“İnklüziv təhsil istiqamətində ali təhsil müəssisələrinin üzərinə mühüm rol düşür. Bu rol həm kadr hazırlığı, həm də artıq əmək bazarında fəaliyyət göstərən şəxslərə əlavə bilik və bacarıqların verilməsi baxımından əhəmiyyətlidir”.
TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri bu gün “Autizm: Tədqiqatdan təcrübəyə” mövzusunda keçirilən Beynəlxalq Autizm Konfransı zamanı Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev səsləndirib.
O, tədqiqat və öyrənmə istiqamətində birgə addımların atıldığını vurğulayıb: “Mən xüsusilə məmnunam ki, bu konfransdan öncə keçirilmiş seminarlar çərçivəsində 10 mövzuda sahə üzrə tanınmış ekspertlərin rəhbərliyi ilə mükəmməl seminarlar təşkil olunub. Seminarlar Bakı Slavyan Universitetinin auditoriyalarında Azərbaycan təhsil ictimaiyyətinin nümayəndələrinin və digər maraqlı şəxslərin iştirakı ilə baş tutub”.
Rektorun sözlərinə görə, Bakı Slavyan Universitetində hər bir fərdin fərqli olduğu qəbul edilərək tədrisdə buna uyğun yanaşma tətbiq edilir: “Bu fərqliliklərin böyük dəyər yaratdığını anlayırıq və təhsilimizi məhz bu dəyərlər üzərində qurmaq niyyətindəyik. Məqsədimiz fərqli düşüncə və bacarıqları olan insanları bir araya gətirərək ümumi inkişafımıza töhfə verməkdir”.
Anar Nağıyev vurğulayıb ki, Bakı Slavyan Universitetində 3 ildir, “İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsi həyata keçirilir: “Layihənin əsas məqsədi müəllim hazırlığı prosesində tədris məzmunu və resurslarına inklüziv təhsil prinsiplərinin inteqrasiyasıdır”.