Müasir dünya reallıqları ali təhsil sahəsində qlobal dəyişiklikləri qaçılmaz edir. Əmək bazarının tələbləri yüksək biliklə yanaşı,daha çox səriştə və bacarıqlar tələb edən ixtisaslara fokuslanır. Məzunların mühəndislik, süni zəka, data elmləri sahəsində bilikləri artıq universitet tədris proqramlarında yenilikləri labüd edir. Ali təhsil müəssisələrimiz bu yeniliklərə nə dərəcədə hazırdır və hansı addımlar atır? Universitetlərimizdə süni intellekt fənləri tədris olunurmu?
TƏHSİL.BİZ bu mövzu ilə bağlı yeni layihəsində ölkə universitetlərinin bu qlobal trendə münasibətini öyrənməyə çalışacaq.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu çağırışlara necə cavab verir?
Müsahibimiz UNEC-in Tədrisin təşkili şöbəsinin müdiri dosent Sevda Sərdarovadır. Sevda Sərdarova “Azərbaycan müəllimi”nə UNEC-də təhsil proqramlarındakı yeniliklər barədə danışdı.
- İlk növbədə, qeyd edim ki, universitetdə ilk dəfə tədrisi həyata keçirilən 193 fənn üzrə xarici və yerli təlimçilər cəlb edilməklə - ümumilikdə 5 təlim proqramı təşkil edilib. Keçirilmiş təlimlərin nəticəsi olaraq fənlərin tədrisində ixtisaslaşmış xarici universitetlərdən dəvət edilmiş mütəxəssislər təlim iştirakçıları ilə öz təcrübələrini bölüşməklə yanaşı, fənn üzrə tədris materiallarının formalaşdırılmasını da təmin ediblər. Hazırda 18 yeni fənn üzrə xarici təlimçilər ilə birlikdə dərsliklərin yazılması həyata keçirilir. Bununla yanaşı, təlimdə iştirak etmiş UNEC əməkdaşları ümumilikdə 809 beynəlxalq səviyyəli QR kodlu müvəffəqiyyət sertifikatı əldə ediblər.
Ümumilikdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində təlimlərin davam etdirilməsini təklif edirik. Belə ki, növbəti təlimlər əvvəl keçirilmiş təlimlərdən fərqli olaraq fənlər üzrə hazırlanmış vahid proqramlara uyğun tədrisin təşkil edilməsi məqsədilə keçirilə bilər. Hazırda universitet üzrə bakalavriat səviyyəsində 940 fəndən 325 fənnin, magistratura səviyyəsində BMDM-də 704 fəndən 29 fənnin, UNEC Biznes məktəbində isə 372 fəndən 10 fənnin bütün tədris dilləri üzrə vahid fənn proqramları hazırlanıb. Təlim proqramlarında təlimçi qismində müxtəlif bölmələrdə fənləri tədris edən seçilmiş müəllimlərin cəlb edilməsi ilə keçirilməsi nəzərdə tutulan bu təlimlər fənlərin spesifikliyinə uyğun olaraq dərslərin praktikliyinin təmin edilməsinə, təlim nəticələrinin ölçülməsinə xidmət edən imtahan sualları və test tapşırıqlarının, habelə keyslərin daha keyfiyyətli tərtib edilməsinə xidmət edəcək.
Bundan əlavə, biz müəllimlərimizin ixtisas sahələri üzrə təkmilləşdirilməsi məqsədilə onlar üçün 300 yaxın beynəlxalq təlimçi cəlb etməklə təlimlər təşkil etmişik. Hazırda 10 proqram üzrə yeni müasir təlim proqramları üzrə təlimlər təşkil edirik. Təlimlər Riyaziyyat-statistika, ekonometrika, ali makroiqtisadiyyat (40 saat, təlimçi professor Yadulla Həsənli), Layihələrin yazılması və idarə edilməsi (10 saat, təlimçi professor -doktor Salih Şahin), Maşın öyrənmə əsaslı adaptiv tədrisin təşkili (30 saat), Kompetensiya əsaslı tədris prosesinin təşkili (20 saat), Dərin öyrənmə və neyron şəbəkələri (30 saat, təlimçi Yıldız Yexnik Universitetinin dosenti Ahmet Elbir) proqramları üzrə keçirilir.
-Bu təlimlər universitet müəllimlərinə nələr qazandırır?
-Nəticə etibarilə təlimlər müxtəlif bölmələr üzrə müəllimlərin tədris metodikası sahəsində üstün təcrübələrinin mübadiləsinə imkan yaradacaq. Bu məqsədlə növbəti tədris ilinin payız semestrindən başlamaqla təhsilin I ili üzrə əksər ixtisaslarda tədris olunan və həmin ixtisaslar üzrə baza hesab edilən əsas fənlər müəyyən edilməklə təlim keçirilməsi üçün 5 fənn – (“Xətti cəbr və riyazi analiz”, “İKT-baza kompüter bilikləri”, “İqtisadiyyata giriş”, “Kimya”, “Xətti cəbr və analitik həndəsə”) müəyyənləşib. Nümunə olaraq həmin fənlərdən “İqtisadiyyata giriş” fənni üzrə mayın təlim proqramı hazırlanıb. Bu yanaşma ilə hər semestrdə tədris olunan fənlər müəyyənləşdirilərək fənlərin tədrisi üzrə təcrübə mübadiləsi çərçivəsində təlimlərin ardıcıllıqla keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı olaraq müəllimlərin aparıcı xarici universitetlər (Harvard, Massaçusets, Boston) tərəfindən keçirilən fənlər üzrə təlimlərə qoşulması istiqamətində də imkanlar araşdırılır. Belə ki, qeyd edilən universitetlərin təlim proqramlarına qoşulmaqla bağlı artıq ilkin müzakirələrə başlanılıb.
Mikroiqtisadiyyat, mühasibat, menecment, çarketinq və s. bu kimi fənlər üzrə yetərli ingilis dili bilik səviyyəsi olan müəllimlərin layihəyə cəlb edilərək təlim proqramlarında iştirakının təmin edilməsi nəzərdə tutulur. Müsbət nəticələndiyi halda beynəlxaq təlimlərə cəlb edilmiş əməkdaşların əldə etdikləri bilik və bacarıqlarının kafedraların digər əməkdaşları ilə paylaşılması yolu ilə fənlərin tədrisinin beynəlxalq təcrübəyə uyğunlaşmasının təmin edilməsi də mümkün olacaq.
-UNEC-də tədris proqramlarında süni intellektin tətbiqi ilə bağlı hansı yeniliklər var?
- Hazırda universitetdə süni intellektlə bağlı bakalavriatura və magistratura səviyyələrində 21 fənn tədris olunur. Bakalavriat səviyyəsində “Süni intellekt”, “Süni intellekt tədqiqat metodları”, magistraturada isə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) “İqtisadiyyatda süni intellekt sistemləri və biliklərin idarə edilməsi”, “Süni intellekt və ekspert sistemləri”, UNEC Biznes Məktəbində (MBA) “Süni neyron şəbəkələri, “Multiplatformada oyunların hazırlanması”, “ Kompüter vizionuna giriş”, “ Əşyaların interneti, sensorlar və elektron cihazlar üçün tətbiqlərin hazırlanması”, “ Maşın öyrənmə”, “Dərin öyrənmə”, “Əşyaların interneti”, “Süni intellektin əsasları”, “Qərarqəbuletmədə tədqiqat metodları”, “Real vaxt rejimi tətbiqləri üçün quraşdırılmış sistemlər”, “Müasir verilənlər bazası sistemləri”, “Simsiz şəbəkə protokolları”, “İnsanla kompüter arasında qarşılıqlı təsir”, “Kompüter və alqoritm vasitəsilə təbii dilin emal edilməsi”, “Rəqəmsal şəkil emalı”, “Süni intellekt tətbiqləri” tədris olunur.
- Süni zəkanın tətbiqi ilə bağlı dərslər necə və kimlər tərəfindən həyata keçirilir?
- Bu fənlərin tədrisi ixtisaslaşmış müəllimlərin, xüsusən də Yaponiya və Hindistanın bu sahə üzrə aparıcı mütəxəssislərinin cəlb edilməsi ilə həyata keçirilir. UNEC-də müəllimlərin praktiki bacarıqlarının artırılması və yeni biliklərin əldə edilməsi üçün mütəmadi olaraq təlimlər də təşkil edilir. Bu yanaşma, tələbələrin müasir texnologiyalara uyğun təhsil almasını təmin edir və onların gələcək karyera perspektivlərini genişləndirir. Süni intellekt fənni ilə bağlı UNEC-də 9-dan çox təkmilləşdirilmiş laboratoriya fəaliyyət göstərir.
Yerli müəllimlərin həmin fənlərin tədrisi üzrə bilik bə bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə təlim proqramları həyata keçirilir. “Süni intellekt” fənni üzrə təlimlər Türkiyənin Qazi Universitetinin dosenti Yunus Kayır, “Süni neyron şəbəkələri” fənni üzrə təlimləri isə Yıldız Texnik Universitetinin dosenti Əhməd Elbir tərəfindən keçirilir. Fənnin tədrisi üzrə laboratoriya otaqları da yaradılıb.
Müəllimlərinin peşəkarlığının artırılması məqsədilə UNEC növbəti layihəyə start verib. UNEC Bloomberg Maliyyə Laboratoriyası UNEC-in seçilmiş 10 müəlliminə Bloomberg maliyyə təlimlərinə başlayıb. Məlimlər maliyyə sahəsində pesəkarlar tərəfindən şənbə günləri və pulsuz olaraq UNEC Bloomberq Maliyyə Laboratoriyasında keçiriləcək. Bloomberq Maliyyə Laboratoriyası Bloomberglə birgə ölkəmizdə yaradılmış yeganə belə laboratoriyadır.
-Universitet tələbələrinin dil səriştələrinin artırılması ilə bağlı proqramların icrası barədə nə deyə bilərsiniz?
-Universitet tələbələrinin dil səriştələrinin artırılması ilə bağlı proqramların icrası üçün aşağıdakıları həyata keçiririk:
1. Tədris proqramları: Universitetlərdə dil proqramlarının genişləndirilməsi, müasir metodlarla (online dərslər, interaktiv tədris) yeni dərslərin təşkil edilməsi.
2. Dil mərkəzi: Universitetdə dil mərkəzinin yaradılması. Bu mərkəzdə tələbələrə dilin praktiki istifadəsi üçün imkanlar yaradılır.
3. App və onlayn resurslar: Tələbələrə dil səriştələrini artırmaq üçün mobil tətbiqlər və onlayn resurslar (dil oyunları, testlər, videolar və s.) təqdim edilir.
4. İnteraktiv seminarlar: Tələbələrin dil bacarıqlarını inkişaf etdirmək üçün interaktiv seminarlarda, vebinarlarda iştirak etmələrinə təşviq edilməsi.
5. Müəllimlərin tədris bacarıqları: Dil müəllimlərinin bacarıqlarını artırmaq üçün mütəmadi təlimlərin keçirilməsi.
6. Motivasiya və dəstək: Tələbələrin dil bacarığını artırmaq üçün motivasiya proqramlarının (müsabiqələr, olimpiadaların) təşkili.
7. Monitorinq və qiymətləndirmə: Proqramların effektivliyini qiymətləndirmək üçün mütəmadi olaraq monitorinq və təhlillərin aparılması.
Bu tədbirlər tələbələrin dil səriştələrini artırmaqda, onların gələcək peşə fəaliyyətinə hazırlığında və beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır.
Bundan əlavə, məzunlarla sorğu keçirilib. UNEC məzunları arasında sorğuların keçirilməsi üçün beynəlxalq təcrübə, universitetlərin istifadə etdikləri sorğu anketləri əsas götürülüb. "Google forms" üzrə tərtib olunmuş sorğu sualları müvafiq strukturlara təqdim edilib. Sorğu nəticələrinin təhlili üzrə yekun hesabat hazırlanıb, 2020-2021-ci tədris ilindən 2024-2025-ci tədris ilinə qədər 6 təlim proqramı təşkil edilib.