Logo

Elşad Yunusov: Ekoloji şüur vacib məsələdir

27.11.2024 15:37 136 baxış
IMG

“İqlim dəyişiklikləri ilə bağlı şagirdlərdə hansı bacarıqlar formalaşdırılmalıdır?”

“PISA 2029-da ətraf mühitlə bağlı qiymətləndirmə həyata keçirilərsə, bir çox ölkələr artıq öz işinin nəticəsini ölçəcəklər”. Elm və təhsil naziri Emin Əmrullayev bu günlərdə mətbuata verdiyi açıqlamada COP29 tədbirlərindən sonra yaşıl təhsil və ətraf mühit dəyişiklikləri ilə bağlı məktəb və universitetlərdə işin daha da sürətlənəcəyini deyib.

Deməli, Azərbaycanın bu təşəbbüsünün reallaşması ilə insanlarda iqlim dəyişiklikləri ilə bağlı daha çox məlumat olacaq. Dünyada təsdiqini tapmış həqiqətdir ki, iqlim dəyişikliyində ən önəmli rolu məhz insan həyata keçirir.

Bakı Mühəndislik Universitetinin kimya və biologiya kafedrasının baş müəllimi Elşad Yunusov TƏHSİL.BİZ -ə müsahibəsində insan amilinin roluna diqqət çəkərək deyib ki, ətrafımızda nə görürüksə, hamısı iqlim dəyişikliklərinin tərkib hissəsidir: “İqlim dəyişiklikləri 2 istiqamətdə - təbii və antropogen amillərin təsiri ilə baş verən prosesdir. Son bir əsrdə bu proses xüsusi ilə sürətlənib. Müşahidələr, hətta prosesin təhlili göstərir ki, buna təbii amillərdən çox biz insanlar səbəb oluruq. Odur ki, problemin qarşısını almağa məhz insandan başlamalıyıq”.

İnsan nəyi dəyişib?

İnsanın nəyi dəyişdiyini NASA-nın son statistik məlumatları aydın göstərib. 1880-ci ildən 2020-ci ilə qədər olan müddətdə baş verən dəyişikliklərdən görünür ki, göstəricilər temperaturda yüksək artımdan xəbər verir. Ən yüksək göstəricilər ilk dəfə 1940-cı ildə qeydə alınıb. Bu da müharibələrin iqlimə göstərdiyi təsiri aydın şəkildə gözlər önünə sərir: “Arktikanın peykdən çəkilişi buzlaqların 12.2 faiz kiçildiyini göstərib. Bu, çox ciddi rəqəmdir. Bizə görə faizlər rəqəm ifadəsində çox asan görünə bilər, ancaq onların təhlilinə baxdıqda bu prosesin sonunda dünyanın ciddi problemlərlə üz-üzə qaldığını aydın görürük”.

Mütəxəssis hesab edir ki, ilk növbədə, dünyanı qlobal istiləşməyə səbəb olacaq faktorlardan qorumalıyıq.
Necə? Baş müəllimin fikrincə, bu, insan beynindən, düşüncəsindən başlayır.

Yetişdirdiyimiz nəsil bunları bacarmalıdır

E.Yunusov məktəbdə tədqiqat bacarıqlarını çox vacib hesab edir: “Beynəlxalq dərslikləri, beynəlxalq proqramları təhlil etsəniz, görərsiniz ki, irəlilədikcə şagirdlərin əlindən dərslikləri alınır, onlara fəaliyyətlər təqdim olunur. Məsələn, şagirdlər təcrübə aparıb nəticə çıxarır və nəticəni müəllimə təqdim edir. Buna “tədqiqat əsaslı öyrənmə” deyirlər. Şagird fəaliyyəti həyata keçirir, müəllim, sadəcə nəticəni şagirdlərlə müzakirə edir, şagirdin tədqiqatçı ruhunun olub-olmadığını müəyyənləşdirir. Bundan sonra müəllimin quracağı dərs maraqlı və hədəfə doğru yönəlir”.

Analitik düşüncə qədər kritik düşüncə də vacibdir. E.Yunusovun fikrincə, müəllimlər şagirdlərində kritik düşüncəni inkişaf etdirməlidirlər: “Davamlı riyazi hesablamalar aparan şəxslər qarşılarına məsələ çıxan kimi dərhal həll edirlər. Şagirdlərimizə davamlı kritik düşüncə imkanı verməsək, problem-situasiya yaradıb onun həllini şagirdə həvalə etməsək, onlar çözümlər verə bilməyəcək, sadə situasiya qarşısında belə çaşıb qalacaqlar”.

Bu gün uşaqlara məktəblərdə təlqin edilməlidir ki, harada gəldi piknik çadırı qura, ağac kəsə bilmərik. Bu baxımdan ekoloji şüur vacib məsələdir”.

“Yaradıcı düşüncəni formalaşdırmaq üçün şagirdlərinizi davamlı olaraq iqlim dəyişiklikləri ilə bağlı layihələrə cəlb edin. Onların düzəltdiyi şeylərə sadə gözlə baxmayın”, - deyən E.Yunusov hesab edir ki, məntiqi, tənqidi və yaradıcı təfəkkürü formalaşdırmadan buna nail ola bilməzlər: “Yaradıcı təfəkkür tənqidi təfəkkürdən doğur. Ziddiyətli düşünməsən, həqiqətin ortaya çıxmasına səbəb ola bilməzsən. Şagirdlərimizdə ekoloji düşüncə formalaşdırmasaq, onlara “Ətraf mühiti qorumasaq, başımıza nə gələcək?”, - sualını düzgün verməsək, yetişdirdiyimiz nəsil gələcəyin qurulmasında faydalı addım ata bilməyəcək”.

Xəbər lenti