Logo

BMU-da Milli Xalça Festivalı keçirilib

06.05.2025 09:03 44 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) Dizayn kafedrasının təşkilatçılığı ilə 5 May - Xalçaçı Günü ilə əlaqədar Milli Xalça Festivalı keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, festival Azərbaycan xalça sənətini gənc nəslə aşılamaq və onlarda qədim sənət növünə sevgi yaratmaq məqsədi daşıyıb.

BMU-nun rektoru Yaqub Piriyev milli-mənəvi dəyərlərimizin qorunması, təbliği istiqamətində dövlətin diqqət və qayğısını vurğulayıb. Rektor Birinci vitse-prezident Mehriban Əliyevanın xalçaçılığın yaşadılmasına verdiyi dəyərli töhfələr, onun təşəbbüsü ilə 15 il bundan öncə Azərbaycan xalçaçılıq sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini bildirib. Xalçaçılığın əsaslarının məşhur xalçaşünas Lətif Kərimov tərəfindən yaradılmasına, onun bu istiqamətdə geniş araşdırmalarına toxunan Yaqub Piriyev xalq sənətimizi yaşatmaq, yeni xalçaçı-rəssamlar nəsli yetişdirmək üçün BMU-da yeni ixtisasın açılmasının nəzərdə tutulduğunu vurğulayıb.

Sonra iştirakçılar festivalda nümayiş etdirilən 100-dən çox eksponat, Azərbaycan xalça sənətinin ilkin yaranma tarixindən günümüzə qədərki mərhələlərlə tanış olublar. Onlar arasında ən qədim sənət növlərindən keçə sənət nümunələri, həsir, xovsuz xalçalardan palaz, kilim, zili, sumax, şəddə, cecim, Bakı, Şirvan, Qarabağ, Şəki, Quba, eləcə də digər bölgələrə aid xovlu xalça nümunələri, xalça məmulatlarından at çulu, xurcun, məfrəş, örkən və sair, qədim xalça toxuculuğu alətləri, o cümlədən dəzgahlar haqqında ətraflı məlumat verilib.

Klassik xalçaların çeşnilərinin və layihələrinin hazırlanması, xalça toxuma prosesinin nümayiş olunduğu festival zamanı iştirakçılar BMU və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tələbələrinin çəkdikləri xalça rəsmlərini izləyib, onların fikirlərini dinləyiblər.

Qədim adət və ənənələrimizi əks etdirən məişət, o cümlədən bəzək əşyaları, milli kulinariyamıza aid şirniyyatlar, habelə milli rəqslər və musiqilərin də yer aldığı festival iştirakçılarda xoş ovqat yaradıb.

 

Xəbər lenti