Gəncə şəhəri 29 nömrəli tam orta məktəbdə Dünyəvi Elmlər İnkişaf İnstitutunun həyata keçirdiyi “Gənc ədiblər məclisi” layihəsinin icrasına başlanılıb.
TƏHSİL.BİZ xəbər verir ki, layihənin rəhbəri, adıçəkilən məktəbin məzunu, hazırda Avropada təhsil alan Kamran Yusifzadə əsas məqsədlərinin gənc nəsli mütaliəyə cəlb etmək, onların dünyəvi elmlərə marağını artırmaq və gənc istedadlar yetişdirmək olduğunu söyləyib.
Onun sözlərinə görə, ilk olaraq 29 nömrəli məktəbdə həyata keçirilən bu təşəbbüs çərçivəsində məktəbdə teatr klubu yaradılıb, zəngin fondu olan yeni kitabxana qurulub. Bu fəaliyyətlər vasitəsilə məktəblilərə həm ədəbiyyat nəzəriyyəsi, həm dram, həm də tənqid-təhlil sahələrində fundamental biliklərin öyrədilməsi planlaşdırılır.
Layihə rəhbəri qeyd edib ki, onun təşəbbüsü ilə yaradılmış Dünyəvi Elmlər İnkişafı İnstitutu Azərbaycanın ilk qeyri-hökumət multidisiplinar təhsil startapı kimi təhsil müəssisələrini ədəbi və sosial elmlərin inkişafı üçün resurslarla təmin etməyə səy göstərir. Gənc ədiblərin formalaşmasına, bilik səviyyəsinin artırılmasına dəstək vermək əsas fəaliyyət istiqamətlərindən biridir. Layihənin tərkib hissəsi olan üç əsas dərnək – “Ədəbi müzakirələr divanı”, “Gənc yazıçılar” və “Gənc Tamaşaçılar Teatrı” gənclərə ədəbiyyatın, dram sənətinin və yaradıcı yazı metodologiyasının əsaslarını öyrətməyi hədəfləyir.
“Gənc ədiblər məclisi” layihəsi Vətən müharibəsi zamanı raket hücumundan zərər çəkmiş məktəbi yenidən dirçəltməklə yanaşı, gənclərdə elmi-ədəbi düşüncəni inkişaf etdirməyə imkan verir. Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.