Logo

Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin cari vəziyyəti müzakirə olunub

05.06.2024 19:27 254 baxış
IMG

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə 1 iyun tarixində baş tutan “III Milli Kibertəhlükəsizlik Forumu”nda “Kibertəhlükəsizlik ekosisteminin cari vəziyyəti” adlı panel müzakirəsi baş tutub.

Ölkəmizdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin olunması sahəsində səlahiyyətli, o cümlədən müxtəlif sahələr üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin bir araya gəldiyi paneldə kibertəhlükəsizlik ekosisteminin cari vəziyyət müzakirə edilib və ekosistemin inkişaf etdirilməsinə dair təklif və tövsiyələr səsləndirilib.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı İsgəndər Həsənovun moderatorluğu ilə baş tutan panel müzakirəsində Dövlət Təhlükəsizliyi Xidmətinin idarə rəisi Elçin Mahmudov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Tofiq Cəfərli, Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov, TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Rəqəmsal Tibbi Həllər” MMC-nin departament rəhbəri Namiq Heydərov iştirak edib.

İlkin olaraq, panel iştirakçıları tərəfindən kibertəhlükəsizlik ekosistemin cari vəziyyəti barədə ətraflı məlumat verilib, o cümlədən paneldə təmsil olunan qurumlar tərəfindən informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlərə dair məlumatlar Forum iştirakçılarının diqqətinə çatdırılıb.

Daha sonra, panel iştirakçıları tərəfindən kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi, eləcə də ölkədə kibertəhlükəsizliyin daha effektiv təmin edilməsi məqsədilə atıla biləcək addımlara dair tövsiyə və təkliflər səsləndirilib. Kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə əməkdaşlığın intensivləşdirilməsi, bu sahədə mövcud normativ-hüquqi bazanın təkmilləşdirilməsi və dövrün tələblərinə uyğunlaşdırılması, milli məhsul və həllərin inkişaf etdirilməsi, texnoparkların formalaşdırılması və yerli istehsalçılara dəstəyin genişləndirilməsi, sahəvi CERT-lərin yaradılması, o cümlədən informasiya texnologiyaları sahəsində biliklərə malik mütəxəssislərin hərbi xidmətə cəlb olunması zamanı onlara xüsusi diqqətin ayrılması və ixtisasları üzrə işlərə cəlb edilməsi, habelə təşkilatlarda çalışan əməkdaşların informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması üçün əlavə addımların atılması panel iştirakçıları tərəfindən səsləndirilən təklif və tövsiyələrin mühüm hissəsini təşkil edib.

Xəbər lenti