Logo

UNEC ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

30.04.2025 16:31 89 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan məlumat verilib.

Tədbirdə UNEC-in rektoru professor Ədalət Muradov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi, baş ədliyyə müşaviri Talıb Cəfərov, universitetin və mərkəzin əməkdaşları iştirak ediblər.

Memorandumun məqsədi qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın qurulması, birgə elmi-praktik fəaliyyətin təşkili və təcrübə mübadiləsinin həyata keçirilməsidir. Memorandum çərçivəsində elmi konfransların, dəyirmi masaların və digər akademik tədbirlərin, layihələrin təşkili, elmi məqalələrin, tədris-metodiki vəsaitlərin və digər mətbu nəşrlərin hazırlanması, rəqəmsal ekspertiza və kibertəhlükəsizlik kimi sahələrdə birgə fəaliyyət, həmçinin müasir tədris metodlarının qarşılıqlı şəkildə tətbiqi və inkişafı nəzərdə tutulur. Tərəflər, eyni zamanda, gənc tədqiqatçıların və tələbələrin inkişafına dəstək məqsədilə müxtəlif layihələrin həyata keçirilməsini planlaşdırır.

Tədbirdə çıxış edən professor Ədalət Muradov UNEC-də həyata keçirilən yeniliklər və inkişaf istiqamətləri barədə məlumat verərək, universitetin süni intellekt, rəqəmsal transformasiya və kibertəhlükəsizlik sahələrindəki fəaliyyətinə xüsusi diqqət çəkib. Rektor bildirib ki, bu əməkdaşlıq universitetin strateji hədəflərinə uyğun şəkildə innovativ yanaşmaların formalaşmasına mühüm töhfə verəcək.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Talıb Cəfərov çıxışında Mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verib və qeyd edib ki, bu qurum hüquqi maarifləndirmə, elmi araşdırmalar və müasir hüquqi biliklərin yayılması sahəsində fəal rol oynayır. O, UNEC-lə qurulan əməkdaşlığın qarşılıqlı faydalı olacağını və bu çərçivədə nəzərdə tutulan layihələrin hüquq və təhsil sahəsində yeni imkanlar yaradacağını vurğulayıb.

Sonda UNEC və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında əməkdaşlıq haqqında rəsmi sənəd imzalanıb.

Xəbər lenti