Logo

Dünyanın 100 ən yaxşı universiteti

12.01.2025 21:23 91 baxış
IMG

Təhsil eksperti Kamran Əsədov vurğulayır ki, dünyanın 100 ən yaxşı universitetinin sıralaması hər il qlobal təhsil siyasətində mühüm əhəmiyyət kəsb edir və bu siyahı dünya üzrə ali təhsilin inkişaf meyillərini göstərir. 2025-ci il QS World University Rankings və Times Higher Education (THE) reytinqlərinə əsasən, yenə də ABŞ və Böyük Britaniya universitetləri liderliyini qoruyub. “Məsələn, QS reytinqinə görə, Massachusetts Texnologiya İnstitutu (MIT) artıq 12-ci dəfədir ki, birinci yerdə qərarlaşır. Harvard Universiteti, Stanford Universiteti və Oksford Universiteti də ilk beşlikdəki mövqelərini qoruyublar,” – deyə Kamran Əsədov bildirir.

Kamran Əsədov qeyd edir ki, dünyanın ən yaxşı universitetlərinin sıralamasında Asiya ölkələrinin də nüfuzu artır. “Bu il Tsinghua Universiteti (Çin) ilk 20-liyə daxil olub, Tokio Universiteti isə ilk 30-luqda yer alıb. Bu, Asiya ölkələrinin ali təhsil sahəsində apardıqları məqsədyönlü siyasətin nəticəsidir. Çin və Cənubi Koreya universitetləri elmi tədqiqatlara ayrılan böyük vəsait və texnologiyanın təhsildə tətbiqi ilə fərqlənir,” – deyə ekspert əlavə edir.

Təhsil eksperti Kamran Əsədov bildirir ki, reytinqlər tərtib olunarkən müxtəlif meyarlar nəzərə alınır. “QS reytinqində akademik nüfuz, məzunların məşğulluğu, tələbə-müəllim nisbəti və beynəlxalq əlaqələr əsas meyarlar hesab olunur. Times Higher Education isə daha çox elmi tədqiqat göstəricilərinə və universitetlərin qlobal reputasiyasına diqqət yetirir,” – deyə o vurğulayır.

Statistik göstəricilərdən danışan Kamran Əsədov qeyd edir ki, dünyanın ən yaxşı 100 universitetindən 45-i ABŞ-da, 10-u Böyük Britaniyada yerləşir. “Bu, Qərb ölkələrinin təhsil sisteminin hələ də üstünlük təşkil etdiyini göstərir. ABŞ-da hər il universitetlərə 70 milyard dollardan çox investisiya yatırılır ki, bu da onların yüksək səviyyəli infrastruktura və müasir texnologiyalara malik olmasına imkan yaradır,” – deyə ekspert bildirir.

Kamran Əsədov əlavə edir ki, Azərbaycanın universitetləri bu siyahıya daxil deyil və bu, yerli ali təhsil sisteminin inkişaf etdirilməsi üçün ciddi siqnaldır. “Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə mövqelərini yaxşılaşdırmaq üçün elmi tədqiqatların keyfiyyətini artırmaq, müəllimlərin peşəkarlığını yüksəltmək və beynəlxalq əməkdaşlığı genişləndirmək vacibdir. Məsələn, Türkiyənin Koç və Sabancı universitetləri bu il ilk 300-lüyə daxil olub ki, bu da onların son illərdəki strateji islahatlarının nəticəsidir,” – deyə Kamran Əsədov qeyd edir.

Dünya təcrübəsindən danışan ekspert əlavə edir ki, inkişaf etmiş ölkələr ali təhsili iqtisadi inkişafın əsas təməllərindən biri hesab edir. “Məsələn, Finlandiya və İsveç kimi ölkələr universitetlərdə pulsuz təhsil tətbiq edir və tədqiqatlara böyük maliyyə dəstəyi verir. Nəticədə, bu ölkələrdə təhsil keyfiyyəti və innovasiya səviyyəsi yüksəkdir. Azərbaycan da bu modeldən ilham ala bilər,” – deyə ekspert bildirir.

Sonda Kamran Əsədov vurğulayır ki, dünyanın 100 ən yaxşı universiteti yalnız təhsil sahəsində deyil, həm də ölkələrin qlobal rəqabət qabiliyyətini artırmaqda mühüm rol oynayır. “Bu reytinqlər yalnız universitetlərin deyil, ümumilikdə təhsil sistemlərinin inkişaf göstəricisidir. Azərbaycan universitetlərinin bu siyahıda layiqli yer tutması üçün uzunmüddətli strategiya və məqsədyönlü islahatlar tələb olunur,” – deyə o fikirlərini yekunlaşdırır.

 

Bəhman Hüseynli

Xəbər lenti