Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Məzunlar Assosiasiyasını yaradır. Bu məqsədlə fevralın 21-də universitetdə təsis yığıncağı keçiriləcək.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, yığıncaq AzMİU-nun 50 illik yubileyi ərəfəsində məzunlarla keçirilmiş görüşün davamı olaraq təşkil ediləcək.
AzMİU məzunlarını Məzunlar Assosiasiyasının əsasnaməsi ilə tanış olmağa, assosiasiyaya könüllü üzv olmağa, təsis yığıncağında iştirak etməyə dəvət edir. Bu təşəbbüsün bir parçası olacaq AzMİU məzunlarının öz aralarındakı əlaqələri gücləndirməsi, universitetin gələcək inkişafına töhfə verməsi gözlənilir.
Məzunlar Assosiasiyasının yaradılmasının əsas məqsədi məzunların universitetlə əlaqələrini möhkəmləndirmək və onları vahid şəbəkədə birləşdirərək universitetin inkişafına dəstək verməkdir. Assosiasiya məzunlar arasında əməkdaşlıq və təcrübə mübadiləsini təşviq edərək universitetin məzunları ilə daimi əlaqələr quracaq, onların fəaliyyətini dəstəkləyəcək.
AzMİU-nun beynəlxalq nüfuzunun artırılması və yeni tələbələrin cəlb edilməsi assosiasiyanın əsas hədəfləri arasında yer alacaq. Universitetin akademik və sosial inkişafında fəal iştirak etməklə gələcəkdə universitetin uğurlarına müsbət təsir göstərəcək.
Qeyd edək ki, ötən ilin dekabr ayında məzunlarla keçirilən görüş universitetin tarixində əlamətdar hadisə kimi yadda qalıb. Görüşə müxtəlif illərdə AzMİU-nu bitirən 250-dən çox məzun qatılıb, Onların arasında ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan nüfuzlu şəxslər, o cümlədən AzMİU-nun fəxri məzunları da yer alıb. Görüşdə AzMİU Məzunlar Assosiasiyasının yaradılması ideyası müsbət qarşılanıb və məzunların təşəbbüsü ilə Təşkilat Komitəsinin üzvləri seçilib. Təsis yığıncağına qədər görüləcək işlərlə bağlı təkliflər səsləndirilib və qərarlar qəbul edilib.