Logo

AzMİU alimlərinin ixtirası enerji itkisini 80%-dək azalda bilər

06.02.2025 12:27 32 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) universitetin 50 illik yubileyinə həsr olunmuş “Metal və ərintilər fizikasının aktual problemləri” mövzusunda respublika elmi-praktik konfransı öz işinə başlayıb.

Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib. Bildirilib ki, Fizika və kimya kafedrasının təşkilatçılığı ilə keçirilən konfrans iki gün davam edəcək. Konfransın əsas qayəsi müasir materialşünaslıq sahəsində aparılan tədqiqatları müzakirə etmək, metal və ərintilərin fiziki xüsusiyyətlərini araşdırmaq və onların sənayedə tətbiqi ilə bağlı yeni yanaşmaları təqdim etməkdir.

Konfransda ölkənin müxtəlif ali təhsil müəssisələrinin alimləri, elmi-tədqiqat institutlarının mütəxəssisləri və sənaye nümayəndələri iştirak edərək mövzu ətrafında elmi diskussiyalar aparıblar.

Konfransda əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Açılış nitqi ilə çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova konfrans iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb və mövzunun aktuallığına toxunub. Rektor bildirib ki, materiallar fizikasının aktual problemləri bu sahədə çalışan alim və tədqiqatçılar üçün xüsusi maraq kəsb edir və konfrans onların bilik və təcrübə mübadiləsinə geniş imkanlar yaradacaq. AzMİU-nun tədqiqatyönümlü universitetə çevrilmə prosesinin keyfiyyət və miqyas baxımdan sürətlə irəlilədiyini qeyd edən professor Gülçöhrə Məmmədova müəssisə və təşkilatları sənaye əhəmiyyəti yüksək olan tədqiqatları dəstəkləməyə çağırıb. 

AzMİU-nun Fizika və kimya kafedrasının müdiri professor Adil Abdullayev məruzəsində amorf metallik ərintilərin alınma texnologiyası və bu sahədə əldə etdikləri elmi yeniliklər haqqında məlumat verib. Bildirib ki, ilk dəfə olaraq universitet alimləri elektrik enerjisinin ötürülməsində itkiləri azaltmaq məqsədilə amorf quruluşlu kontaktor və transformatorun prototipini hazırlayıb və sənaye sınaqlarını uğurla başa çatdırıb.

Bu kontaktor elektrik dövriyyəsini açıb-bağlamaq üçün nəzərdə tutulub. Uğurlu nəticələr əsasında sənaye sınaq aktı əldə edilib və kontaktorun patentləşdirilməsi üçün Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə təqdim olunaraq patent alınıb.

Bu mühüm elmi nailiyyət AzMİU alimlərinin sənayenin inkişafına verdiyi töhfənin bariz nümunəsidir. Konfransda vurğulanıb ki, amorf metallik ərintilər sahəsində aparılan tədqiqatlar istehsal proseslərinin optimallaşdırılmasına, enerji itkilərinin azaldılmasına və sənayedə daha davamlı və effektiv materiallardan istifadə edilməsinə şərait yaradacaq.

Bundan başqa, AzMİU-da aparılan elmi-tədqiqat işləri sənaye ilə universitet arasında innovativ əməkdaşlığın genişlənməsinə, yeni texnologiyaların tətbiqinə və elmin kommersiyalaşdırılmasına təkan verəcək. Bu istiqamətdə universitetin alimləri gələcəkdə yeni materialların hazırlanması və onların sənayedə tətbiqini genişləndirmək üçün tədqiqatlarını davam etdirəcəklər.

Plenar iclasdan sonra konfrans öz işini 4 bölmədə davam etdirib. “Materiallar fizikasının müasir problemləri”, “Yarımkeçirici və polimer materialların fiziki-kimyəvi xassələri”, “Dəqiq ərintilərin materialşünaslığı”, “Maqnityumşaq amorf tərkibli və digər materialların tətbiq perspektivləri” adlı bölmələrdə alim və mütəxəssislər məruzələrini təqdim edərək materiallar elminin inkişafı və sənaye tətbiqləri istiqamətində fikir mübadiləsi aparıblar.

Bildirək ki, konfransın nəticələri materialşünaslıq sahəsində yeni elmi yanaşmaların formalaşmasına və sənaye ilə universitet arasında əlaqələrin inkişafına mühüm töhfə verəcək.

 

 

 

 


 

Xəbər lenti