Logo

Azərbaycanlı gənc nüfuzlu elmi mükafata layiq görülüb

10.02.2025 16:46 104 baxış
IMG

Bakı Avropa Liseyinin 2009-cu il məzunu Dayaq Şeyxkərimli 2025-ci il üzrə kimyaterapiya preparatlarını birbaşa xərçəng hüceyrələrinə çatdırmaq üçün istifadə oluna biləcək yenilikçi və perspektivli tədqiqatlarına görə “NRC HL Holmes” mükafatına layiq görülüb. 

TƏHSİL.BİZ  xəbər verir ki, iki ildən bir verilən 200 000 ABŞ dolları məbləğində olan mükafat doctor D.Şeyxkərimliyə iki il ərzində insan viruslarının xarici təbəqələrini əhatə edən bütün mövcud zülalların toxuma spesifikliyini xəritələndirmək və onların orqanizmdəki yerini izləmək üçün işlərini davam etdirməyə imkan verəcək.

Şeyxkərimli Dayaq Hikmət oğlu 2009-cu ildə Bakı Avropa Liseyini fərqlənmə attestatı ilə bitirib. 2010-cu ildə Amerika Birləşmiş Ştatlarının Vaşinqton, Nyu-York və Keyz Vestern universitetlərindən, o cümlədən Kanadanın Ottava, Vaterlo, Britiş Kolumbiya və Toronto universitetlərindən qəbul alıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində  2010-2014-cü illərdə Toronto Universitetində molekulyar genetika və biotexnologiya ixtisasları üzrə bakalavr və maqistr dərəcəsi alıb və “Sony Tədqiqat Mükafatı”, MITACS təqaüdü kimi mükafatlar və Osakadakı İnsan Metavers Təbabəti Əsaslı Tədqiqat İnstitutunda (PRIMe) beyin əlaqələrinin xəritələndirilməsi üçün genetik ştrix-kodların işlənib hazırlanması üzrə təqaüd də daxil olmaqla çoxsaylı mükafatlara layiq görülüb. 

Dayaq Şeyxkərimli bu tədqiqatı Britaniya Kolumbiyası Universitetinin Biotibbi Mühəndislik Məktəbində (SBME) aparacaq. O, 2024-cü ilin aprel ayından etibarən həmin məktəbdə doktorantura sonrası (“post-doc”) elmi işçi kimi SBME professoru və Sintetik Biologiya üzrə Kanada Tədqiqatları kafedrasının rəhbəri doktor Nozomu Yachinin laboratoriyasında çalışır.

Doktor Şeyxkərimli bu sahədəki qabaqcıl tədqiqatçıların daxil olduğu multidisiplinar qrupla əməkdaşlıq qurub. Layihəyə rəhbərlik edərək, o, Toronto Universitetindən doktor Daniel Şramek və doktor Mikko Taipale, Münhendəki Helmholtz Universitetindən doktor Əli Ərtürk, Juntendo Universitetindən doktor Etsuo Susaki (PhD, MD), Tokio Universitetindən doktor Hiroki Ueda və digər mütəxəssislərin resurs və təcrübələrindən faydalanacaq.

Doktor Şeyxkərimli molekulyar genetika üzrə doktorluq dissertasiyasını doktor Frederik Rothun rəhbərliyi altında müdafiə edib. Dissertasiya müddətində o, virus və insan zülalları arasında da daxil olmaqla, milyonlarla cüt zülalın qarşılıqlı təsirlərini xəritələndirmək üçün texnologiya hazırlayıb. 

Onu da qeyd edək ki, Dayaq Şeyxkərimli Toronto Universitetində molekulyar genetika və biotexnologiya ixtisasları üzrə bakalavr və maqistr dərəcəsi alıb və Sony Tədqiqat Mükafatı, MITACS təqaüdü kimi mükafatlar və Osakadakı İnsan Metavers Təbabəti Əsaslı Tədqiqat İnstitutunda (PRIMe) beyin əlaqələrinin xəritələndirilməsi üçün genetik ştrix-kodların işlənib hazırlanması üzrə təqaüd də daxil olmaqla çoxsaylı mükafatlara layiq görülüb.

Xəbər lenti