Cari ilin oktyabrın 12-dən Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib olmuş “Zəfər yolu – elmin və biliyin gücü” adlı layihənin icrasını təmin etmək məqsədilə altımərhələli intellektual bilik yarışı keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, yarışın 5 mərhələsi artıq keçirilib. Layihənin rəhbəri Abşeron rayonu Veysəl Musibov adına 5 nömrəli tam orta məktəbin biologiya müəllimi Jalə Qasımovadır.
Layihənin məqsədi məktəblilər arasında güclü təhsil sayəsində yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün təhsilalanlar arasında intellektual müsabiqənin keçirilməsi, məktəblilər arasında ölkəmizin, xüsusilə dilbər guşəmiz olan Qarabağın tarixi, təbiəti, mədəniyyəti haqqında ümumi dünyagörüşünün formalaşdırılması, milli-mənəvi dəyərlərə hörmət, sevgi, vətənpərvərlik hisslərini aşılayan, həmçinin şagirdlərdə liderlik bacarığının aşkara çıxarılması, məntiqi təfəkkürün artırılması, stresə dözümlülük və özünüinkişaf proqramına qoşulmaları, istedadlı şagirdlərin tanınması və şagirdlər arasında psixososial sağlam münasibətlərin qurulmasıdır.
Layihə çərçivəsində Abşeron-Xızı Regional Təhsil İdarəsi və İdarəyə tabe olan məktəblər (Abşeron rayonu Veysəl Musibov adına 5 nömrəli tam orta məktəblə yanaşı, ona yaxın ərazidə yerləşən 1, 2, 3, 7 və 9 nömrəli Xırdalan şəhər tam orta məktəbləri də daxil olmaqla) iştirak edir.
Dekabrın 7-də yarışın yarımfinal mərhələsi keçirilib: Abşeron rayonunun 1, 5 və 7 nömrəli tam orta məktəblərini təmsil edən komandalar yarımfinala çatıblar. Dekabrın 21-də yarışın final mərhələsi keçiriləcək və həmin komandalar finalda bilikləri ilə qələbə uğrunda mübarizə aparacaqlar.
Onu da qeyd edək ki, finalda bütün komanda üzvlərinə sertifikatlar və hədiyyələr, qalib komandaya isə xüsusi hədiyyələr veriləcək.
Tural Quluzadə