Logo

TKTA-da Akkreditasiya komissiyaları ilə görüş keçirilib

28.04.2025 12:08 37 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) 2025-ci ilin aprel-iyun aylarında həyata keçiriləcək "Məktəbəqədər təhsil" proqramı üzrə akkreditasiya qiymətləndirilməsində iştirak edəcək Akkreditasiya komissiyaları ilə görüş təşkil olunub.

TKTA-dan TƏHSİL.BİZ -ə verilən məlumata görə, görüş zamanı TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov çıxış edərək, akkreditasiya prosesinin əsas mahiyyəti, ekspertlərin vəzifə və məsuliyyətləri barədə Komissiya üzvlərinə tövsiyələr verib. O, həmçinin akkreditasiya fəaliyyətlərinin obyektivlik və ədalətlilik prinsipləri əsasında aparılmasının əhəmiyyətini vurğulayıb.

TKTA-nın Akkreditasiya və lisenziya şöbəsinin müdiri Samir Quliyev və Təlim və metodologiya şöbəsinin müdiri Elçin Cəfərov çıxış edərək, qiymətləndirmə proseslərinin səmərəli təşkili, sahə baxışlarının effektiv icrası və yekun hesabatların hazırlanması ilə bağlı öz tövsiyələrini komissiya üzvləri ilə bölüşüblər.

Tədbirdə çıxış edən komissiya üzvləri - ekspertlər TKTA tərəfindən təşkil olunan akkreditasiya proseslərinin şəffaf və nəticəyönümlü icrasından məmnun olduqlarını ifadə edərək, bu istiqamətdə öz fəaliyyətlərinə məsuliyyətlə yanaşacaqlarını bildiriblər.

Qeyd edək ki, cari ilin aprel-iyun aylarında Bakı şəhəri və regionlarda fəaliyyət göstərən yeddi ali təhsil müəssisəsində "Məktəbəqədər təhsil" proqramı üzrə akkreditasiya qiymətləndirilməsi həyata keçiriləcək.

 

 

 

 


 

Xəbər lenti