Logo

AzMİU əməkdaşları Özbəkistanda keçirilən beynəlxalq sərgidə iştirak ediblər

28.04.2025 14:53 30 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalq təhsil mühiti ilə əlaqələrini gücləndirmək məqsədilə təbliğat fəaliyyətlərini davam etdirir. Bu çərçivədə universitetin nümayəndə heyəti Özbəkistanın Daşkənd şəhərində təşkil olunan 27-ci Beynəlxalq “Təhsil və Peşə 2025” sərgisində iştirak edib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, aprelin 21-də Daşkənddə rəsmi açılışı edilən sərgi bir ay müddətində Özbəkistanın 12 müxtəlif şəhərində keçiriləcək. AzMİU-nun sərgidə təqdim etdiyi stend, xüsusilə yerli abituriyentlər, onların valideynləri və beynəlxalq təhsil nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb. 

Universitet təmsilçiləri İctimaiyyətlə Əlaqələr və Marketinq Mərkəzinin direktoru İsa Muradov və Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı dosent Gülnarə Əsgərəlizadə tərəfindən ziyarətçilər AzMİU-nun təhsil imkanları, qəbul prosesi, ixtisaslar, tələbə həyatı və təqaüd proqramları barədə məlumatlandırılıb.

Sərgi çərçivəsində universitetin təqdim etdiyi materiallar – bukletlər və broşürlər vasitəsilə ziyarətçilərə geniş informasiya təqdim edilib. Memarlıq, dizayn, inşaat mühəndisliyi, şəhərsalma  və ekologiya mühəndisliyi kimi sahələrə maraq göstərən özbək abituriyentlər AzMİU-nun akademik proqramları və beynəlxalq əməkdaşlıq imkanları ilə tanış olub, suallarını universitet təmsilçilərinə ünvanlayıblar. 

Universitetin əməkdaşları sərgi ərzində bir sıra ölkələrin ali təhsil müəssisələrinin təmsilçiləri ilə görüşlər keçirərək gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Sərgiyə Özbəkistanla yanaşı, Rusiya, Türkiyə, Kanada, ABŞ, BƏƏ, Cənubi Koreya və digər ölkələrin tanınmış ali təhsil müəssisələri də qatılıb. Ümumilikdə 100-dən çox universitetin qatıldığı tədbir özbək gənclərinin təhsil və peşə seçimləri ilə bağlı mühüm məlumatlandırma platforması olub.

 

 

 

 


 

Xəbər lenti