Azad olunmuş ərazilərdə ödənişli əsaslarla təhsil alan şəxslərlə bağlı qanunvericiliyə dəyişiklik olunur.
TƏHSİL.BİZ xəbər verir ki, bu məsələ Milli Məclisin Elm və təhsil komitəsinin fevralın 12-də keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026-cı, 2026/2027-ci, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamlarından irəli gələn tələblərin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 13 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı” təsdiq edilib. Sözügedən Tədbirlər Planına əsasən həmin ərazilərdə məskunlaşan əhaliyə münasibətdə peşə hazırlığının və tədrisinin təşkili ilə bağlı 2024-2026-cı illər ərzində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Təqdim olunan qanun layihəsi də işğaldan azad edilmiş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi və zəruri kadr potensialının formalaşdırılması sahəsində həyata keçiriləcək tədbirlərdən biri kimi həmin ərazilərin iqtisadi potensialı və əmək bazarının tələbləri nəzərə alınaraq peşə təhsilinin stimullaşdırılması məqsədilə hazırlanıb.
Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən işğaldan azad edilən ərazilərdə məskunlaşması nəzərdə tutulan əhaliyə münasibətdə peşə təhsili üzrə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinə dair hər hansı normativ tənzimləmə mövcud deyil.
Layihənin qəbulu nəticəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış Azərbaycan Respublikası vətəndaşlarının təhsil haqlarının dövlət büdcəsi hesabına maliyyələşdirilməsini təmin edən hüquqi mexanizm formalaşdırılmış olacaq.