Logo

Dərslərin başlanma vaxtını Pedaqoji Şura müəyyən edə bilər

11.02.2025 13:57 48 baxış
IMG

Təhsil müəssisələrinin idarəedilməsi təhsil sisteminin düzgün qurulmasının əsasını təşkil edir. Hər bir təhsil müəssisəsində idarəetmənin əsas məqsədi həm ümumi fəaliyyəti, həm də tədris prosesini səmərəli qurmaqdır. Bu zaman qarşıya çıxan çətinliklər bir neçə faktordan irəli gələ bilər. Ümumiyyətlə, təhsil müəssisələrinin idarəedilməsi müxtəlif maraqların təmin edilməsini tələb edir. Müəllimlər, şagirdlər, valideynlər, eləcə də təhsil siyasətini müəyyənləşdirən dövlət orqanları arasında əlaqənin düzgün qurulmasında təhsil müəssisəsinin rəhbərliyinin üzərinə böyük vəzifə düşür.

Bu zaman orta məktəblərdə qərar qəbul etmə mexanizmini dəstəkləyən və məktəbin fəaliyyətini təkmilləşdirən şuralar, komitələr və s. prosesin düzgün qurulmasında böyük rol oynayır. Pedaqoji Şura ümumi təhsil müəssisələrində ali kollegial idarəetmə orqanı hesab olunur. Onun fəaliyyəti “Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə”yə əsasən tənzimlənir. Lakin bəzən Pedaqoji Şuranın işində nəzərəçarpan boşluqlar yaranır.

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə müsahibə verən Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru Vaqif Mahmudov Pedaqoji Şuranın fəaliyyətinin qiymətləndirilməsinin onun fəaliyyətinə aid edilən məsələlərin hansı səviyyədə həyata keçirilməsindən asılı olduğunu vurğulayıb:

“Məlum olduğu kimi, Pedaqoji Şura ümumtəhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili ilə bağlı məsələləri həll edir və bu prosesin təkmilləşdirilməsi yollarını müəyyənləşdirilir. Eyni zamanda, Pedaqoji Şuranın fəaliyyəti məktəbin nizamnaməsi ilə müəyyən olunur. Onun tərkibinə məktəbdə işləyən bütün pedaqoji işçilər, o cümlədən məktəbin psixoloqu, kitabxanaçısı, həkimi, valideyn komitəsinin sədri, məktəb şurasının sədri daxildir. Şuranın sədri məktəbin direktoru, müavini isə müəllimlərdən biri seçilir.

Pedaqoji Şuranın fəaliyyətinin qiymətləndirilməsi ümumtəhsil məktəblərində şuranın fəaliyyətinə daxil olan bir sıra məsələlərin hansı səviyyədə həyata keçirilməsindən çox asılıdır. Bunlar dövlət standartlarının tələblərinə uyğun tədris planlarının, proqramlarının, dərsliklərin və tədris vəsaitlərinin müzakirəsi, qiymətləndirilməsi və seçilməsi, təlim-tərbiyə prosesinin forma və metodlarının tətbiqi, perspektiv, illik, cari iş planlarının yerinə yetirilməsi, təlim-tərbiyə işinin keyfiyyətini yüksəltmək üzrə məktəbin pedaqoji kollektivinin işinin müzakirəsidir. Bundan əlavə, müəllimlərin, tərbiyəçilərin ixtisasını artırmaq, yaradıcı fəallığı inkişaf etdirmək, pedaqoji kollektivdə innovasiya mühitini formalaşdırmaq, qabaqcıl pedaqoji təcrübəni öyrənmək, ümumiləşdirmək və yaymaq, müəllimlərin, şagirdlərin və valideynlərin rəyini nəzərə alaraq problemləri müəyyən etmək, pedaqoji işçilərin attestasiyasının keçirilməsi texnologiyasını təkmilləşdirmək üzrə təkliflər vermək, təhsili idarəetmə orqanları qarşısında müəllimlərə dərəcələr vermək üzrə vəsadət qaldırmaq, təcrübə keçmək, ixtisasartırma kurslarına, magistraturaya göndəriləcək müəllimləri müəyyənləşdirmək, müəllimləri maddi və mənəvi mükafatlandırmaq üçün aidiyyatı təşkilatlara təqdimatla müraciət etmək və s. şuranın fəaliyyətinə daxil olan məsələlər sırasındadır”.

Pedaqoji Şuranın fəaliyyətində məktəbin pedaqoji heyətinin rolundan danışan V.Mahmudov bildirir ki, pedaqoji heyət şuranın qərarlarının həyata keçirilməsində fəal rol oynamalıdır. Lakin bəzən problemlərin ortaya çıxması idarəçiliyin zəif olmasından irəli gələ bilər:

“Əslində, Pedaqoji Şura eyni kollektivdə işləyən peşəkarların şurasıdır. Pedaqoji heyətin üzvləri həm də Pedaqoji Şuranın üzvləri olduğu üçün onların hər biri şuranın qərarlarının həyata keçirilməsində fəal iştirak etməlidir. Çünki bu qərarlar həm də təhsil müəssisələrində təlim-tərbiyə fəaliyyətinin daha da gücləndirilməsinə kömək edir. Pedaqoji heyətin iştirakı və köməyi ilə təhsilin keyfiyyətinin artırılmasına dair görülən işlər, məktəbdə sağlam, təhlükəsiz mühitin yaradılması, uşaqların təhlükəsizliyinə və şagird davranış qaydalarına nəzarətin gücləndirilməsi, müəllimlərin etik davranış qaydalarına əməl olunması vəziyyəti, məktəblərdə psixoloji xidmətin təşkili, monitorinqlərin nəticələri, dərsə davamiyyət, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması və qarşıda duran digər vəzifələr barədə müzakirələr aparılır, müvafiq qərarlar qəbul edilir, onları maraqlandıran suallar cavablandırılır”.

Müsahibimiz elm və təhsil naziri Emin Əmrullayevin bir neçə gün əvvəl keçirdiyi brifinqdə məktəblərdə dərslərin başlanma saatının məktəb rəhbərliyi və valideynlərin qarşılıqlı razılığı əsasında müəyyən edilməsinin mümkünlüyü ilə bağlı fikrinə də münasibət bildirərək Pedaqoji Şuranın bu kimi məsələlərə dair qərarların verilməsindəki rolundan danışıb: “Nazirin dərslərin başlanma saatları ilə bağlı söylədiyi fikir, əslində, çox doğru yanaşmadır. Ümumtəhsil məktəblərində belə dəyişiklərin edilməsi də Pedaqoji Şuranın qərarı ilə olmalıdır. Lakin qərar verilərkən şura üzvləri və valideyn komitəsinin fikirləri, müəssisənin şəraiti və imkanları mütləq nəzərə alınmalıdır”, - deyə o bildirib.

Xəbər lenti