Sudan vətəndaşı Ayman Xalid Bakı Mühəndislik Universitetində (BMU) “Biznesin idarə edilməsi” ixtisası üzrə təhsil alır.
BMU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, əcnəbi tələbə Azərbaycanı çox sevir. O, ölkəmizdə təhsil almaqdan məmnun olduğunu və burada tələbə olmağın onun üçün unudulmaz bir səyahətə çevrildiyini deyir: “Azərbaycan haqqında eşitdiyim bütün gözəl sözlərin və həqiqətlərin doğruluğunu burada oxuduqca, yaşadıqca əyani şəkildə gördüm və buna çox sevindim”.
BMU-nu seçmə səbəbindən danışan Ayman Xalid qeyd edir ki, burada yüksək keyfiyyətli təhsil verilir, müəllimlər isə yalnız bilikli deyil, həm də qayğıkeşdirlər və tələbələri dəstəkləyirlər: “Belə olanda biz doğrudan da böyük bir ailə kimi oluruq. Müəllimlərimizin əlçatanlığını və yardımsevərliyini yüksək qiymətləndirirəm. Bu, mənim öyrənmə prosesimi daha maraqlı və mənalı edir”.
BMU-da yaxşı dostlar qazandığını söyləyən sudanlı tələbə onların mehribanlığı, səmimiyyəti və qonaqpərvərliyi sayəsində özünü doğma evindəki kimi hiss etdiyini bildirir.
Boş vaxtlarında voleybol oynayan Ayman Xalid Azərbaycan dilini öyrənməyə də böyük həvəs göstərir: “Artıq bir neçə əsas ifadəni öyrənmişəm. Məsələn: “Salam”, “Necəsən?”, “Təşəkkür edirəm”, “Problem yoxdur” və s. Bu, çox əyləncəlidir və dili öyrənməklə mədəniyyəti kəşf etmək xüsusi zövq verir”.
Ayman Xalid arzuladığı təhsili BMU-da ala bildiyi üçün minnətdarlığını ifadə edir və ölkəmizdə qarşısına çıxacaq gələcək imkanları səbirsizliklə gözlədiyini vurğulayır.