“Biz beynəlxalq standartlar əsasında qiymətləndirmə aparmaqla Azərbaycanda təhsil və dövlət idarəetməsi xidmətlərinin keyfiyyətinin artırılmasına töhfə veririk”.
TƏHSİL.BİZ xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu qurumla Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimində deyib.
Məleykə Abbaszadə DİM tərəfindən həyata keçirilən işlər haqqında danışıb: “Bizim sistem bütün növ imtahanlar üçün xüsusi olaraq yaradılmış avadanlıq, proqram təminatı və metodologiyanı özündə birləşdirən dəqiq işləyən mexanizmdir. Uzun illərdir tətbiq olunan və bütün imtahan prosesini avtomatlaşdırmağa imkan verən açıq sosio-texniki sistemin əsas mahiyyəti ondan ibarətdir ki, qərar qəbul edən şəxs yalnız texnoloji, metodiki və texniki cəhətdən bu imkana malik olsun və onun qərarı konkret şəxsin nəticəsinə təsir göstərə bilməsin. Həmçinin kütləvi proseslərin idarə olunması zamanı qərarların qəbulu prosesi sistematik və ardıcıl qaydalar – alqoritmlər vasitəsilə həyata keçirilir. Biz beynəlxalq standartlar əsasında qiymətləndirmə aparmaqla Azərbaycanda təhsil və dövlət idarəetməsi xidmətlərinin keyfiyyətinin artırılmasına töhfə veririk”.
Dövlət İmtahan Mərkəzinin ölkəmizdə informasiya kommunikasiya texnologiyalarını kütləvi proseslərin idarə olunmasına tətbiq edən ilk dövlət qurumu olduğunu xatırladan sədr imtahan prosesinin əksər mərhələlərinin avtomatlaşdırılmasına nail olunduğunu söyləyib. O əlavə edib ki, DİM-in elektron imtahanlar korpusunun istifadəyə verilməsi biliyin qiymətləndirilməsi prosesinin rəqəmsallaşdırılması istiqamətində atılan ilk addım kimi qiymətləndirilib. Orada yaradılan innovativ platforma, xüsusi proqram təminatı və texnoloji infrastruktur vasitəsilə binadan kənarda da bütün ölkə üzrə elektron imtahanların keçirilməsinə imkan yaradılır.