Türkiyənin Üsküdar Universitetinin Sosial Elmlər İnstitutunun direktoru professor Gökben Hızlı Sayar Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “Bağlanma nəzəriyyəsi və insanlar arasında psixoterapiya” mövzusunda ustad dərsi keçib.
BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, fakültənin dekanı Rövşən Cavadov iki universitet arasında psixologiya sahəsində də yaxşı əməkdaşlıq imkanlarının olduğunu bildirib, belə görüşlərin tələbələrin yüksəkixtisaslı mütəxəssis kimi yetişməsində rolunu vurğulayıb.
Üsküdar Universiterinin rektoru Nazife Güngör professor Gökben Hızlı Sayarın Türkiyənin tanınmış psixoloqlarından olduğunu diqqətə çatdırıb, qeyd edilən mövzunun yalnız psixoloqlar, bu sahə üzrə təhsil alan tələbələr üçün deyil, insan qrupları ilə çalışan bütün peşə sahələri üçün əhəmiyyət daşıdığını bildirib.
Professor Gökben Hızlı Sayar şəxslərarası psixoterapiyanın hər bir psixi sağlamlıq mütəxəssisinin ehtiyac duyduğu sadə və effektiv üsul olduğunu bildirib. O, şəxslərarası psixoterapiyanın humanizmə, empatiyaya, bağlılığa əsaslanan terapiya üsulu kimi çox istifadə edildiyini qeyd edib: “Bağlılıq nəzəriyyəsinə əsaslanan bu terapiya məktəbi təkcə psixoloqlar tərəfindən deyil, həm də dünyada tibb bacısı, mama-ginekoloqlar, uşaq inkişafı üzrə mütəxəssislər, ailə məsləhətçiləri, sosial işçilər, bələdçilər kimi bir çox peşələrdə uğurla istifadə olunur”.
Ustad dərsindən sonra fakültənin Psixologiya kafedrasında Üsküdar Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.