ADNSU-nun 41 nəfər tələbəsi 2025-ci il üçün SOCAR-ın “Gənc İstedadlar Proqramı” üzrə elan edilmiş müsabiqənin qalibi seçilib.
Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, ADNSU-nun İnformasiya texnologiyaları və idarəetmə, Kimya-texnologiya, Neft-mexanika və Energetika və qaz-neft mədən fakültələri üzrə 41 bakalavr və magistr tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”nın qalibi kimi nəzəri və praktiki biliklərinin inkişafı və karyera imkanlarının yaradılması məqsədilə təcrübəyə cəlb ediliblər.
Qeyd edək ki, proqram 5 ay ərzində gənclərə SOCAR-da istehsalat təcrübəsində iştirak etmək, ixtisas biliklərinin və davranış səriştəliliklərinin inkişaf etməsi üçün təşkil olunan təlimlərdə iştirak etmək, müəyyən edilmiş təqaüddən yararlanmaq imkanı verir. Proqramın sonunda öz bilik və bacarıqları ilə seçilən peşəkar və perspektivli gənclər işlə təmin olunma imkanı əldə edirlər.
Proqramın təcrübə müddətini və yekun seçim mərhələsini uğurla keçən namizədlərə sonda iş təklifi olunur.