər zaman Azərbaycan müəllimlərinə xüsusi diqqət və qayğı ilə yanaşıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri Müseyib İlyasov “Pedaqoji təhsildə magistr hazırlığının təkmilləşdirilməsi istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib.
ADPU-nun İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri Fərrux Rüstəmovun “Təlimdə uğur qazanmağın tək səbəbi: uşağa sevgi və inam” adlı məruzəsində isə təhsil prosesində şagird-müəllim münasibətləri təhlil olunub, bu sahədə yaranan problemlərin həlli yolları izah edilib.
Konfrans işini bölmə iclasları ilə davam etdirib.