Logo

Məktəb mühiti kitab alışqanlığını artırır

16.12.2024 10:35 143 baxış
IMG

Hər bir şəxsin ailədən başlayan təməl düşüncə prinsipləri məktəb illərində davam etməkdədir. İnsanın mənəvi aləminin zənginləşməsində, onun sosiallaşmasında məktəb mühiti böyük rol oynayır. Məktəbdə əldə olunan təlim-tərbiyə uşaqların sosial davranışlarına, ünsiyyət bacarıqlarının formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Məktəb şagirdlərin mənəvi dünyasına yol açaraq oxu mədəniyyətini formalaşdırır. Məktəblilər mütaliə kimi müsbət keyfiyyətli vərdişi davamlı həyata keçirdikdə müsbət nəticələr əldə edirlər. Belə ki, mütaliə alışqanlığının yaranması və inkişafında məktəb ən mühüm rol oynayır. Bəs məktəblərdə bu alışqanlığın yaradılması üçün müəllimlərin fəaliyyət istiqamətləri hansı formadadır? Şagirdlər kitaba maraq göstərirmi? 

“Keçmişdə kitabların təsiri altında peşə, sənət seçən şəxslər də olub”

Bu kimi sualları TƏHSİL.BİZ -ə cavablandıran Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri pedaqogika elmlər doktoru, professor Müseyib İlyasov bildirib ki, əksər uşaqların telefonda, kompüter qarşısında saatlarla oyun oynamaları onların kitablarla ünsiyyətini zəiflədir. Ümumiyyətlə, yeni texnoloji alətlər şagirdlərin kitabla məşğul olmasına maneəçilik törədir: 

“Şagirdlərlə ünsiyyət zamanı onlar yarım il ərzində bir kitab oxuduqlarını söyləyirlər. Bu göstərici çox azdır. Onlar öz dərsliklərini oxumaqla kifayətlənməməlidirlər. Təbii ki, mütaliə vərdişlərinin artmasında məktəbin üzərinə də böyük məsuliyyət düşür. Məktəblər sistemli şəkildə özünütəhsil proqramı hazırlamalıdır. Bunun nəticəsində, proqram əsasında şagirdləri mütaliəyə cəlb eləmək mümkün olacaq. Deyərdim ki, bu işdə kitabxananın rolu mühümdür. Kitabxana bu işdə fəallıq göstərməlidir. Məktəb kitabxanaları şagirdlərlə daim ünsiyyətdə olmalı, onlara kitab verməli və kitabı geri götürəndə sorğu-sual etməlidirlər. Məktəblər bununla bağlı klublar yaratmaqla, konfrans, yarışlar keçirməklə uşaqların son dövrdə oxuduğu kitabları müzakirə etməlidirlər. Bu işgüzar fəaliyyətlə məşğul olmaq üçün ayrıca müəllim təyin olunması məqsədəuyğundur. Müəllimlər şagirdləri sinifdənkənar oxulara cəlb etməklə uşaqların mütaliə mədəniyyətinin artmasına şərait yaradarlar. Bu şəkildə məktəblərdə iş aparılsa şagirdlər arasında kitaba maraq artar. Əsasən, sinifdən və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavinləri birbaşa bu işə rəhbərlik etməli, sinif rəhbərləri ilə əlaqəli şəkildə işləməlidirlər. Təcrübədə faydalı olan hər bir fəaliyyət məktəblərdə tətbiq edilsə gələcək inkişaf baxımından çox əhəmiyyətli olacaqdır”. 

Onun sözlərinə görə, keçmişdə müəyyən kitabların təsiri altında peşə, sənət seçən şəxslər də olub. M.İlyasov bir vaxtlar ölkəmizdə hüquqşünasların, hüquq fakültəsinə daxil olanların çoxunun Süleyman Rəhimovun “Mehman” povestindən ilhamlandığını, əsərin qəhrəmanı Mehman kimi prokuror olmaq arzusunda olduğunu vurğulayıb: “M.Qorki deyib ki, məndə olan bütün yüksək keyfiyyətlər üçün kitablara borcluyam. Təkcə o yox, bütün ziyalı adamların hamısı bu şəkildə düşünürlər ki, yaxşı olan keyfiyyətlərin çoxu kitablardan ötürülüb. Yüksək keyfiyyətə malik olan dəyərləri, xüsusiyyətləri öyrənmək, mənimsəmək, müzakirə eləmək uşaqlarda mütaliə alışqanlığını formalaşdırmaqla yanaşı, həm də tərbiyəsinə müsbət təsir göstərir”. 
O əlavə olaraq qeyd edib ki, uşaqların  kitabla daha çox ünsiyyətdə olması, sağlam mühit şəraitində böyüməsinə təsir göstərir. 

Məktəbdə mütaliə…

“Şagirdlərin təlim-tərbiyəsində mütaliənin rolunu dərk edərək şagirdlərimizi bədii qiraətə yönəldirik”

Quba rayonunun Küpçal kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Afət Fətullayeva şagirdlərdə kitab oxuma vərdişlərini formalaşdırmaq üçün məktəbdə ibtidai sinifdən başlayaraq şagirdlərdə mütaliəyə həvəs yaratdığını bildirib: “Məlumat üçün onu bildirim ki, III-IV sinfimizdə şagirdlərin yaş həddinə uyğun kitab guşəsi yaratmışıq və uyğun vaxtlarda ordan kitablardan hər hansı birini seçib şagirdlərlə oxuyaraq müzakirə edirik. V-XI sinif şagirdləri ilə müxtəlif şairlərin, yazıçıların həyat və yaradıcılığına aid gecələr təşkil edilir. Belə tədbirlərdə fərqlənən şagirdlərimizi təltif edirik. Bundan başqa, kitabxana işinin təşkilinə diqqət edir, “fəal oxucu”  guşəsində bədii qiraətlə daha çox məşğul olan şagirdlərimizin şəkillərini nümayiş etdiririk. “Oxuyaraq qazanaq” devizi  altında şagirdlərimiz bir-birinə müxtəlif kitablar bağışlayaraq mütaliələrini daha da genişləndirirlər”. 

Afət Fətullayevanın fikrincə, həyatda daha çox mütaliə edən insanlarda düşüncə tərzi, fikrini ifadə etmə bacarığı digər fərdlərə nisbətən fərqlidir, yüksəkdir. Bu, şagirdlər arasında da belədir. Bu kimi fəaliyyət şagirdlərdə kitaba sevgi aşılayır, analitik düşüncə təfəkkürünü formalaşdırır. Eyni zamanda, sərbəst fikir yürütmə azadlığı, sağlam rəqabət yaradır.

Əlavə olaraq, Afət Fətullayeva mütaliənin şagird şəxsiyyətinin formalaşmasına, onların dünyagörüşünün artmasına, oxuyub - anlama bacarıqlarının inkişafına təsir edən mühüm amillərdən olduğunu söyləyib. “Məktəb olaraq,  cəmiyyətə sağlam ruhlu şəxsiyyət qazandırmaq üçün mütaliə işinin təşkilinə ciddi yanaşır, şagirdlərin təlim-tərbiyəsində mütaliənin rolunu dərk edərək şagirdlərimizi bədii qiraətə yönəldirik”.
Məktəblilərdə mütaliə vərdişi bizi sevindirir

“Mütaliə həvəsimin yaranmasında təhsil aldığım məktəbin rolu danılmazdır”

Kitaba olan marağının uşaq vaxtlardan yarandığını, məktəbimizin də bu işdə çox böyük rol oynadığını qeyd edən Fədayə Osmanova Quba rayon Küpçal kənd tam orta məktəbin 9-cu sinif şagirdidir.

“Evimiz kənd evi olduğu üçün isti havalarda bağımızda ağac kölgəsində, soyuq aylarda isə öz otağımda odun sobasının yanında, sakit  yerdə kitab oxumağı sevirəm. Roman, hekayə, komediya, dram janrında olan əsərlərə meylim çoxdur. Ümumiyyətlə, kitab oxuyanda daha çox xoşbəxt oluram, oxuduğum əsərlərdə təsvir olunan dünyaya sanki səyahət edirəm. Bəzən elə olur ki, hər hansı bir obrazın dilində öz düşüncələrimi görürəm. Mütaliə mənim düşüncə tərzimə və dünyaya baxışıma yaxşı mənada  təsir edir. Bu həvəsimin yaranmasında təhsil aldığım məktəbin rolu danılmazdır”.

“İlk hekayəmi oxuduqdan sonra fərqli obrazlara marağım yarandı”

Həmin məktəbin 10-cu sinif şagirdi Şakir Faiqoviç hələ kiçik yaşlarındaykən  yaşıdlarından fərqlənirdi. 5 yaşında olarkən kitabı səlis oxuma bacarığına malik olan Şakirin ilk oxuduğu əsər “Əlibaba və qırx quldur”dur. İlk hekayəmi oxuduqdan sonra fərqli obrazlara marağım yarandı və zamanla oxuduğum əsərlərin sayı çoxaldı. Məktəb mühiti kitab alışqanlığımı daha da artırıb. Xüsusilə oxuduğumuz əsərləri yaşıdlarımla müzakirə etmək daha əyləncəlidir. Ən çox üz tutduğum məkan məktəbin kitabxanasıdır. Orada şagirdlər üçün müxtəlif janrlarda kitab alma imkanı var və bu da daha çox kitab oxuma imkanı yaradır. Müəllimlərimiz də müntəzəm olaraq kitaba sevgi yaradır, müxtəlif yarışlar təşkil edir, qalibləri mükafatlandırırlar”.

Kitab oxumaq üçün mütləq sakitliyin olması Şakirin əsas prioritetlərindəndir. O, xüsusilə axşam saatlarında mütaliəyə üstünlük verir və bu da onun yuxu keyfiyyətini artırır.

Xəbər lenti