Aprelin 26-da Gəncədə “Çağdaş təhsildə təşkilatlanma: Yeni nəsil tərbiyəsi” adlı forum keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, forum Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin tərəfdaşlığı və “Azərbaycan müəllimi” qəzetinin informasiya dəstəyi ilə baş tutub. Tədbirdə Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin tabeçiliyində olan təhsil sektorlarının müdirləri və 300-dək müəllim, eyni zamanda, Qarabağ Unversitetinin bir qrup müəllimi iştirak edib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Forumda tədrisin məzmunu, idarəetmə, təşkilatlanma, yeni nəsil şagirdlərin yetişdirilməsi və məktəb-valideyn əlaqələrinin gücləndirilməsi kimi mühüm məsələlər müzakirə olunub.
Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsini icra edən Elmin Məmmədtağıyev deyib ki, çağdaş nəsildə təşkilatlanma dedikdə, yalnız təhsil müsəssisəsinin idarətetməsinin təşkilatlanması və təkmilləşdirilməsini deyil, eyni zamanda, orada təhsilin məzmunu, müasir yanaşma, dəyərlər və metodları görmək olar.
O bildirib ki, hazırkı dövrün müəllim və valideynlərinin əksəriyyəti keçid dövrünü yaşayanlardır. Buna görə yeni dövrün müəllimləri keçid mərhələsinin çətinliklərinə bələd olmaqla yanaşı, müasir dövrün tələblərini də dərindən anlayır və şagirdlərə yüksək səviyyədə bilik, bacarıqlar qazandırmaq öhdəliyini yerinə yetirmək üçün səy göstərirlər.
Elmin Məmmədtağıyev çıxışında forumda qeyd olunan mövzunun təhsilin inkişaf aspekti istiqamətində olduqca vacib olduğunu, çağdaş təhsildə təşkilatlanmanın əhəmiyyətini vurğulayaraq gənc müəllimlərin təkmilləşməsi istiqamətində AGMA-nın fəaliyyətini yüksək qiymətləndirib.
“Valideynlərlə əməkdaşlığın gücləndirilməsi, məktəb və ev arasında birgə tələb və vərdişlərin formalaşdırılması vacib amildir”, - deyən qurum təmsilçisi məktəblərdə PISA qiymətləndirmə modelinə maraq göstərən müəssisələrin nəticələrinin daha yüksək olduğunu açıqlayıb.
O, çıxışında məktəb direktorlarının vəzifələrinə də diqqət çəkərək “onlar artıq sadəcə inzibati idarəçilər deyil, həm də təlim liderləri olmalıdırlar”,- deyərək Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə direktorlar üçün keçirilən təlimlərdən danışıb.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova ölkə üzrə ikinci dəfə Gəncə şəhərində təşkil olunan və silsilə xarakter daşıyan forumun əhəmiyyətindən bəhs edib. O, fevral ayından “Azərbaycan müəllimi” qəzetində fəaliyyətə başlayan “Çağdaş nəsildə təşkilatlanma: yeni nəsil” adlı rubrikanın əhəmiyyətindən danışıb.
“Bu rubrika müəllimlərə fikirlərini və təcrübələrini daha geniş auditoriyaya çatdırmağa imkan verir. Yazılar yeni nəslin tərbiyəsinə köklənib. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” haqqında qərarın 8-ci bəndinə uyğun olaraq şagirdlərdə səriştələrin və dəyərlərin formalaşdırılmasına əsaslanır”.
Pərvinə Qədimova şagirdlərə yalnız bilik ötürmək yox, eyni zamanda, sosial məsuliyyəti, vətəndaş mövqeyini formalaşdırmağı, mədəni müxtəlifliyə, insan hüquqlarına hörməti aşılamağın vacibliyini vurğulayıb.
“Bugünkü şagirdlərə yalnız informasiya ötürmək kifayət etmir, onları informasiyanı emal etməyə, düşünməyə öyrətmək vacibdir”. Bu sözləri isə çıxışında Azərbaycan Psixologiya Akademiyasının direktoru, həkim-psixiatr Ramil Hüseynzadə deyib. O, yeni nəsil şagirdlərin formalaşmasında ailə, məktəb və sosial şəbəkələrin birgə rolunu xüsusi qeyd edib.
Son dövrlərdə şagirdlər arasında depressiv və intihar hallarının artmasının səbəblərindən danışan həkim-psixiatr “müasir cəmiyyətdə performans göstərənlər uğurlu, performans göstərə bilməyənlər isə uğursuz sayılır. Özünü uğursuz hesab edənlər depressiyaya düşürlər, onlar təkcə canlarına qəsd etmirlər, şəxsiyyətlərini də öldürürlər. Ona görə də onlara yalnız elm aşılamalı deyilik, çünki onlar informasiyanı internetdən də ala bilərlər, analiz edib nəticələr çıxarmağı da öyrətməliyik”,- deyib.
O, müasir cəmiyyəti, gələcəyin mental sağlam vətəndaşlarını virtual yox, real həyat üçün yetişdirməyin vacib olduğunu bildirib: “Yeni nəsil performans cəmiyyətinə uyğun, milli dəyərlərə hörmətlə tərbiyələndirilməlidir”.
Ramil Hüseynzadə sosial şəbəkələrin gənc nəsil üzərindəki təsirindən də bəhs edərək bildirib ki, virtual həyatda yaşayan uşaq heç vaxt normal ola bilməz.
Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin Məktəbəqədər təhsil üzrə layihələr şöbəsinin müdiri Orxan Cəfərov çağdaş təhsil sistemində məktəbəqədər dövrün rolundan bəhs edərək yeni nəsil tərbiyəsinin əsasının erkən yaşda qoyulduğunu, bu dövrdə formalaşan dəyərlərin gələcəyin cəmiyyətinə yön verdiyini söyləyib.
“Məktəbəqədər təhsil təkcə tədris yox, şəxsiyyətin formalaşmasıdır. Bu işdə valideyn-məktəb əməkdaşlığı çox vacibdir”, - deyərək valideynlərin rolunun əhəmiyyətini vurğulayıb.
Daha sonra Prezident mükafatçısı Elnur Həsənov gələcəyin qurulmasında müəllimlərin rolunun əvəzolunmaz olduğunu bildirib.
Rəsmi hissədən sonra bədii hissədə Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Azərin" rəqs qrupu rəqs ifa edib.
Forum panel müzakirə ilə işini davam etdirib.
AGMA-nın sədr müavini, Gəncə şəhəri İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Səltənət Qurbanovanın moderator olduğu panel müzakirədə spikerlər Samux rayon Qarayeri qəsəbə 1 nömrəli məktəb - liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi, Əməkdar müəllim Göyçək Namazova, Göygöl rayon Texniki və təbiət fənləri təmayüllü liseyin direktoru Zəhra Zeynalova, Gəncə şəhəri Ş.İ.Xətai adına 13 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Günel Hacıyeva müəllimlərin öz şəxsi nümunələri ilə şagirdlərinə dəyər aşılamaları, məktəbdə dəyər yönümlü təhsilin əsası, şagirdlərdə vətənpərvərlik, dürüstlük, əməksevərlik kimi əsas dəyərlərin inkişafı, dəyərlərin formalaşmasında sosial mühitin əhəmiyyəti və digər mövzularda çıxış ediblər.
Panel müzakirədə aktiv iştirak edən Qarabağ Universitetinin müəllim heyəti yeni nəslin tərbiyələndirilməsi ilə bağlı pedaqoji təcrübəsini bölüşüb.
Forum çərçivəsində gənc müəllimlər fikirlərini və təcrübələrini paylaşmaq imkanı qazanıb, eyni zamanda, müasir pedaqoji yanaşmalarla yaxından tanış olublar. Tədbirin sonunda forum iştirakçıları xatirə şəkilləri çəkdiriblər.