Logo

Nazir: Məktəb direktorluğuna namizədlərin fənn bilikləri yoxlanacaq

06.02.2025 15:37 119 baxış
IMG

Azərbaycan təhsil sistemində son 10 ildə məktəb direktorları və direktor müavinlərinin təyinatı imtahanlar əsasında həyata keçirilir. Bu proses çərçivəsində minlərlə direktor və direktor müavini məktəblərə təyin olunub.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirilən brifinqdə deyib. O bildirib ki, direktorluğa namizədlərin fənn bilikləri yoxlanacaq: “Gələcəkdə məktəb direktorları təyin edilən şəxslər yalnız idarəetmə bacarıqları əsasında deyil, həm də öz fənlərini yüksək səviyyədə bilmələri əsasında qiymətləndiriləcək. Nazirlik hesab edir ki, müəllimlikdən direktorluğa keçən şəxsin əvvəlcə öz fənnini mükəmməl bilməsi vacibdir. Əks halda, belə şəxslərin direktor vəzifəsinə irəli çəkilməsi tövsiyə olunmayacaq. Direktor müavinlərinin təyinatında məktəb rəhbərinin rəyi nəzərə alınacaq. Mövcud sistemdə bəzi hallarda fərqli məktəblərdə çalışan müəllimlər digər məktəblərə direktor müavini vəzifəsinə təyin edilir ki, bu da idarəetmədə konfliktlərə və səmərəliliyin azalmasına səbəb olur. Yeni sistemdə məktəb direktorunun rəyinin önəmi artırılacaq. Rəy həlledici faktor olmasa da, prosesdə mühüm rol oynayacaq. Direktorlarla daha sıx əməkdaşlıq qurulacaq.

Məktəb direktorlarına daha çox etibar göstərilməsi və onların idarəetmə prosesində daha fəal rola malik olmaları planlaşdırılır. Kənd məktəblərində xüsusi yanaşma tətbiq ediləcək. Kiçik kənd məktəblərində müəllim çatışmazlığı səbəbindən direktor təyinatları ilə bağlı bəzi çətinliklər yaşanır. Bu məsələnin həlli üçün alternativ modellər üzərində iş aparılır. Ümumilikdə, yeni sistemin məqsədi məktəb rəhbərliyinin daha peşəkar və səmərəli fəaliyyət göstərməsini təmin etməkdir. Növbəti aylarda bu dəyişikliklərin qaydalarını və tətbiq mexanizmini açıqlanacaq”.

Xəbər lenti