Aprelin 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın tələbələrlə görüşü keçirilib.
Universitetdən TƏHSİL.BİZ -ə verilən məlumata görə, tədbirin əsas məqsədi ali təhsil müəssisələrində tələbələrlə birbaşa dialoqun qurulması, onların təhsil prosesində daha fəal iştirakının təşviqi, tələbələrin inkişafına dəstək və təhsil mühitinə dair təkliflərin dinlənilməsi olub.
Tədbirdən əvvəl ADPU-nun rektoru professor Cəfər Cəfərov qonaqlar – Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, Şuranın sədr müavini Pərvanə Məmmədova və üzvləri Günay Əkbərova, Rafael Hacıbəyli və Heydər Eminli ilə görüşüb. Görüşdə ali təhsildə idarəetmə, tədrisin keyfiyyəti və tələbələrin sosial-ictimai aktivliklərinin artırılması istiqamətində aparılan işlər barədə fikir mübadiləsi aparıb.
Daha sonra 400-ə yaxın tələbənin iştirakı ilə panel görüş keçirilib. ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev çıxış edərək görüşün əhəmiyyəti barədə söz açıb.
Çıxış edən İctimai Şuranın sədri Hikmət Əlizadə və şuranın üzvləri tələbələrə təhsildə ictimai nəzarətin əhəmiyyəti, tələbələrlə açıq dialoqun rolu, şəxsi inkişaf, yumşaq bacarıqların təkmilləşdirilməsinin əhəmiyyəti barədə məlumat veriblər. Çıxışçılar tələbələrə yalnız akademik biliklərlə məhdudlaşmamaq və özünüifadə, liderlik, ünsiyyət və komandada işləmək kimi bacarıqlarının inkişaf etdirilməsi barədə tövsiyyələrini veriblər.
Panel görüş tələbələrlə fəal diskussiya və qarşılıqlı fikir mübadiləsi ilə davam edib.