Logo

ABŞ-də təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə tədbir təşkil edilib

29.04.2025 14:13 95 baxış
IMG

Aprelin 26-da Amerika Birləşmiş Ştatlarının Viskonsin-Madison Universitetində təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə yaradılmış Azərbaycan Tələbə Assosiasiyası (AZSA) tərəfindən "Mədəniyyətlərarası körpü: Azərbaycandan Amerikaya" adlı tədbir təşkil olunub.

TƏHSİL.BİZ xəbər verir ki, tədbirin əsas məqsədi Azərbaycanın zəngin mədəni irsini, adət-ənənələrini və milli dəyərlərini geniş auditoriyaya tanıtmaq və müxtəlif mədəniyyətlər arasında körpü yaratmaq olub. Tədbirdə universitetin professor-müəllim heyəti, Viskonsin və İllinoys ştatlarında yaşayan Azərbaycan icmasının üzvləri də daxil olmaqla, 100-dən çox iştirakçı bir araya gəlib. Qonaqlar Azərbaycan musiqisi, rəqsləri və sənət nümunələri ilə tanış olub, maarifləndirici videolar izləyiblər.

Tədbirin açılış nitqini edən AZSA-nın rəhbəri İbrahim Əhmədli, Viskonsin ştatında Azərbaycanın təmsil olunmasının əhəmiyyətindən danışıb və tələbə birliyinin bu istiqamətdə gördüyü işləri diqqətə çatdırıb.

Daha sonra AZSA-nın nümayəndəsi Eltac Sadıqova müsahibəsində belə tədbirlərin Azərbaycan ruhunu dünyaya tanıtmaq baxımından önəmli olduğunu vurğulayıb və gələcəkdə də oxşar layihələrin həyata keçirilməsinin planlaşdırıldığını bildirib.

Tədbirdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Zaur Salmanov da çıxış edərək komitənin xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və mədəniyyətimizin tanıdılması istiqamətində gördüyü işlər haqqında geniş məlumat verib.

Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyinin nümayəndəsi Toğrul Əliyev də tədbirdə iştirak edərək, Azərbaycan mədəniyyətinin tanıdılması və bu cür təşəbbüslərin ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfədən danışıb.

Tədbir çərçivəsində təşkil edilən xüsusi Azərbaycan guşəsi də iştirakçıların böyük marağına səbəb olub. Guşədə milli geyimlər, sənət nümunələri, suvenirlər və Azərbaycanın zəngin mədəniyyəti haqqında məlumatlar nümayiş etdirilib.

Proqramın xüsusi məqamlarından biri də AZSA üzvlərinin Üzeyir Hacıbəyovun "Arşın Mal Alan" operettasından bir səhnəni ingilis dilində səhnələşdirərək təqdim etməsi olub. Bu təqdimat qonaqlar tərəfindən alqışlarla qarşılanıb. Həmçinin iştirakçılar üçün interaktiv oyunlar da təşkil olunaraq tədbirə əlavə rəng qatılıb.

Tədbir iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb, Azərbaycan mədəniyyətinin zənginliyi və müxtəlifliyi bir daha nümayiş etdirilib.

 

 

 

 

Xəbər lenti