Logo

Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi ilə bağlı AMEA-nın tədbirlər planı hazırlanır

11.02.2025 13:52 45 baxış
IMG

AMEA Rəyasət Heyətinin iclasında Prezident İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 3 fevral tarixli Sərəncamı və AMEA-nın qarşısında duran vəzifələr də müzakirə olunub.

Bu barədə TƏHSİL.BİZ -ə AMEA-dan məlumat verilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, 2025-ci ilin sentyabr ayında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 ili tamam olur.

Akademik İsa Həbibbəyli Üzeyir Hacıbəylinin bəstəkarlıq fəaliyyəti ilə yanaşı, mollanəsrəddinçilərlə bir səviyyədə dayanan zəngin publisistikası ilə XX əsrdə xalqımızın maariflənməsində, vətənpərvərlik ruhunda tərbiyə olunmasında misilsiz xidmətlər göstərdiyini vurğulayıb. Vurğulanıb ki, 1945-ci ildə Akademiyanın 15 təsisçisindən biri Üzeyir Hacıbəyli olub. AMEA prezidenti hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Üzeyir Hacıbəyliyə məxsus əlyazmaların və onun şəxsi arxivinin mühafizə edildiyini diqqətə çatdırıb.

Bu günə qədər dahi şəxsiyyətin həyatı və yaradıcılığı ilə bağlı bir çox əsərlərin, məqalələrin işıq üzü gördüyünü söyləyən akademik İsa Həbibbəyli xüsusilə akademik Zemfira Səfərovanın bəstəkarın fəaliyyətini geniş tədqiq edərək nəinki ölkə ictimaiyyətinə, həmçinin dünyaya təqdim etdiyini vurğulayıb. Lakin bununla yanaşı, Üzeyir Hacıbəylinin zəngin həyatını və çoxşaxəli fəaliyyətini tam əks etdirən kollektiv monoqrafiyanın hazırlanmasının zəruri olduğunu söyləyib: “İndiyə qədər Üzeyir Hacıbəyli haqqında yazan musiqişünaslar onun bəstəkarlıq fəaliyyətini, ədəbiyyatşünaslar isə ədəbi yaradıcılığını tədqiq ediblər. Üzeyir Hacıbəylinin çoxşaxəli fəaliyyətini özündə əks etdirən ümumi bir əsərin, kollektiv monoqrafiyanın hazırlanmasına ehtiyac var və bu, onun 140 illiyinə Azərbaycan elminin tarixi töhfəsi olacaq”.

Akademik İsa Həbibbəyli, həmçinin görkəmli bəstəkarın 140 illiyinin başda Türk dünyası təmsilçiləri olmaqla, xarici qonaqların iştirakı ilə böyük bir tədbirlə AMEA-da qeyd olunmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Eyni zamanda, ötən il AMEA kollektivinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin ifasında “Leyli və Məcnun” operasına baxışının təşkil olunduğunu, cari ildə də oxşar tədbirin təşkil ediləcəyini bildirib.

İclasda Humanitar Elmlər və İctimai Elmlər bölmələrinə Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi ilə bağlı AMEA-nın tədbirlər planının hazırlanması tapşırılıb. Bundan əlavə, AMEA-nın Rəyasət Heyəti, AMEA-nın Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin birgə təşkilatçılığı ilə “Üzeyir Hacıbəyli: ədəbi-mədəni dəyər və mənəvi-estetik zənginlik” mövzusunda elmi konfransın təşkil edilməsi qərara alınıb. Həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna və AMEA-nın Memarlıq və İncəsənət İnstitutuna Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr edilmiş birgə monoqrafiyanın hazırlanması tapşırılıb.

Xəbər lenti