Logo

Astrofizik Rəhim Hüseynova həsr olunmuş respublika elmi konfransı keçirilib

29.12.2024 00:13 204 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru professor, Əməkdar müəllim Rəhim Hüseynovun 100 illik yubileyinə həsr olunmuş “Astrofiziki tədqiqatlara müasir baxış” adlı Respublika elmi konfransı keçirilib.

BDU-dan Tehsil.biz-ə bildirilib ki, tədbirdə rektor Elçin Babayev görkəmli alim Rəhim Hüseynovun Azərbaycanın elm tarixində astrofizika sahəsi üzrə ilk elmlər namizədi və elmlər doktoru kimi özünəməxsus yeri olduğunu qeyd edib. Rektor bildirib ki, professor Rəhim Hüseynov yalnız alim kimi deyil, mükəmməl pedaqoq və elm təşkilatçısı kimi öz adını ölkəmizin elm və təhsil tarixinə yazıb. O, 1975-ci ildə BDU-da təşkil olunmuş Astrofizika kafedrasının müdiri təyin olunub, 17 il bu vəzifədə, 1992-ci ildən ömrünün sonuna qədər isə həmin kafedranın professoru vəzifəsində çalışıb. Beynəlxalq Astronomiya İttifaqının və Avropa Astronomiya Cəmiyyətinin üzvü olub. “Şərəf nişanı” ordeni ilə təltif edilib, “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Professor Rəhim Hüseynovun elmi əsərləri Günəş atmosferinin radiooptik xüsusiyyətləri, Günəş alışmalarının ilk fazası və onlarda gedən dinamik proseslər, planetar dumanlıq və onların əsas parametrlərinin təyini kimi məsələlərə həsr olunub. O, ilk dəfə Günəş alışmaları və radiopüskürmələrinin geniş diapazonda şüalanmasında məhəlli maqnit sahəsində relyativist elektronların əhəmiyyətli rolu barədə hipotez irəli sürüb. Planetar dumanlıqlara qədər məsafənin və onların nüvələrinin radiusunun yeni təyini üsullarını işləyib.

Sonra professor Rəhim Hüseynovun həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.

BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri Kəmalə Alışeva alimin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Bildirib ki, professor Rəhim Hüseynov 170-dən artıq elmi məqalənin, 6 elmi-kütləvi kitabın, bir monoqrafiyanın, ali və orta məktəblər üçün “Astronomiya” dərsliklərinin və “Azərbaycanca-rusca-ingiliscə astronomiya lüğəti”nin müəllifi olub.

Onun 1997-ci ildə yazdığı “Astronomiya” və 2010-cu ildə yazdığı “Ümumi astrofizika“ dərslikləri bu gün də müəllim və tələbələrin stolüstü kitabıdır.

Tədbirdə digər çıxışçılar da görkəmli alimin elm və təhsil tariximizdə, ölkədə astrofizika elminin inkişafında rolundan danışıb, xatirələrini bölüşüblər.

Konfransın plenar iclasında isə BDU-nun dosentləri Xıdır Mikayılov “Azərbaycanda müşahidə astrofizikasının müasir cihazları”, Bayram Rüstəmov isə “Qoşa ulduz sistemlərinin tədqiqinin ulduzların yaranması və təkamülünün öyrənilməsində rolu” mövzularında məruzə ediblər.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

Xəbər lenti