Logo

Dahi özbək şairi Əlişir Nəvainin abidəsi ziyarət edilib 09.02.2025 [12:19] Çap et A+ A-

09.02.2025 21:48 87 baxış
IMG

Dahi özbək şairi Əlişir Nəvainin anadan olmasının 584-cü ildönümü münasibətilə görkəmli söz ustadının Bakıdakı abidəsi ziyarət olunub.

Bu barədə TƏHSİL.BİZ -ə AMEA-dan məlumat verilib. Bildirilib ki, əvvəlcə ədibin abidəsi önünə əklillər qoyulub və gül dəstələri düzülüb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Milli Məclisin deputatı, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, Milli Məclisin deputatı, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Günay Əfəndiyeva çıxış edərək böyük söz ustadı Əlişir Nəvainin həyat və yaradıcılığından ətraflı danışıblar.

Qeyd olunub ki, Azərbaycan Əlişir Nəvainin ikinci vətəni kimi qəbul edilir. Nəvaişünas alimlərimiz tərəfindən görkəmli ədibin yaradıcılığı ilə bağlı ölkəmizdə geniş tədqiqatlar aparılıb, əsərləri çap olunub. Xalqımız böyük söz ustadının yaradıcılığını sevərək oxuyub.

Çıxışlarda Azərbaycan-Özbəkistan əlaqələrinin bütün sahələrdə olduğu kimi, elm sahəsində də uğurlu inkişafı xüsusi vurğulanıb, iki qardaş xalq arasındakı münasibətlər nəticəsində Türk dünyasına mühüm töhfələr verildiyi diqqətə çatdırılıb.

Ziyarətdə Azərbaycan və Özbəkistanın elmi-ədəbi ictimaiyyətinin nümayəndələri, o cümlədən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun türkoloq alimləri iştirak ediblər.

Əlişir Nəvai 9 fevral 1441-ci ildə Herat şəhərində anadan olub. Onun şeirləri həm yazıldıqları dövrdə, həm də sonralar bütün Türk dünyasında zövqlə oxunub, məşhur türk şairləri onu örnək bilib, təriflər yazıblar. Zəmanəmizdə yayılan bütün ədəbiyyat tarixlərində də Əlişir Nəvai elmi, sənəti, türkçülüyü və təsirləri ilə özünəməxsus mühüm yer tutur.

Xəbər lenti