Logo

"Cinayət prosesində uşaq hüquqlarının müdafiəsi" mövzusunda təlim keçirilir

28.04.2025 16:23 33 baxış
IMG

Bu gün Bakıda türkiyəli ekspertlərin iştirakı ilə "Cinayət prosesində uşaq hüquqlarının müdafiəsi" mövzusunda ikigünlük təlimə başlanılıb.

TƏHSİL.BİZ xəbər verir ki, təlim "Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı"na əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi arasındakı əməkdaşlıq çərçivəsində təşkil olunur.

Tədbirdə Daxili İşlər Nazirliyinin təhqiqatçı və müstəntiqlərindən ibarət 40 nəfərlik heyətin iştirakı nəzərdə tutulub. Təlimdə cinayət təqibi üzrə yetkinlik yaşına çatmayanlar barəsində məhkəməyədək icraatın xüsusiyyətləri, cinayətlərin araşdırılması zamanı zərərçəkmiş və ya şahid olan uşaqların hüquqlarının müdafiəsi və dəstək təminatı, cinayət təqibi orqanlarının uşaq hüquqlarının müdafiəsi üzrə qurumlarla əməkdaşlıq üsulları və bu sahədə əldə edilmiş təcrübələr müzakirə olunur.

Təlimin açılış mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Səadət Qəhrəmanova bildirib ki, cinayət törədikdikdə uşaqlara yanaşma, uşaqların hüquqların qorunması çox önəmli məsələdir:

"Məişət zorakılığı faktını araşdırdıqda bu mühitdə olan uşaqlar diqqətdən kənar qalır. Amma artıq onlara diqqət edirik. Zorakılıq mühitində olan uşaqlar bu mənada çox əziyyət çəkirlər. Onlar belə mühitdə birbaşa psixoloji zorakılığa məruz qalırlar. Zorakılıq mühitində olan uşağın özünün cinayət törətməsi, cinayətə meyilli olması hallarına rast gəlinir. Buna görə artıq zorakılıq mühitində olan uşaqlarla da məşğul oluruq". 

Ardınca Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyinin hüquqşünası Yasemin Kırmızı ilk təlim mövzusunu təqdim edib.

Sonra isə zərərçəkmiş, şahid və təqsirləndirilən şəxslərin dindirilməsi prosesində simulyativ rol oyunu keçirilib. Bu məşğələlər iştirakçılara nəzəri bilikləri praktiki bacarıqlarla birləşdirmək imkanı yaradıb.

Təlimin sonunda sual-cavab sessiyası ilə günə yekun vurulub. 

 

 

 

 


 

Xəbər lenti