AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin aparıcı elmi işçiləri - dosent Rəna Rzayeva və filologiya üzrə fəlsəfə doktoru Aybəniz Həsənova Türkiyənin Beyşehir şəhərində keçirilən Əl-Fərabi 14-cü Beynəlxalq Elmi Araşdırmalar və İnnovasiyalar Konfransında onlayn iştirak ediblər.
İnstitutdan TƏHSİL.BİZ-ə bildirilib ki, Rəna Rzayeva konfransda “Azərbaycanda sufilik” mövzusunda məruzə edib. Məruzəçi Azərbaycanda İslamın yayılması və bu prosesdə sufiliyin müstəsna xidmətlərindən bəhs edib. O bildirib ki, orta əsrlər Azərbaycan fəlsəfə tarixinin hələ də lazımınca öyrənilməmiş problemlərindən biri ictimai fikir tarixində İslamın rolu məsələsidir. R.Rzayeva qeyd edib ki, Azərbaycan hələ İslamın ilk dövrlərində (641–643) müsəlmanlar tərəfindən fəth edilib və islamiyyət bu ərazidə yaşayanlar tərəfindən zaman keçdikcə din olaraq qəbul edilib. Bu coğrafi ərazidə yaşayan xalqın müsəlman olmasına ən böyük təsir göstərənlər, şübhəsiz ki, sufilər olublar. Onların xoş məramlı İslam anlayışları insanların könlünə təsir edib və İslamın qəbulunu sürətləndirib. Sufilik Azərbaycan ədəbiyyatında əsaslı surətdə iz buraxan fikir cərəyanlarından biri olub.
Məruzədə bildirilib ki, sovet dönəmində bütün dini təlimlər kölgədə qaldığı kimi, təsəvvüf də diqqətdən kənarda qalmışdı. Müstəqillik dövründə təsəvvüfə xüsusi diqqət yetirilib və bu təlim dərindən öyrənilib araşdırılmağa başlanıb. Şübhəsiz ki, bu hələ görüləsi işlərin ancaq başlanğıcı adlandırıla bilər.
Aybəniz Həsənova “Gilan ostanının toponimləri” mövzusunda məruzə edib. O bildirib ki, İranın 31 ostanından biri olan Gilanın mərkəzi Rəşt, ən mühüm limanı Bəndər Ənzəlidir. Əhalisi mazandaranlılar, azərbaycanlılar, farslar, talışlar və tatlardan ibarət olan Gilan vilayəti 16 şəhər, 16 bəxş və 33 mahala bölünür. Məruzəçi qeyd edib ki, Azərbaycan türkləri Astara bölgəsi, Məncil, Lövşan, Həviq, Çubər, Lisar və Həştpər şəhərlərində üstünlük təşkil etməklə, ostanın başqa bölgələrində də yaşamaqdadırlar. Azərbaycan türkləri, talışlar, tatlar və kürdlər etnik ərazi areallarına malikdirlər, yəni kompakt halda həm kəndlərdə, həm də şəhərlərdə məskunlaşıblar. Nəticədə Gilanda türklərin çoxluq təşkil etdiyi məlum olur.