Logo

Elmdə Qadın və Qızların Beynəlxalq Günü qeyd olunub

11.02.2025 12:27 70 baxış
IMG

Elm və Təhsil Nazirliyinin, "Nargis" Fondunun dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə 11 fevral – Elmdə Qadın və Qızların Beynəlxalq Günü münasibətilə tədbir keçirilib. 

TƏHSİL.BİZ  xəbər verir ki, tədbirin əsas məqsədi qızları və gənc qadınları elmi sahələrə təşviq etmək, onların uğurlarını vurğulamaq və bu istiqamətdəki çağırışları müzakirə etmək olub.

STEAM İnnovasiya Mərkəzində təşkil olunan tədbirdə dövlət rəsmiləri, elm və təhsil sahəsi üzrə ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri və gənclər bir araya gəliblər. Tədbir rəsmi çıxışlarla başlayıb. 

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova çıxışında ölkədə qız və qadınların təhsil əlçatanlığının təmin olunduğunu, valideyn himayəsindən məhrum uşaqların təhsil haqlarının qorunduğunu vurğulayıb.
"STEAM yanaşması ilə yanaşı, “Rəqəmsal bacarıqlar” layihəsi də II sinifdən XI sinfə qədər tədris olunur. Bu layihə məktəblilərin, o cümlədən qızların rəqəmsal texnologiyaları mənimsəməsinə imkan yaradır”, – deyə o bildirib. 

A.Həsənova qız şagirdlər üçün müxtəlif təqaüd proqramlarının təşkil edildiyini də qeyd edib.

"STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov isə çıxışında layihənin indiyədək 250 min şagirdi əhatə etdiyini bildirib:
O, bütün şagirdləri STEAM mərkəzlərinin fəaliyyətinə qoşulmağa dəvət edərək bildirib ki, qızların bu sahəyə cəlbi xüsusi əhəmiyyət daşıyır: "Peşələrlə bağlı mövcud stereotipləri yalnız qadınların müxtəlif sahələrdə qazandığı uğurlar qıra bilər".

Azərbaycan Qadınları Elmdə Təşkilatının təsisçisi və direktoru Günel Ağabəyli də tədbirdə motivasiya xarakterli çıxış edərək gəncləri elmi araşdırmalara və karyera inkişafına təşviq edib.

Daha sonra tədbir çərçivəsində videoçarx nümayiş etdirilib.

Tədbirin növbəti hissəsində ekspert Kamran Qasımovun rəhbərliyi ilə "Keçmişdən gələcəyə: qadınların innovasiyada rolu" adlı interaktiv qrup işi keçirilib. Sessiya zamanı iştirakçılar qadınların elm və texnologiya sahəsindəki töhfələrini təhlil ediblər.

 

 

 

 


 

Xəbər lenti