Azərbaycan Elm Fondunun 2025-ci ildə elan etdiyi elmi tədbirlərdə iştirak və xaricdə qısamüddətli təcrübə keçmələri əhatə edən 14-cü “Mobillik qrantı” müsabiqəsinin nəticələrinə yekun vurulub.
Fonddan TƏHSİL.BİZ -ə bildirilib ki, 14-cü “Mobillik qrantı” müsabiqəsinə layihələr alimlər tərəfindən onlayn şəkildə ASAN imzanın inteqrasiya edildiyi “e- Qrant” - “Qrant layihələrinin elektron idarə olunması sistemi” vasitəsilə təqdim olunub.
Nəticələr Fondun Müşahidə Şurası tərəfindən təsdiq edildikdən sonra 14-cü “Mobillik qrantı” müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 91 min 500 manat olan 8 qalib layihə müəyyənləşdirilib.
Müsabiqədə qalib olan layihələr xaricdə qısamüddətli elmi təcrübəkeçmə və elmi tədbirlərdə iştirakla bağlıdır. Qaliblərdən 5-i qadındır.
14-cü “Mobillik qrantı”nın qalibləri Türkiyə, Almaniya və Sinqapurda xaricdə qısamüddətli təcrübəkeçmədə və elmi tədbirlərdə iştirak edəcəklər.
“Mobillik qrantı” üzrə müsabiqələrin keçirilməsində məqsəd Azərbaycanda elmin inkişafını dəstəkləmək, alimlərin xaricdə təcrübə keçməsini və tədbirlərdə iştirakını stimullaşdırmaq, beynəlxalq elmi əlaqələr qurulmasına şərait yaratmaq və ölkənin elmi kadr potensialını daha da gücləndirməkdir.