Bakı Dövlət Universiteti (BDU) ilə Bolqarıstanın Neofit Rilski adına Cənub-Qərb Universiteti arasında elm, tədris və mədəniyyət sahələrində əməkdaşlığın gücləndirilməsinə dair anlaşma memorandumu imzalanıb. Rəsmi imzalanma mərasimi BDU-da keçirilib və tədbirdə hər iki universitetin rəhbər heyəti iştirak edib.
Bu barədə TƏHSİL.BİZ -ə BDU-dan bildirilib. BDU-nun rektoru Elçin Babayev və Cənub-Qərb Universitetinin rektoru Nikolay Marin imzaladıqları memorandum qarşılıqlı hörmət, bərabər hüquqlar, səmimi məsləhətləşmələr və qarşılıqlı fayda prinsipləri əsasında tərəflər arasında elmi və akademik əlaqələrin möhkəmləndirilməsini, birgə fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur.
Memorandum çərçivəsində tərəflər tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi, ortaq elmi tədqiqatların aparılması, birgə konfrans və seminarların təşkili, təhsil proqramlarının hazırlanması və ikili diplom imkanlarının inkişafı istiqamətində əməkdaşlıq edəcəklər. Həmçinin akademik və elmi resursların qarşılıqlı istifadəsi də nəzərdə tutulur.
Tədbir zamanı çıxış edən rektorlar universitetlər arasında əlaqələrin genişlənməsinin vacibliyini vurğulayıblar. Rektor Elçin Babayev qeyd edib ki, Bakı Dövlət Universiteti dünyanın aparıcı elm-tədris mərkəzləri ilə tərəfdaşlıq münasibətlərini genişləndirməkdə qərarlıdır. Rektor Nikolay Marin isə bu əməkdaşlığın hər iki universitet üçün yeni imkanlar yaradacağını və ortaq innovativ təşəbbüslərə zəmin yaradacağını bildirib.
Bu əməkdaşlıq sənədi BDU-nun beynəlxalq tərəfdaşlıq strategiyası çərçivəsində atdığı növbəti mühüm addımdır. Hər iki universitet yaxın gələcəkdə memoranduma əsaslanan konkret layihələrin həyata keçirilməsində qərarlı olduqlarını ifadə edib.